AŞ PA-da bizim hakimiyyətin arzulamadığı bir qərarın, yəni Kristof Ştrasserin hesabatının qəbul edilməsini rejimin çöküşü kimi qələmə verməkdən çox uzağam. Amma daha heç kimə sirr deyil, çox çalışdılar, min oyundan çıxdılar, bu hesabatın qabağını ala bilmədilər. Açıq məğlubiyyətdir. AŞ PA sessiyasındakı çıxışları oxuduqca necə gərgin bir mübarizənin getdiyini görürsən. Azərbaycanın lobbiçiliyini edən deputatların həşiri adama YAP-çı deputatları xatırladır. Onların çıxışlarındakı satqın ruhu sezməmək olmur. Mövlud Çavuşoğlu danışanda isə adamın əti tökülür.
Hətta bir çox AŞ PA üzvləri bunu hiss edir və utanc hissi keçirirlər. Məsələn, deputat Marina Şuster deyir:ÿ”Azərbaycan tərəfindən gördüyüm lobbiçilik fəaliyyətinin tayı-bərabəri yoxdur. Biz bu lobbiçiliyin təsiri altında qalmamalıyıq!”
Frederik Riis isə Azərbaycanın AŞ PA üzvlərini ələ almaq cəhdini açıq şəkildə bəyan edib:ÿ”Biz bu gün bu qətnaməyə səs verməsək, bu insanlara haqq veririk ki, lobbiçilik, şantaj, hədə və ya “kürü” yolu ilə bu qurumun siyasi məhbuslarla məşğul olmasına son qoysunlar”.
Görürsünüz ki, bu kürü və para söhbətləri bizim mülahizələr deyil, Avropada da üzərlərindəki bu ləkəni gizlətmirlər. Amma əsas nəticə odur ki, kürünü Kür kimi axıdanların pulu-parası bu dəfə işə keçmədi.
Azərbaycan hakimiyyəti o qədər uzağa getmişdi ki, hətta siyasi məhbus termininin ləğvini istəyir, “siyasi məhbuslar” ifadəsinin Avropa Şurası Parlament Assambleyasında müzakirəsini tələb edirdi. Müzakirə edildi, bu terminlə bağlı bizim hökumətin ölkəyə qoymadığı siyasi məhbuslar üzrə məruzəçi Kristof Ştrasserin hesabatı, siyasi məhbuslarla bağlı kriteriyalar qəbul edildi. Bunlar o qədər dəqiq, aydın, faydalı kriteriyalardır ki, hakimiyyətlərin onu tənqid edənləri, siyasi fəalları sıradan çıxarmaq üçün istifadə etdiyi bütün növ hiylələri təsbit edə bilir.
Cibə narkotika ata bilərsən, amma bu zaman zorən yol verdiyin qanun və prosedura pozuntuları hədəfin siyasi məhbus olduğunu müəyyən edəcək. Hətta siyasi fəal hansısa əməli törətdikdə, lakin başqalarından fərqli yanaşma ilə üzləşdikdə, bu onun siyasi məhbus olması üçün əsas sayılacaq. Məsələn, Nigar Yaqublunun işində. Bu kriteriyalar bütün hallarda siyasi qərəz və niyyətləri müəyyən etməyə kömək edir.
100 nəfər lehinə, 64 nəfər əleyhinə səs verib bu hesabatın. Deməli, 64 nəfərə kürü və para ötürə biliblər. Amma kürü batdı. YAP-ın məğlubiyyəti ortadadır. Səməd Seyidov kədərlə qayıdır.
Fəqət biz bu AŞ PA-nın da kəramətinə yaxşı bələd olduğumuz üçün sual verməliyik, nə əcəb mahiyyətini itirmiş bu qurum da belə qeyrət göstərib? Sirri nədir YAP-ın məğlubiyyətinin? Biz orada vicdanlı insanların da olduğunu danmırıq, amma indiyədək onlar bu cür nəticəyə nail ola bilmirdilər. Kürüyə qarşı birləşə bilmirdilər.
Elə buradaca deməliyik ki, bu dəfə vəziyyətin fərqli olması üçün Azərbaycan fəalları əsl qeyrət göstəriblər. Onların göstərdiyi əliyalın çabalar kürüyə üstün gəlib, çünki onların davası haqlı olub. Onlar həqiqəti deyiblər. Onlar avropalıları öz dəyərləri ilə üz-üzə qoyublar. Aparılan iş də nəticə verib.
Açıb arxivdə baxa bilərlər. Uzun illərdir biz bu məsələni qaldırırdıq. Deyirdik ki, Avropa qurumlarının bizim hakimiyyətə prinsipsiz münasibət bəsləməsi tənqid edilməli, amma Avropa qurumları ilə iş də davam etdirilməlidir. Halbuki uzun müddət siyasətçilər və hüquq müdafiəçiləri bu qurumların bizim hakimiyyətə güzəştlərini tənqid etməkdən yayınırdılar. Sonra isə tənqid etdilər, amma bu dəfə də aparılan iş lazımınca olmadı. Avropa qurumları ilə işi 4-5 nəfər qadın hüquq müdafiəçisinin ümidinə buraxmaq olmazdı. Ilk növbədə oradakı mühacirlərin gücündən istifadə edilməli idi. Siyasi partiyalar bu qurumlarla işləmək üçün mühacirlərdən təmsilçilik yaratmalı idi. Avropalı qurumlarla, Avropalı dövlətlərlə, Türkiyə ilə, onların vətəndaş cəmiyyəti və mediası ilə ardıcıl işləmək lazımdır.
Cəhd uğurlu oldu. Unutmaq olmaz ki, avtoritar rejimlə mübarizə ilk öncə əsəb davası, psixoloji üstünlük mübarizəsidir. Avropa isə bunun üçün çox münbit və faydalı sahədir…