Ramiz Həsənov: «Donuz piyi vurulmursa, həmin məhsul standarta uyğun hesab olunmur»
QMI rəsmisi: «Yalnız 2 şirkət donuz piyi əvəzinə toyuq dərisi və dəniz yosunlarından istifadə edir»
Elşad Miri: «Bütün dünyada qəbul edilən «halal» sertifikatı hələ ki, Malayziyada və Sinqapurda var»
Azərbaycan da daxil olmaqla bir sıra islam ölkələri yeyinti sahəsində “halal” standartının tətbiqi üzərində işləyir. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov məlumat verib(APA).
“Bu gün ”Halal” standartı yoxdur. Müsəlman ölkələr belə bir standartın yaradılması üzərində işləsələr də, hələ ki yekun nəticəyə gələ bilmirlər. Ona görə də, belə bir standart qəbul olunmayıb”, – deyə komitə sədri vurğulayıb.
R.Həsənovun sözlərinə görə, rəsmən “halal” standartı yoxdursa, məhsulun üzərində belə bir standarta uyğun istehsal edilməsi barədə qeydin qoyulması doğru deyil: “Kolbasa və ya sosis üçün müəyyən edilmiş standart şərtlərində göstərilir ki, bu məhsula donuz piyi vurulmalıdır. Əgər bu vurulmursa, o zaman həmin məhsul standarta uyğun hesab olunmur. O zaman da həmin məhsulun buraxılmasına biz imkan vermirik. Belə olan halda həmin kolbasa necə halal ola bilər?”.
Komitə sədri bildirib ki, hazırda Azərbaycanda bir istehsal müəssisəsi halal kolbasa və sosis istehsalı üçün ayrıca bir texniki şərt hazırlayıb. Məhsulun istehsal reseptini dəyişib. Aparılan yoxlamalar da göstərib ki, həmin məhsullar təhlükəsizdir və donuz piyi vurulmadan bu tip məhsullar buraxıla bilər.
Dünən məsələ ilə bağlı mövqeyini açıqlayan Qafqaz Müsəlmanları Idarəsindən bildiriblər ki, Azərbaycanda yalnız iki şirkətin məhsullarına halallıq zəmanəti verilib(APA). Bunlardan biri Bakı şəhərində fəaliyyət göstərən “SAB”, ikincisi isə Gəncə şəhərində fəaliyyət göstərən “Halal Qida” şirkətidir”. Qurumun mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib ki, həmin şirkətlər vaxtilə QMI-yə müraciət edərək “halal” zəmanətinin alınmasını xahiş ediblər: “QMI tərəfindən yaradılmış komissiya həmin şirkətlərdə prosesi izləyərək yoxlamalar aparıb. Onların halal ətdən istifadə etməsinə və dini baxımdan lazımi əməlləri yerinə yetirdiyinə əmin olduqdan sonra QMI-nin komissiyası bu zəmanəti verib. QMI yalnız bu iki şirkətin məhsullarında donuz piyinin işlədilməməsinə zəmanət verir”.
Donuz əti olmadan ət məhsullarının standarta cavab verməməsi barədə deyilənlərlə bağlı isə R.Dadaşova bunları deyib: “Biz o kolbasalarda donuz piyinin deyil, onun əvəzedicisi olaraq toyuq dərisi və dəniz yosunlarından hazırlanmış komponentlərdən istifadə olunması barədə məlumatlıyıq. Bu məsələlərlə bağlı QMI-nin komissiyası vaxtaşırı olaraq iki şirkətdə nəzarət fəaliyyəti həyata keçirir. Biz əmin olduğumuz üçün həmin şirkətlərin məhsullarına zəmanət vermişik. Bizə başqa şirkətlər də halal zəmanəti verilməsi üçün müraciət edib. Lakin dediyim kimi biz yalnız iki şirkətin məhsulları üçün belə zəmanət veririk. Bəri başdan onu da qeyd edim ki, halallıq məsələsi dini məsələ olduğu üçün zəmanətin məhz dini qurum tərəfindən verilməsi heç kim tərəfindən qəribə qarşılanmamalıdır”.
Gənc ilahiyyatçı Elşad Miri isə məsələyə bu cür yanaşır: “Məsələn, mən və ailəm Azərbaycandakı bütün kolbasa məmulatlarından imtina etmişik. Yalnız yüz faiz əmin olduğumuz bir türk şirkətinin məhsulunu yeyirik, o da ayda-ildə bir dəfə. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bu qədər əminliyi varsa, o zaman həmin şirkətləri dəvət etsin. Şirkətlər də sübut etsinlər ki, onlar donuz piyindən yox, onun əvəzləyicisindən istifadə edirlər. Hətta məhkəməyə də müraciət edə bilərlər ki, insanlarda tam əminlik yaransın”.
E.Miri məsələnin dünyada necə tənzimləndiyinə də aydınlıq gətirdi: “Yəhudilərin özləri buna çox diqqət edirlər. Onlarda ”halal” adı altında satılan yeməklər olur. Hamısının da xüsusi sertifikatı var. Dünyanın hər yerində bundan istifadə edirlər. Amerikada, Avropada – bütün dünyada qəbul edilən “halal” sertifikatı hələ ki, Malayziyada və Sinqapurda var. Qafqaz Müsəlmanları Idarəsi də həmin şirkətlərlə birgə müraciət edib bu sertifikatı rəsmiləşdirə bilər. Insanların da ürəyi rahat olar”.
Gültəkin