Azərbaycan Nazirlər Kabinetinin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında prezident Ilham Əliyev BP şirkətinin ünvanına qarşı sərt ittiham və tənqidlər səsləndirib. Ölkə başçısı bəyan edib ki, neft hasilatında gözlənilməyən tənəzzül sırf “Azəri”, “Çıraq” yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən BP şirkətinin kobud səhvləri nəticəsində mümkün olub.
I.Əliyevin iradlarına BP-dən cavab gəlib. Şirkət Azərbaycana tam sadiq olduğunu və “Azəri”-“Çıraq”-“Günəşli” hasilatı ilə bağlı məsələləri mümkün qədər tez bir zamanda həll etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə işlədiyini bəyan edib.
BP-nin ünvanına deyilən bu iradlar nə dərəcədə obyektivdir?
«Hasilatın Pay Bölgüsü sazişi üzrə şirkətlərin bir çoxu öhdəliklərini yerinə yetirmir»
BP-nin hasil etdiyi neft-qazın Azərbaycanın neft ixracının 82 faizini təşkil etdiyini deyən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban 2010-cu ildən neft hasilatının yüksək templə aşağı düşdüyünü bildirdi. Artıq bu göstərici 9-10% civarındadır. Bu da Azərbaycanın xarici ticarət dövriyyəsinə, gəlirlərinə böyük təsir edir. BP-nin hədəf obyektinə çevrilməsinin əsas səbəbi budur. Ekspertin sözlərinə görə, Azərbaycanda hasilatın pay bölgüsü sazişi üzrə şirkətlərin bir çoxu öhdəliklərini yerinə yetirmir. BP isə mənfəət gətirən şirkətdi. Ekspert asan çıxarıla bilən neftin artıq geridə qaldığını və növbəti etapın başladığını deyir. BP-nin “Azəri”-“Çıraq”-“Günəşli” yatağında əməliyyat xərcləri get-gedə artır. Bu da neftə çəkilən xərcin artması ilə əlaqədardır. Əgər bir il əvvəl bir platformadan sutkada 220-230 min barrel neft əldə etmək olurdusa, indi bu göstərici 160-165 min barrelə düşüb. Yataqlarda sulaşma gedir. Bu da təbii prosesdi. Çünki üzdə olan neft çıxır, onun yerinə su çıxır. Təzyiqi saxlamaq üçün vurulan qazın həcmi artır. Bu da xərc tələb edir. Başqa obyektiv səbəbsə BP-nin kifayət qədər qazma qurğusunun olmamasıdır. Üzən qazma qurğularının sayı isə məhduddur.
«Offşor zonada qeydiyyatdan keçən şirkətlər BP-dən çox ziyan vurur»
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı ölkə başçısına təqdim edilən hesabatın birtərəfli hazırlandığını deyir. Çünki BP şirkəti cəmiyyət üçün açıqdır və hesabatlarını açıqlayır. Hasilatın aşağı düşdüyü isə yenilik deyil. 1997-ci ildən bir çox ekspertlərdə bununla bağlı narahatlıq var idi. Çünki xarici şirkətlərin istismar üsulu zamanı laylarda sulaşma əmələ gələ bilər. Sulaşma nəticəsində sıçrayışlar olur. Yəni neft bir laydan başqa bir sahəyə atıla bilər. Hasilatın azalması səbəblərindən biri budur.
M.Qəhrəmanlı neftlə bağlı proqnozların bəzən özünü doğrultmadığını da qeyd etdi. Buna misal kimi “Şahdəniz” yatağında neft gözlənildiyi halda qazın çıxdığını göstərmək olar.
M.Qəhrəmanlı BP-nin hədəfə alınmasının müəmmalı olduğunu da qeyd etdi: “Niyə Azərbaycan neftini talayıb aparan, kütləvi şəkildə insan hüquqlarını pozan, öhdəliklərini yerinə yetirməyən köhnə yataqlarda yaradılan əməliyyat şirkətləri haqqında prezidentə məlumat verilmir? Bu əməliyyat şirkətləri offşor zonada qeydiyyatdan keçirilib və azərbaycanlılara məxsusdur. Bu şirkətlər BP-dən çox ziyan vurur. Niyə ARDNŞ-dən hasilatın nə səbəbdən aşağı düşdüyünü soruşmurlar? Əgər dövlət başçısı Azərbaycanda hasil olunan neftlə bağlı dəqiq məlumat almaq istəyirsə, müstəqil komissiya yaratmalıdır”.
Fizzə