Şahin Həsənli: “Mənim üçün azadlıq fundamental azadlıqların bərqərar olmasıdır”
Bakının Qaradağ rayonundakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan vicdan məhbusu, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Şahin Həsənli “Media forum” saytının suallarını cavablandırıb.
Şahin Həsənli 2011-ci ilin martında tutulub. İstintaq onun üstündən 5 ədəd patron çıxdığını iddia edib. AXCP fəalı Şəmkir Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub.
– Şahin bəy, bəlkə də gecikmiş sualdır, sizi niyə həbs ediblər?
– Biz elə bir ölkədə yaşayırıq ki, sən üzvü olduğun partiyanın məramnaməsində nəzərdə tutulan müddəaları həyata keçirmək üçün hakimiyyət uğrunda sivil mübarizə aparırsansa, konstitusiyanın verdiyi imkanlardan yararlanaraq sərbəst toplaşmaq, söz, mətbuat, ifadə azadlığını, azad seçki hüququnu tələb edirsənsə, rüşvətə, korrupsiyaya, inhisarçılığa, mülkiyyət hüququnun pozulmasına “yox” deyirsənsə, işdən çıxarılarsan, biznesin çökdürülə bilər, qondarma ittihamlarla həbs olunub dəmir barmaqlıqlar arasına atıla bilərsən. Təəssüf ki, Azərbaycan reallığı belədir.
Mən AXCP üzvü olaraq fəal siyasi mübarizə apardığıma görə tutulmuşam.
Bu gün ölkədə insanlar çox kəskin formada təqib olunur. Həbsxanalarda yüzlərlə məhkum var ki, iri və orta ranqlı məmurların sifarişi ilə həbs olunublar. Onlar siyasi fəaliyyətdən tam uzaq adamlardır. Məmurlar həmin insanların mülkiyyətini, biznesini ələ keçirmək üçün onları şərləyib zindanlara atdırıblar. Bütün bunlar avtoritar hakimiyyətin mahiyyətindən doğur.
– İyun ayında prezident əfv sərəncamı imzalandı və bir çox siyasi məhbus azadlığa çıxdı. Sizi niyə buraxmadılar?
– Azadlığa çıxmış vicdan məhbuslarını salamlayır, “həmişə azadlıqda” deyirəm.
O ki qaldı əfvin mənə şamil olunmamasına, bunu bir neçə amillə izah edə bilərəm. Uzun illər AXCP təşkilat şöbəsinin müdiri olmuşam. Bu illər ərzində partiya quruculuğundakı fəaliyyətim, kütləvi tədbirlərin əsas təşkilatçılarından biri olmağın hakimiyyət orqanlarının nəzərindən qaçmayıb. İştirak etdiyim razılaşdırılmamış aksiyalarda iki dəfə həbs edilmişəm. Hər iki halda 15 sutka yatmışam. Hüquq mühafizə orqanları daha uzun müddətə həbs olunmalı müxalifətçi kimi məni nəzərlərində saxlayıblar. 2011-ci ilin 2 aprel mitinqi ərəfəsində əlverişli məqam yarandı, hakimiyyət orqanları çoxdan planlaşdırdıqları həbsi həyata keçirdilər.
Başqa bir səbəb də odur ki, partiyada tutduğum vəzifənin əhəmiyyətindən irəli gələrək mən tez-tez AXCP sədri Əli Kərimli ilə təmasda olurdum. Qərargahımız olmadığı üçün onun evində görüşürdük. Hakimiyyət məni Əli Kərimlinin ən yaxın adamlarından biri statusunda görürdü.
– Əfvə ümidiniz varmı?
Azərbaycan həbsxanalarında belə bir qayda var: Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmasa da, məhkumlar məcburi əməyə cəlb edilir. Məqsəd odur ki, cinayət aləminin qanunları ilə yaşayan məhkumları ayırd etsinlər. İşləməkdən imtina edənlərlə profilaktik iş aparılır, məcburi əməkdən boyun qaçıranları bir müddətdən sonra məhkəmənin qərarı ilə qapalı həbsxanalara göndərirlər.
Siyasi məhbuslara yanaşmada məcburi əməyi əfv ərizəsi əvəz edir. Mənə də dəfələrlə əfv ərizəsi yazmaq təklif olunub. Heç bir cinayət törətmədiyim halda niyə əfv ərizəsi yazmalıyam? Həyatı boyu əlinə tapança almayan adamın cibinə patron qoyub, iki il azadlıqdan məhrum edib sonra da əfv ərizəsi yazmağı təklif etmək, məncə, onlara da şərəf gətirmir. Bu əfv söhbətlərini birdəfəlik yığışdırmaq lazımdır.
