Baş prokuror təkcə Avropa Şurasının tədbirinəmi gedib?
Baş prokuror Zakir Qaralov Strasburqda rəsmi səfərdədir. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az saytına bildirib ki, Zakir Qaralov Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya”sına Əlavə Protokolun müvafiq bəyanatla imzalanması mərasimində iştirak etmək üşün oktyabrın 6-dan Strasburqdadır.
Mətbuat xidmətinin rəhbəri Baş prokurorun fəaliyyətinə xitam verilmiş ABU-nun sabiq rektoru Elşad Abdullayevlə məlum videoqalmaqala görə görüşmək üçün Fransaya getdiyini birmənalı olaraq təkzib edib. Bildirib ki, KIV-də bununla bağlı yayılan informasiyalar həqiqətə uyğun deyil.
Lakin Zakir Qaralovun yalnız Avropa Şurasının tədbirində iştirakla bağlı Strasburqa getməsi inandırıcı görünmür. Çünki baş prokurorun belə tədbirlə görə xaricə səfər etməsi nadir hadisələrdəndir. Baş Prokurorluq Zakir Qaralovun Elşad Abdullayevlə bağlı Strasburqa getməsini təkzib etsə də, baş prokurorun elə həm də bu məsələyə görə Fransaya yollandığı bildirilir. Bəzi məlumatlara görə, baş prokuror Elşad Abdullayevin Azərbaycana gətirilməsi üçün danışıqlara gedib. Başqa məlumatlarda isə Zakir Qaralovun Elşad Abdullayevlə görüşəcəyi iddia olunur. Bildirilir ki, baş prokuror sabiq rektorla görüşərək onu atacağı addımlardan çəkindirmək istəyir. Məlumat üçün qeyd edək ki, Elşad Abdullayev onda 100-ə yaxın videomaterialın olduğunu bəyan edib. Və bu videoları yaya biləcəyinə işarə vurub. Hökumət də həmin videoların ictimailəşəcəyindən narahatdır. Eyni zamanda Avropa Birliyinin Elşad Abdullayevin qardaşı ilə bağlı məsələni diqqətdə saxlayacağı barədə Ketrin Eştonun sabiq rektora məktubu da hökuməti də ciddi narahat edib.