Böyük qələm sahibi Əliqulu Qəmküsar
“Molla Nəsrəddin” jurnalının istedadlı qələm sahibləri arasında Əliqulu Qəmküsarın özünəməxsus yeri var. O, uzun illər Mirzə Cəlil ilə çiyin-çiyinə çalışmış, jurnalın ikinci redaktoru olmuş, xalqın mədəni inkişafında böyük xidmətlər göstərmişdir. O, yazıları ilə “Molla Nəsrəddin”, “Yeni Füyuzat”, “Həyat”, “Irşad”, “Sədayi-həqq”, “Al bayraq”, “Gələcək” və s. qəzet və jurnallarda çıxış etmişdir. Əsərləri “Otaylı”, “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy”, “Qəmküsar” və başqa imzalarla nəşr edilmişdir.
Əliqulu Nəcəfov Qəmküsar 1880-cı il may ayının 24-də Naxçıvanda anadan olmuşdur. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq etmişdir. Ana babası Məşədi Əsəd “Məddah” təxəllüsü ilə şeir yazmışdır. Əmisi “Fani” təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın qüvvətli şairlərindən sayılmışdır.
Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənmişdir. Hələ məktəbdə ikən şeir yazmağa başlamış, 1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olmuş, il yarım orada oxumuşdur. 1896-cı ilin əvvəlində onun xəstə atası müalicə üçün Təbrizə gedir və Qəmküsarı da təhsildən ayırıb özü ilə aparır. Dörd ay Təbrizdə qaldıqdan sonra atası vəfat edir. Ağır külfətin qayğısı üzərinə düşdüyündən Qəmküsar dərsə davam edə bilmir.
1912-ci ilin axırına qədər Culfada və bəzən Naxçıvanda yaşayır. “Molla Nəsrəddin” və başqa Bakı qəzet və jurnallarına şeir və məqalələr yazır. 1907-1909-cu illərdə Iran inqilabı ilə yaxından maraqlanır, bu mövzuda şeirlər çap etdirir. 1912-ci ilin oktyabr ayında Qəmküsar Tiflisə köçür və Mirzə Cəlil ilə birlikdə “Molla Nəsrəddin” jurnalının nəşrində yaxından iştirak etməyə başlayır.
1916-cı ilin may ayında jurnal müvəqqəti olaraq dayandırılır. Qəmküsar Mirzə Cəlil ilə birlikdə səyahətə çıxır. Onlar “Ölülər” komediyasını səyahətdən əvvəl Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərində oynayırlar. Qəmküsarın “Ölülər”də Şeyx Nəsrullah rolunu böyük bir məharətlə oynaması məşhurdur. 1917-ci ilin axırında Tifiisdə çıxan “Al bayraq”, sonra “Gələcək” qəzetlərində şeir və felyetonlar çap etdirir.
Xain gülləsinin qurbanı
Ə.Qəmküsar 1919-cu ildə, martın 4-də axşam evinə qayıdarkən menşeviklər tərəfəndən öldürülmüş və Tiflisdə dəfn edilmişdir.
Əliqulu Qəmküsarın yeganə yadigarı olan qızı Qəmər xanım Salamzadənin yaddaşında atası ilə bağlı acılı-şirinli zəngin xatirələr qalmışdır. Xatirələrin bir qismi onun məstəqilliyin ilk illərində çap edilən “Kiçik pəncərədən görünən dünya” kitabında toplanmışdır.
Atası həyatla vidalaşanda Qəmər xanımın 11-12 yaşı olub. Bu illər Qəmküsarın ədəbi-ictimai fəaliyyətinin ən qızğın illəri idi və bu baxımdan Qəmər xanımın xatirələri Əliqulu Qəmküsarın ədəbi-ictimai fəaliyyətinin ən qaynar dövrü barədə etibarlı materiallarla zəngindir.
Vaxtilə müasirləri də Qəmküsarın şəxsi keyfiyyətləri barədə maraqlı məlumatlar vermişlər. Ə.Haqverdiyev yazırdı: “Qəmküsar gözəl natiq, şirinzəban, dərin fikirli, geniş məlumat sahibi və insanı təəccübə gətirən hafizəli bir vücud idi”. Qəmər xanımın yazdıqlarından aydın olur ki, Qəmküsar bir çox şairlərin, o cümlədən Sədinin, Hafizin yaradıcılığını əzbər bilirmiş. Böyük aktyorlar nəslinin yetişmədiyi, tək-tək parlaq ulduzların vərəmlədiyi bir dövrdə Qəmküsar kimi ziyalılar şairlik, jurnalistlik fəaliyyəti ilə yanaşı, ictimai eybəcərliklərin ifşası üçün bir aktyor kimi də qrimlənməli olurdular. Qəmküsar Şeyx Nəsrullah rolunu böyük məharət və ustalıqla yaradırmış. Hələ “Ölülər”də baş rolda çıxış etməzdən çox-çox əvvəl ailədə, yaxın dostlar, yoldaşlar arasında Şeyxin “Necə təam? Necə cücə-plov?” sözlərini ləzzətlə ifa edərmiş. Ərəb, fars dillərini mükəmməl bildiyindən Şeyx Nəsrullahın bir obraz kimi dolğunlaşmasında onun böyük rolu olub. Əliqulu Qəmküsar satirik şeirləri, felyetonları ilə avamlığı, fanatizmi, ictimai zülm və ədalətsizliyi ifşa etmiş, dəfələrlə polis təqiblərinə, təhdidlərə məruz qalmışdır.