2 il müddətinə azadlıqdan məhrum edilmişəm. Cəza müddətim 2013-cü ilin martın 31-də bitir. Mən özümü həmin tarixə kökləmişəm. Tezliklə azadlığa çıxaramsa, nə yaxşı, çıxmasam da, neyləmək olar, həyat davam edir. Məşhur ifadə ilə desək, nə baş verirsə versin, hər şey yaxşılığa doğru gedir.
– Həbsxanada gününüz necə keçir?
– 14 saylı Cəzaçəkmə Müəssisəsi həm yerləşdiyi əraziyə görə, həm də rejim qaydalarına görə ağır həbsxana sayılır. Müəssisənin yaxınlığında yerləşən, sement zavodu üçün qum istehsal edən obyektə görə toz problemi var. Əlverişsiz hava şəraiti müxtəlif xəstəliklərin inkişaf etməsinə stimul yaradır. Təsadüfi deyil ki, son rentgen müayinəsindən sonra 256 nəfər vərəmdən şübhəli məhkum müəyyən olunmuşdu. Ümumiyyətlə isə hər il 35-40 nəfər vərəm xəstəsi müalicə müəssisəsinə köçürülür.
Müəssisənin daimi su təchizatı yoxdur. Sanitar qovşaqların təmirə ehtiyacı var. Yataqxanaların heç birində ventilyasiya sistemi quraşdırılmayıb.
Düzdür, son bir ildə yataqxanalara taxta döşəmə vurulub, hamamda əsaslı təmir işləri aparılıb, əlavə olaraq özünəxidmət çayxanası və tualet inşa edilib.
Daxili rejim qaydaları ağırdır. Belə ki, dustaqlar 16 saat ayaq üstə olurlar, günorta saatlarında dincəlməyə icazə verilmir.
Namaz qılmaq istəyənlər ciddi filtrasiyadan keçir.
700 məhkumu olan müəssisədə cəmi iki yerdə – klubda və ödənişli çayxanada televizor qoyulub.
Karantində məhkumlara gün ərzində 5 ədəd siqaret verilir.
Əlillər üçün yataqxana nəzərdə tutulmayıb.
İdman zalı istifadəyə verilməyib.
Kompüter otağı müəllim olmadığı üçün fəaliyyət göstərmir.
Sentyabrın 9-da cəzaçəkmə müəssisəsində keçirilən oturaq aksiyada iştirak edən məhkumların böyük əksəriyyətinin əsas tələbləri də saxlanma şəraiti ilə bağlı olub. Həmin aksiyadan sonra müəssisə rəhbərliyi bir sıra islahatlar həyata keçirməyə başlayıb. Əgər əvvəllər 220 nəfər bir soyuducudan istifadə edirdisə, indi bir soyuducu də əlavə olunub. Yataqlar arasında məsafə genişləndirilib, iki yataq arasına bir dolabça da əlavə edilib.
Müəssisənin rəhbərliyi və məhkumlarla münasibətimiz normaldır, qarşılıqlı hörmət əsasında qurulub.
– Nələr düşürsünüz, həbsxanada? Məsələn, azadlıqlar barədə…
– Mənim üçün azadlıq fundamental azadlıqların bərqərar olmasıdır. Bu gün biz sərbəst toplaşmaq azadlığını əldə edə bilmirik, elektron KİV-in qapıları üzümüzə bağlıdır, qəzetlərimiz sifarişli məhkəmə qərarları ilə çökdürülür, qəzet satışına maneələr törədilir, azad söz carçılarımız qondarma ittihamlarla həbsxanaya atılır.
Mənim üçün azadlıq bərabər əsaslarla azad demokratik seçkilərin keçirilməsidir. Azərbaycanın bütün problemlərinin həlli azad seçkilərdən keçir.
Mənim üçün azadlıq Qarabağ azadlığıdır. Xalqımızın milli vətənpərvərlik hissləri oyadılmalı, neft milyardları torpaqlarımızın qurtuluşuna sərf olunmalıdır.
Mənim üçün azadlıq din, vicdan azadlığıdır. İnsanlarımız Allahdan qorxmalı, pis işlər görməməli, əməli-saleh olmalıdırlar, haqsızlığa qarşı mübarizə aparmalıdırlar…
– Ölkədə baş verənləri izləyirsinizmi?
