Gizli video davam edir… Dünən bu çərçivədə YAP-ın icra katibi Əli Əhmədovun kiçik bir müsahibəsi yayıldı. Müsahibə Gülər Əhmədovanın sosial şəbəkədə ona qarşı təhqiramiz çıxışına münasibət idi. Demokratik cəmiyyətdə hakim partiya siyasətçiləri və məmurlar barədə ən sərt ifadələr, ən əcaib bənzətmələr yazmaq məqbuldur, hətta Avropa Insan Haqları Məhkəməsinin president qərarlarına görə, bunlar qanunidir. Amma bu onların idarəçilik addımlarını qiymətləndirmə xarakterində olmalıdır. Gülər Əhmədova isə sırf şəxsi çərçivədə təhqiramiz məzmun seçmişdi, fəqət heç bir ad çəkməsə də…
Əli Əhmədovun cavabı isə tamam fərqli tərzdə idi: “Mən istənilən məsələnin şəxsi deyişmə, məişət səviyyəsinə enməsinin tərəfdarı deyiləm. Bu, mənim xarakterimə uyğun deyil. Düşünürəm ki, biz siyasətlə məşğul oluruqsa, gərək daha ciddi məsələlər ətrafında, daha ciddi səviyyədə söhbətlər aparaq… Mən çox ciddi mənəvi-əxlaqi dəyərlərə söykənən bir adamam. Bu, məişətdə də, həyatda da, insanlara, öz işimə, eləcə də digər məsələlərə münasibətimdə də belədir”.
Bəli, adam bu yerdə istəyir desin ki, daha mənim sözüm yoxdur. Amma var axı…
Yada salaq. Elə Əli Əhmədov çıxış etdiyi gün YAP-ın patronajlığı altında çıxan “Səs” qəzeti Gülər Əhmədova haqqında nələr yazmamışdı?! Məsələ məişətdən də o yana çıxmışdı. Mən razıyam ki, Əli Əhmədovun dilindən o qəzetdəki ifadələri heç vaxt eşitmirik. Hesab edək ki, o, lap etikanın atası Aristotel kimi danışır. Amma onun məşğul olduğu siyasətin danışan dili olan qəzetlər, TV-lər, ayrıca Lider TV hansı əxlaqsızları etməyib bu günəcən?! Xüsusi öyrədilmiş adamlar, o cümlədən, Hafiz Hacıyev, Əhəd Abıyev hansı sözləri danışmayıb bu günəcən?!
Bəlkə müxalif insanların, jurnalistlərin pornoqrafik görüntülərini gizli çəkib TV-lərdə, qəzetlərdə, internetdə, çıxışlarda seçkiqabağı təbliğata çevirmək Azərbaycanda baş verməyib? Bəlkə bunun Əli Əhmədovun rəhbərliyində olduğu YAP-a heç bir dəxli yoxdur? Bəlkə Əli Əhmədov o vaxt buna qarşı çıxmış və demişdi: “Siyasəti məişət səviyyəsinə endirməyək, biz siyasətlə ciddi məşğul olmalıyıq…”.
Əli Əhmədov adaşı Əli Kərimliyə qarşı aparılan iyrənc böhtan kampaniyası zamanı da belə demişdimi? Xədicə Ismayılovanın şəxsi həyatını videoya çəkənlərə də bunu söyləmişdimi? Aqil Xəlil hüquq-mühafizə orqanlarının sarsıdıcı piarına ünvan olanda da bu cür danışmışdımı?
…Yaxşı, sözlər bir yana qalsın, bəs əməl? Sözdə doğrudan da Aristotel, Platon kimi danışmaq olar. Əməldə necə, Əli Əhmədov siyasətlə ciddi məşğul olurmu, özünün dediyi kimi, ciddi əxlaqi dəyərlərə söykənirmi, məişət səviyyəsindən qaçırmı?
Əli Əhmədov unudub bəlkə? 21-ci əsrdə hakimiyyətin atadan-oğula ötürülməsi Azərbaycan siyasətini məişət səviyyəsinə endirmək idi. Ölkədə bir ailə hakimiyyətinin qurulması məişət səviyyəsi deyilmi?
Prezidentin övladlarına Dubayda bahalı villalar alması siyasətin məişət səviyyəsi sayılmırmı?
Bu necə ciddi əxlaqi siyasətdir ki, YAP-ın əsas simalarından biri deputat mandatı satır? Bəlkə ölkədə hər şeyin alınıb-satılması yalandır? Korrupsiyanın sistem halına keçməsi doğru deyil bəlkə? Məmurlara oğurluq qazanından paket maaş verilməsi bəlkə əxlaqdandır?
Əxlaq bəlkə ölkədəki məddahlığın, yalanın göstəricisidir?
Bəlkə ədalətini satan məhkəməmiz əxlaqa söykənir?
Seçkini saxtalaşdırmaq ciddi əxlaq işidir bəlkə?
Əli Əhmədov ola bilsin sözdə etiketlərə əməl edir, amma həmişə doğrumu danışır? Həmişə yalandan qaçırmı? Içində olduğu siyasəti əxlaqla, insanla, halallıqla, Tanrı ilə izah edə bilərmi?
Onun müsahibəsini oxuyanda bunları düşündüm. Bilmirəm məişət səviyyəsinə endimmi, ciddi əxlaqdan uzaqlaşdımmı?!
***
Çox böyük yazıçılar var ki, onlar Azərbaycanda dəbdə deyil. Məsələn, Con Qolsuorsi. Müəllifin “Forsaytlar haqqında saqa” adlı ədəbi silsiləsi – əsərlər külliyyatı bütün dünyada misilsiz şöhrətə sahibdir. Məhz bu əsərə görə yazıçı Nobel mükafatı alıb. Yazıçının maraqlı hekayə və novellaları insanda unudulmaz iz buraxır. Hadisələrin dili ilə düşündürməkdə bənzərsiz olan Con Qolsuorsinin “Birincilər və axırıncılar” adlı bir hekayəsi var. Mövzu təsadüfən və bilmədən törədilən bir qətldir. Çox yazıçıların sevdiyi süjetdir bu. Amma hər kəsin bilməli olduğu bir nəticə ilə bitir həmin drama. Hamı bilməlidir ki, birincilərdən olan hər kəs bir gün axırıncılardan ola bilər. Yəqin yadınıza düşdü. Tanrıdan gələn sözdür: birincilər axırıncı, axırıncılar birinci olacaq. Yazıçı isə yalınız birincilərə üz tutur. Axı o, Tanrı deyil, yazıçıdır.
Keşkə Gülər Əhmədova bu hekayəni son olaylardan qabaq oxuya biləydi. Indi isə gecdir. Bəzən həyatda ədəbi əsəri oxumağa da gecikirsən…