Getmək və suyu daşırmadan içəri keçmək…

Səadət Cahangir

Ölkənin başında oturanlar birmənalı olaraq durumu anlamaq istəmir. Durum ağırdır, hətta ağırdan da ağır. Bu ölkədə yaşamaq artıq insanlar üçün məşəqqətə çevrilib. Yaşamaq olmur. Daha doğrusu, yuxarıdan aşağı hakimiyyət pilləsini tutmuş səlahiyyət sahibləri insanlara yaşamaq imkan vermir. Ayağı yer tutan ölkədən qaçmaq istəyir. İşsizlikdən, yoxsulluqdan, özbaşınalıqdan, qanunsuzluqdan ayaq tutduqca qaçıb uzaqlaşmaq. Yaxında utandırıcı bir rəqəm açıqlanıb! Son 4 ildə təkcə Almaniyadan 11 min Azərbaycan vətəndaşı sığınacaq istəyib. İndi hərənizin çevrəsində böyük xəyallar arxasınca bu ölkəyə üz tutmuş bir tanışınız vardır, əlbət. Burda hər yerdən əli üzülmüş, haqqını tələb etməyə, dirənməyə, mübarizə aparmağa da tənbəllik edən insanlar baş alıb gedir o xoşbəxt Avropa ölkəsinə tərəf. Bu ölkə indi mühacirət həyatı seçən Azərbaycan insanı üçün lap şaman sığınacağına dönüb. O şaman sığınacağına ki, ora da hər yoldan ötəni almırlar, qapıda saxlayıb uzun-uzun sorğu-suala çəkirlər, imtahan edirlər. Bu imtahandan keçməyəni qapıdan geri çevirmək, ortada qoymaq da var. Ordan heç bir halda geri qayıtmaq istəməyən ümidsiz insanlar üçün ən dəhşətlisi də elə budur…

Deyilənə görə, uzaq şərq ölkələrinin birində bir şaman tayfası müdrikliyin sirlərini aramaq üçün sığınacaq qurmuşdu. Gələnlər burda xüsusi olaraq imtahan edilirdi. İmtahanda əsas incəlik anlatmaq istədiklərini danışmadan açıqlaya bilmək sayılırdı. Bir gün sığınacağın qapısına bir yabançı gəldi. Adam qapıda xeyli gözlədi. Qapıda nə vurulacaq dəstək, nə də çalınacaq zəng vardı. Zamanını gözləmək lazımdı, yəni… Bir az sonra qapı açıldı. İçəridən çıxan şaman qapıda duran adama baxdı. Salamlaşdıqdan sonra sözsüz danışıqlar başladı. Yabançı qonaq sığınacağa girmək və burda qalmaq istəyirdi. Şaman bir müddət yox oldu, sonra əlində ağzınacan su dolu bir qabla qayıtdı. Bu, “sığınacağımız yeni adamı qəbul edə bilməyəcək qədər doludur” demək idi. Yabançı sığınacağın bağçasına döndü, ordan bir gül yarpağı qoparıb qabın içindəki suyun üstünə qoydu. Gül yarpağı suyun üzündə üzməyə başladı və su da daşmadı. Şaman ehtiramla əyilib, qapını açaraq gələni içəri buraxdı. Yəni, suyu daşırmayan gül yarpağına hər zaman yer vardı…

İndi oralarda durum təxminən belədir. Dünyanın bu humanist ölkəsi, az qala, Suriyadan, Əfqanıstandan, İraqdan axın edən qaçqınların ayaqları altında qalıb. Demə, son illər bu bədbəxt üçlüyün sırasına Azərbaycan da qoşulub. Ölkəmiz hazırda Almaniyaya mühacir axınına görə 4-cü yerdə imiş. Artıq adam bilmir öz ölkəsinin gününə ağlasın, yoxsa Almaniyanın. Bir ölkə nə qədər insansevər və humanist olsa belə, başına dərd alacaq qədər ərazisinə kim gəldi doldurmaq istəməz. Amma bir çətin məqam da var. Bu qədər tünlük arasında suyu daşırmadan içəri girmək istəyən yabançıları seçmək asanmıdır? Asan deyil və o üzdən bu ölkədə oturum almaq istəyən insanların işi getdikcə çətinləşir. Ölkəmizin bugünkü acı reallıqlarından baxanda, gedənləri qınamaq da haqsızlıq olar. Amma nə olursa-olsun, hər kəs xoşbəxtlik düsturunu öz ölkəsində axtarmalıdır, fikrimcə. Bizim asanlıqla qaçıb qonmaq istədiyimiz o xoşbəxt cəmiyyəti ordakı insanlar əziyyətlə, mübarizə ilə, dişlə-dırnaqla qurublar. Kimsə gözəl həyatı onlara göydən zənbillə endirməyib…