– Buna çox da imkanım olmur. Amma bilirəm ki, həbsdə olduğum müddət ərzində hakimiyyət öz siyasi rəqiblərinə qarşı daha da amansızlaşıb. Siyasi məhbusların sayı artıb. Fundamental azadlıqların əldə olunması istiqamətində geriləmə var. Özəl mülkiyyətə basqılar davam edir. Günün günorta çağı sahibkarların mülkiyyəti əllərindən alınır. Evləri sökülənlər normal kompensasiya ala bilmir. Neft gəlirləri artsa da, əhalini yaşayış səviyyəsində irəliləyiş yoxdur.
Həbsxanada olduğum müddətdə hakimiyyətin demokratik düşüncə sahibi olan xanımlarımıza münasibəti məni çox hiddətləndirib. Araşdırmaçı jurnalist Xədicə İsmayılovanın şəxsi həyatına müdaxilə, dostumuz Tofiq Yaqublunun qızı Nigar xanımın həbsi bizlərə üzüntü yaşatdı.
Müxalif İctimai Palatanın fəaliyyəti məni sevindirir. İndi İctimai Palata tam gücü ilə fəaliyyət göstərir. Əksər rayonlarda şöbələr təsis edilib. Yaxşı olardı ki, İctimai Palataya ziyalıların, gənclərin qoşulması istiqamətdə səylər artırılsın. İctimai Palatanın taleyüklü məsələlərlə bağlı dinləmələr keçirməsi cəmiyyətin fəallaşmasına xidmət edir. Bu qurum müxalifətin ən uğurlu birliyidir. Nəyin bahasına olursa olsun bu birliyi qoruyub saxlamaq lazımdır.
– Sizcə, 2013-cü ilin prezident seçkisində İctimai Palatanın vahid namizədi olmalıdırmı? Bu məsələdə AXCP və Müsavatın razılığa gəlməsi mümkün olacaqmı?
– Hesab edirəm ki, başlıca məsələ prezident seçkisində hansı formada iştirak deyil, hansı şəraitdə iştirak etməkdir. Əgər Seçki Məcəlləsinə dəyişikliklər olmayacaqsa, seçki komissiyaları paritet əsaslarla formalaşmayacaqsa, sərbəst toplaşmaq azadlığı olmayacaqsa, siyasi təqiblərə son qoyulmayacaqsa, seçici fəallığına nail ola bilməyəcəksə, bir sözlə, normal seçki mühiti yaranmayacaqsa, qələbə şansımız olmayacaq. Aydın bir yol xəritəsi tərtib edilməli, cəmiyyətin bütün mütərəqqi qüvvələri ilə əməkdaşlıq edib, normal seçki mühitinin formalaşmasına nail olunmalıdır. Əgər vahid namizəd seçilməsi zərurətə çevrilərsə, tək İctimai Palatanın deyil, ziyalıların, həqiqi müxalifətin iştirakı ilə namizədlər müəyyən olunar, ilkin seçkilərlə (praymeriz) vahid namizəd müəyyən edilər.
– Mərhum prezident Əbülfəz Elçibəyin qəsdən zəhərləndirilməsi haqda iddialara münasibətiniz necədir?
– Rəhmətlik Əbülfəz Elçibəy Əli Kərimlini özünün ən perspektivli şagirdlərindən biri hesab edib. AXC hakimiyyəti illərində Əli bəyi dövlət katibi vəzifəsinə, hakimiyyətdən devrildikdən sonra isə təşkilat sədrinin birinci müavini vəzifəsinə təyin edib. Əli bəy Əbülfəz bəyə rəğbətlə yanaşıb, aralarında qarşılıqlı hörmət olub.
Bəyin sağalmaz xəstəliyə düçar olduğunu biləndə ən çox üzülən də Əli bəy idi. Əli bəy başa düşürdü ki, Əbülfəz Elçibəysiz mübarizə çox çətin olacaq. Əbülfəz Elçibəyin zəhərləndirildiyini iddia etmək və bunda Əli bəyi günahlandırmaq absurddur, nonsensdir. Hakimiyyət yeni-yeni mövzularla gündəmi dəyişib, müxalifəti əsas vəzifələrindən yayındırmaq istəyir. Mən cəmiyyətə səslənmək istəyirəm ki, haqlı olanın yanında olun, onun arxasınca gedin…