PA rəhbəri Avropaya niyə üz tutub?
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev Avropa ölkələrindən birinə gedib. Bəzi məlumatlara görə, PA rəhbəri Almaniyadadır. Məlumatı “Azadlıq”a verən mənbə Ramiz Mehdiyevin səfərinin məqsədi barədə bir söz deyə bilməsə də, bəzi ehtimallarını bizimlə bölüşüb. Mənbənin ehtimalına görə, PA rəhbəri səhhətilə bağlı Avropaya üz tutub:
“Son günlər Ramiz Mehdiyev üçün kifayət qədər gərgin keçib. Söhbət əlbəttə ki, Gülər Əhmədova ilə bağlı qalmaqalın yaratdığı gərginlikdən gedir. Iş o yerə çatdı ki, Ramiz Mehdiyev ilk dəfə olaraq mətbuata açıqlama verərək təxribata məruz qaldığını bəyan etdi. Ola bilər ki, bu gərginlik Ramiz Mehdiyevin səhhətinə təsirsiz ötüşməyib”.
Başqa məlumatlarda isə bildirilir ki, Ramiz Mehdiyev səfərdən əvvəl ölkə başçısı Ilham Əliyevlə görüşüb. Maraqlıdır ki, həmin görüş ölkə başçısının bağ evində baş tutub. Məlumata görə, görüşdə əsas müzakirə mövzusu “Gülər Əhmədova olayı” olub.
Bu arada “AzəriNews.org” xəbər portalı məlumat yayıb ki, hakimiyyətdəki anti-Mehdiyevçilər Gülər Əhmədovanı öz tərəflərinə çəkib ondan PA rəhbərinə qarşı istifadə etmək niyyətindədirlər. Saytın yazdığına görə, Ramiz Mehdiyevin əleyhdarları Gülər Əhmədovaya toxuqulmazlıq statusu təklif etməklə, ondan PA rəhbərinin əleyhinə açıqlamalar verməsini istəyirlər.