Qəmər xanım atasının “Molla Nəsrəddin”də cəsarətlə mübarizəsini, 1913-cü ildən jurnalın ikinci redaktoru və naşiri kimi necə böyük qüvvə ilə işlədiyini xatırlayır. Əliqulu Qəmküsarın az vaxtda iki dəfə həbs olunması, Metex qalasına salınması onu yolundan döndərə bilmir. Elə buna görə də Ə.Haqverdiyev Qəmküsarın ölümünə acı təəssüfünü belə ifadə etmişdir: “Əliqulu Nəcəfzadəyə dəyən güllə ”Molla Nəsrəddin” məcmuəsinin ürəyinə dəydi”.
“Heç görübsünüzmü ki, olsun kəlləyə qurddan çoban?”
Əliqulu Qəmküsar 14 yaşında ikən Təbrizdə yazdığı “Qurtarmadımı bu ağlamağın axırı, yarəb?” şeirindən başlayaraq, son nəfəsinə qədər zəhmətkeş insanların mənafeyini müdafiə etmiş, tərkibində kasıb, yoxsul nümayəndələri olmayan dövlət kabinəsini pisləmişdir:
Bu qədər ifadələnmə, sənə yoxdu bab, varlı,
Füqəranı, bəsdir, az soy, elə ictinab, varlı.
Və ya:
Heç görübsünüzmü ki, olsun kəlləyə qurtdan çoban?
Bir nəfər xalis rəiyyət kabinədə yoxdur, inan.
Qəmər xanımın xatirələrindən görünür ki, vaxtilə Qəmküsara atılan qəfil güllədə də erməni barmağı olub. Qəmər xanım öz yaddaşını vərəqləyərək, Qəmküsarın Culfada, Naxçıvan və Tiflisdə yaşadığı illərin ab-havası, bu ailənin dostları və tanışları – Azərbaycan ziyalılarının böyük bir nəsli ilə bizi tanış edir. Vurğunu olduğu və zəhmətini yarı böldüyü Mirzə Cəlil, gur və qıvrım saçlarına görə ailədə “Britaniya şiri” adlandırdıqları Əbdürrəhim bəy, Ağa Zeynal Məmmədov Gəncəvi, Ömər Faiq, Eynalı bəy, Nəriman, Üzeyir, Cavid, Əli Səbri, Bəhruz və başqaları – dövrün tanınmış şair, jurnalist, bəstəkar və rəssamları bu ailənin yaxın dostlarıdır. Bunların hər biri haqqında Qəmər xanım belə yazır: “O illər atam Ömər Faiq ilə çox yaxın idi: demək olar ki, hər axşam stolun üstünə buğlana-buğlana qoyulan samovarın ətrafında Faiq əfəndinin xüsusi yeri vardı”-
Qəmər xanım göstərir ki, Sabirin:
Görürsənmi bizim Hacı Pirini,
Paylamayır ətin üçdən birini.
Qonşu sorur barmağının kirini,
Hacı yeyir Xəlilullah eşqinə,
Yatır, şişir, köpür, allah eşqinə –
misraları ilə tənqid etdiyi Hacı Piri onun ana babası Hacı Piri Novruzovdur: “Nənəm dedi: ”Bala! Sənin baban Hacı Piri olduqca əli bərk, xəsis adamdır, canından keçər, amma malından keçməz” Sabir də onun haqqında belə bir şeir yazmışdı”.
Qəmər xanımın xatirələrində Qəmküsarın qardaşı Rzaqulu Nəcəfovun “Yeni fikir” qəzetinin redaktoru, Demokratik Respublikanın Tiflis konsulu kimi gördüyü işlər, zəngin ictimai-siyasi fəaliyyəti, xalqın gələcəyi uğrunda mübarizədə əməkdaşlıq etdiyi işıqlı insanlar – N.Nərimanov, B.Talıblı, I.Əbilov, Bülbül, Ə.Şərif, S.Şuşinski və başqaları barədə də maraqlı faktlar var.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir