Daxili işlər naziri həm yerini bərkidir, həm də əzəli rəqibi Eldar Mahmudovun yerində olmadığını sübut etməyə çalışır
Hicaba qadağa ilə Azərbaycanda dini kəsimin etirazlara başlaması Daxili Işlər Nazirliyinin hərəkətə keçməsinə səbəb olub. Son günlərin həbsləri göstərir ki, DIN bu məsələni əməlli-başlı nəzarətə götürüb. Ölkənin müxtəlif bölgələrində dindarların evindən silah-sursat tapılması, onların dövlət çevrilişinə hazırlaşmaları barədə rəy yaradılması və həbsi məhz DIN tərəfindən həyata keçirilir. Sual olunur: əgər doğrudan da Azərbaycanda belə bir təhlükə mövcuddursa, (dindarların dövlət çevrilişi etmək planı) niyə bu işlə məhz DIN məşğul olur? Axı bu məsələ Milli Təhlükəsizlik Nazirliyinin səlahiyyəti çərçivəsinə daxildir. MTN-lə DIN-in fərqi də elə bundadır.
Ekspertlər bu məsələ ilə bağlı müxtəlif versiyalar irəli sürür. Versiyalardan biri budur ki, DIN-in əməliyyatları bu qurumun rəhbərliyi tərəfindən düşünülmüş şəkildə həyata keçirilə və Ramil Usubovun məqsədinin Ilham Əliyevin yanında etimadını daha da artırmaq ola bilər. Yəni, mümkündür ki, nazir bu qurama əməliyyatlarla hakimiyyətin qorunmasında böyük rola malik olduğunu nümayiş etdirmək istəyir.
Ekspertlərin fikrincə, hətta bu əməliyyatlar qurama deyilsə belə, bu işlə məhz DIN-in məşğul olmasının arxasında xüsusi məqsəd dayanır. Bu halda məqsəd özünü hakimiyyətin keşikçisi kimi göstərməklə yanaşı MTN şefi Eldar Mahmudovun yerində olmadığını sübut etməyə cəhd ola bilər. Bəllidir ki, Ramil Usubovla Eldar Mahmudovun münasibətləri gərgindir. Hacı Məmmədov məsələsində Eldar Mahmudov daxili işlər nazirinə çox acılar yaşatdı, hətta məsələ Ramil Usubovun həbsinə qədər böyüdü. Lakin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin çevikliyi nəticəsində Ramil Usubovun həbsi məsələsi gündəmdən çıxarıldı. Eldar Mahmudov bu savaşda faktiki olaraq DIN şefinə uduzdu. Bu baxımdan Ramil Usubovun dinlarlara qarşı keçirilən əməliyyatlarla həm də Eldar Mahmudovu “vurmaq” istəməsi anlaşılandır. Yeri gəlmişkən, bir müddət əvvəl Eldar Mahmudov analoji priyomdan Ramil Usubova qarşı istifadə edirdi. MTN-nin narkotika ilə bağlı əməliyyatlarını nəzərdə tuturuq. MTN DIN-in Baş Narkotiklərlə Mübarizə Idarəsinin funksiyasını yerinə yetirməklə Ramil Usubovun vəzifəsinin öhdəsindən gələ bilmədiyini nümayiş etdirməyə çalışırdı. Görünür, indi növbə Ramil Usubova çatıb…
İnformasiya şöbəsi