ABŞ prezidenti Barak Obama yeni iş yeri açmaq uğrunda çabalara başlayıb. Bugünlərdə Çinlə xarici ticarət dövriyyəsini 100 milyarddan 150 milyarda qaldırmaq haqda müqavilə imzalayıb, paralel olaraq Yaponiya və Avropa ölkələri ilə iqtisadi münasibətləri genişləndirir ki, cəmi-cümlətani 235 min iş yeri aça bilsin.
O boyda ölkənin o yekəlikdə prezidentinin apardığı siyasətə, iqtisadi reformalara baxın! Adamı lap gülmək tutur: Obama yeni iş yerləri açmaq üçün təkcə Çinlə ticarət dövriyyəsini 50 milyard artırmaq istəyir. Niyə? Iş yeri açmaq üçün xarici ticarəti artırmağa ehtiyac var?
Azərbaycanın hakim iqtisadçıları dünyaya sübut etdilər ki, ehtiyac yoxdur. Məsələn, qlobal iqtisadi krizis ölkəmizdən yan keçsə də, bir balaca tükümüzə toxundu və 2009-cu ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 4-cə dəfə azalaraq 53 milyarddan 18 milyarda yuvarlandı. Dərhal “əlahiddə” tədbirlərin görülməsi – neft ixracının 50 faizə qədər artırılması yönündə aparılan uğurlu siyasət nəticəsində 2010-cu ilin 11 ayı ərzində bu rəqəm çox sürətlə qalxdı və 2008-ci ilə nisbətən xeyli aşağı olsa da, yenə də şükür, 25 milyarda çatdı.
Doğrudur, Amerikanın bircə ölkəylə apardığı ticarətin 1/6-ni biz 141 ölkəylə aparırıq və bu 141 ölkəylə 25 milyardlıq ticarətimizin 80 faizindən çoxu ixracın payına düşür ki, ixrac etdiyimiz malların da 87 faizi xam neftdir. Amma noolsun? Ortada “müsbət saldo” bizim xeyrimizədir. Yəni var olsun nöyütümüz ki, onun sayəsində 2 dəfədən də çox azalan ticarət dövriyyəmizin “müsbət saldosu” 77 faizi ötür! Və “saldonun” xeyrimizə olmasından istifadə edib yeni iş yerlərinin açılması istiqamətində şanlı siyasəti davam etdiririk.
Rəqəmlərə baxın:
Rəsmi məlumata görə, ticari dövriyyəmizin 4 dəfə düşdüyü 2009 və 2,2 dəfə endiyi 2010-cu ilin 11 ayı ərzində – cəmi 23 ayda ölkə üzrə 129 min 596 iş yeri açılıb ki, bunun da 95 min 547-si daimidir.
Dünyada baş verən iqtisadi krizis və ölkənin ticarət dövriyyəsinin azalması fonunda 100 minə yaxın daimi (!) iş yerini kim yarada bilər?
Əlbəttə ki “Inkişafın Azərbaycan modeli”!
Gəl də, Obama, gəl, öyrən, gör iş yerlərini nə təhər açırlar! Yoxsa başlayıb ki, iqtisadi əlaqələri genişləndirmədən iş yeri açmaq olmaz!
Görün adam nə qədər savadsızdır! A kişi, nəinki iqtisadi əlaqələrin zəifləməsi, ticarət dövriyyəsinin azalması, hətta dünyanın ən nüfuzlu ölkələrilə siyasi münasibətlərin pis günə qoyulması, bir gün Amerika, sabahısı Iranla vuruşa-vuruşa da iş yerləri açmaq olur!
Hələ Ilham müəllimin resursları o qədər də böyük deyil: ölkənin cəmi 9 milyon əhalisi var ki, onun da 2,5 milyonu gül kimi Vətəndə açılan çiçək kimi iş yerlərini qoyub Rusiyaya gəzməyə, keyf eləməyə gediblər; 86,6 min kv.km ərazisi var ki, onun da 20 faizini mənfur ermənilər işğal edib; vur-tut 12 milyardlıq büdcəsi və 25 milyardlıq xarici ticarət dövriyyəsi var ki, onun da 80 faizi nöyütün əlindədir. Bütün bunlara rəğmən cənabımız 8 ilə 900 min iş yeri açıb.
Bəs, Barak müəllim?! 10 milyon kv.km-ə yaxın ərazi, dünyanın yarısını tutub, qalan yarısına iddia edən milli şirkətləri, 250 milyon əhalisi, bir neçə trilyon büdcəsi var, əvəzində 2 illlik prezidentliyi dövründə 235 mincəcik iş yeri aça bilmir!
Belə bacarıqsızlıqlarıdır ki, Bəxtiyar Sadıqov onları tənqid edir də…