Biz Sovet tanklarının üstünə yeriyən xalq deyilikmi?
Əslində, bu yazı 19 oktyabr mitinqinə bir çağırış olaraq yazılıb. Aşağıdakı bütün suallar da o mitinqin uğuruna işıq tutmaq üçün qoyulub. Düşünmək, dəyərləndirmək və özümüzə gəlmək üçün ünvanlanıb o suallar hər birimizə. Biz nədən 26 il bu ölkədə totalitar bir rejimin hakimiyyətdə qalmasına imkan verdik? Nədən ötən əsrin əvvəllərində demokratik cümhuriyyət qurmuş kişilərin nəvələri bir əsr sonra belə bir despot rejimin əsirinə çevrildik? Nədən qurtula bilmirik bu asılılıqdan, nədən kütlə olmaqdan çıxıb xalqa çevrilməyimiz belə ağrılı və çətin gedir? 88-ci ildə Topxana meşəsinin qırılan ağaclarına görə meydana çıxan milyonlar deyilikmi? 90-cı ildə azadlığımız üçün qocalı-cavanlı rus tanklarının üstünə yeriyən insanlar deyilikmi? Nədən yorulduq, tükəndik, çəkildik mübarizə meydanından kənara? Ayağa qalxmaq, dikəlmək, insan kimi yaşamaq haqqımızı tələb etməyin zamanı deyilmi? Nə qədər sürəcək bu susqunluq və könüllü köləlik vərdişi? Baxın, fransız mütəfəkkiri Etiyen de lə Böysi əsrlər öncə sanki bizim bu günümüzü yazıb: “… Könüllü köləliyin başda duran səbəbi vərdişdir. Həmin vərdiş ki, atları əvvələn yüyəni gəmirməyə, sonradan onunla oynayıb əylənməyə vadar edir; əvvələn qoşqu yəhərindən dartınıb qurtulmağa çalışır, sonralar sanki yəhər altında səssizcə nazlanırlar. İnsanlar söyləyir ki, onlar həmişə təbəə olmuşlar, dədə-babadan belədirlər. İtaətə boyun əyməyin vacibliyini düşünür, yaxud özlərini buna inanmağa sövq edirlər. Ta qədimdən bu yolla gəlmişik deyib, tiranın zülmünə haqq qazandırırlar. Könüllü köləliyin başlıca səbəbi – insanların bu vəziyyətdə doğulub tərbiyə olunması – ikinci bir səbəbin qaynağına çevrilir. Belə ki, tiranların hakimiyyəti altında insanlar qorxaq, məzlum və rəzil kütləyə çevrilirlər. Əksər tiranlar öz hakimiyyətini bərkitmək üçün baş işlətmək əvəzinə çox mürtəce bir üsula əl atır, ölkədə bir nəfər də olsa ləyaqətli insanın qalmamasına çalışırlar…”
26 illik diktaturanın xalqı kölələşdirmək siyasəti
On illərdir xalqa bu könülü köləlik psixologiyasını aşılayan mürtəce bir rejimin əsarətindəyik. On illərdir bu rejim xalqı kütlə şəklində saxlamaq, əzmək, ram etmək üçün əlindən gələni edir. Öz çirkin məqsədinə çatmaq üçün on illərdir milyonlar xərcləyir bu saxta, despot rejim. On illərdir bu eybəcər sistemin texnoloqları bütün azad sözlü fərdləri, azad medianı, ictimai-siyasi təşkilatları, qurumları, sənətçiləri, yazarları əzib, satın alıb öz kuklasına çevirmək üçün dəridən-qabıqdan çıxır. Çevrədə bir nəfər də olsa, ləyaqətli insanın qalmaması üçün nələr etmədilər onlar! Bacardılarmı? Şübhəsiz ki, bacarmadılar. Bu ölkəni feodal beyinlərinin formasına uyğunlaşdırıb Şimali Koreyaya çevirə bilmədilər. Minlərlə cəsur insan həyatı bahasına dirəniş göstərib poza bildi o iyrənc planı. Amma cəmiyyəti bacardıqları qədər əzdilər, qorxutdular, sındırdılar. Minlərlə insanı susdurmağı, beynini yumağı, acizləşdirməyi bacardılar. Çox sayda insanı trollaşdırıb öz xəstə təfəkkürlərinin təbliğatçısına çevirməyə nail oldular. Əzib sındıra bilmədikləri insanları da ələ aldıqları minlərin içində əridib, “biz elə buyuq” görüntüsünü yaratmağa çalışdılar illərlə. Tankın qarşısına çıxan insanları polis dəyənəyindən qorxanlar kimi, ölkənin üzdə olanlarını Toliklər, Bayram Nurlular kimi təqdim etməyə çalışdılar. Axı sən onlardan ibarət deyilsən, Azərbaycan xalqı! Axı sən bu rejimin təbəəsi deyilsən. Axı sən könüllü köləliyə boyun əyən kütlə adını haqq etmirsən. Axı sən dəfələrlə böyük tarix yazmış xalqsan. Bir çağırışda yüz minlərlə meydana axın edən həmin xalqsan, axı sən!
19 oktyabr böyük xalq günü olsun!
Bu yazını 19 oktyabr mitinqinə çağırış olaraq qəbul edin. İçinizdəki xofdan, asılılıqdan xilas olmağın zamanıdır. Qaranlıq divarların arasından işığa çıxmağın zamanıdır. Köləliyə, aşağılanmağa, əzilməyə üsyan etməyin vaxtıdır. Meydanlarda yüz minlər olmağın günü yetişib. O gün bu gündür. O gün 19 oktyabr günüdür. Haqqın olanı almaq üçün ayağa qalx! Qorxu əsarətindən qurtulmaq üçün mitinq meydanına gəl! Biz orda yüz minləri birdən hayqıran xalqın səsi olacağıq, biz orda çoxluq olacağıq və o zaman səsimizi hər kəs eşidəcək. Buna əmin ol, Azərbaycan insanı. Sən o mürtəce, oğru, talançı, harın rejimin köləsi deyilsən. Ayağa qalx, azadlıq haqqına sahib çıx! 19 oktyabr saat 15.00-da meydanda görüşərik!