Onlar tələblərində israrlıdırlar; istəkləri yerinə yetirilməsə fasiləsiz tətilə başlayacaqlar
300-dən artıq neftçi əmək haqlarının qaldırılmasını və iş şəraitinin yaxşılaşdırmasını tələb edir
Balaxanı Neft-Qaz Çıxarma Idarəsinin (NQÇI) 300-dən artıq işçisi ötən gün etiraz aksiyası keçirdilər. Etirazçıların belə bir addım atamasına səbəb isə əmək haqlarının azlığı, yeni rəhbərin işçilərə münasibəti, sosial sığortalarının olmaması, bağlanılan əmək müqaviləsinin müddətli olması və surətinin onlara verilməməsi, o cümlədən maaşlarının qeyd edildiyi kağızlarının göstərilməməsidir.
Qeyd edək ki, fəhlələr sentyabrın 20-də aksiya keçirdikləri zaman şikayət və tələblərini rəhbərliyə təqdim etsələr də, onların müraciətləri baxılmamış qalmışdı.
12 saat istirahətsiz iş…
Yenidən ayağa qalxan neftçilər bu dəfə tətillərinin uzunmüddətli olacağını söylədilər. Səhər saatlarından etirazlara başlayan fəhlələr deyirlər ki, indiki şərtlərlə işləyə bilmirlər.
“Heç cürə işləyə bilmirik. Maaşımız çox azdır. Aldığımız pullar çəkdiyimiz zəhmətdən qat-qat aşağıdır. Rəsmi şəkildə nə qədər maaş aldığımızı bizə demirlər. Əmək haqqı kağızını bizdən gizlədirlər. Çox güman ki, burada yeyinti var. Bizə az pul verirlər, ancaq ”yuxarı”lara deyirlər ki, çox veririk. Sığortamız yoxdur, bizimlə insan kimi rəftar etmirlər”,- deyə neftçilər bildirdilər.
Etirazçıların sözlərinə görə, fəhlələr bir neçə iş görürlər. Gördükləri işə müqabilində aldıqları pul həddindən artıq azdır: “Burada elə adamlar var ki, iki-üç işin öhdəsindən gəlirlər. Quyu qazırlar, KaMAZ sürürlər. Buna görə isə 300-500 manat əmək haqqı verirlər. Ölkədə orta aylıq əməkhaqqı 350 manat, neft sektorunda isə orta aylıq əməkhaqqı 1050-1100 manat həddində olduğu halda, bizlər niyə ağır şərtlər altında 350-550 manat civarında məvacib almalıyıq?”.
Fəhlələr bizimlə söhbətdə onu da bildirdilər ki, onlar iş saatınıən çox olmasından da narazıdırlar: “Gün ərzində 12 saat işləyirlər. Bu qədər iş saatı olar? Quldarlıq dövründə qulları bu qədər işlətmirdilər. Bu iş saatı müddətində 15 dəqiqəlik nahar fasiləsinə icazə verilir. Təsəvvür edin, bu cür çətin və ağır işdə 12 saat işləyirsən və buna görə 15 dəqiqəlik fasilən olsun. 15 dəqiqəyə yemək də yeməlisən, çay da içməlisən, istirahət də etməlisən. Bizdə rəhbərlikdən tələb edirik ki, heç olmasa bir gün bizim kimi işləsin. Onda hnsı əziyyətlər çəkdiyimizi görəcək”.
Etiraz başlayan kimi əraziyə polislər gəldi. Asayiş keçikçiləri onları ərazini tərk etməyi məsləhət gördü. Ancaq fəhlələr etiraz etmək hüququna sahib olduqlarını, buna görə də heç yana getməyəcəklərini söylədilər.
Hamam və ayaqyolu bərbad, mətbəx yox
Bir saatdan sonra “Balaxanı Oil Company”-nin məsul şəxsləri olay yerinə gəldi. Onların bir neçəsi neftçiləri təhqir etdi, aşağıladı və işdən çıxmalarını tələb etdi. Neftçilər bu cavabdan sonra daha da əsəbiləşdilər və vəziyyət gərginləşdi. Hətta “Balaxanı Oil Company”nin işçilərinin bəziləri qarşıdurma yaratmaq istəyirdi, bu isə vəziyyətin daha da gərginləşəcəyini göstərirdi. Buna görə də başqa səlahiyyətli şəxslər qarşıdurmanın olmaması üçün aranı sakitləşdirməyə çalışdılar. Etirazçılara bildirdilər ki, onların bütün şikayətləri araşdırılacaq. Ancaq neftçilər deyilən sölərin boş vəd olduğunu həmin şəxslərin diqqətinə çatdırdı.
“Idarənin əvvəlki rəisi Mübariz Məmmədov bunlara nisbətən daha insaflı idi. Bizimlə tez-tez görüşrdü, problemlərimizlə maraqlanırdı. Bəzən elə olurdu ki, məsələ həllini tapmasa da heç olmasa qəbul edirdi. Ancaq indiki rəis mühafizəçi ilə gəzir. 10 metrliyinə belə düşmək mümkün deyil”.
Balaxanı NQÇI-nin maliyyə meneceri Seyfəddin Qeybullayev aksiyaçılara onların tələbləri araşdırılacağını vəd etdi. Ancaq bu kəlmə də heç bir işə yaramadı.
Neftçilər deyirlər ki, onlara verilən tibbi sığorta heç bir işə yaramır: “Əksər fəhlələrin tibbi sığorta kartlarının balansı bir qayda olaraq, sıfıra yaxın olur. Əgər balansda pul olarsa, bu məbləğlə müayinə etmək mümkün deyil. Buna görə də biz sağlamlığımızın qeydinə qala bilmirik. Hamam və ayaqyolumuz elə bərbad vəziyyətdədir ki, ondan istifadə etmək mümkün deyil. Fəhlələr üçün yeməkxana da yoxdur. Evdən gətirdiyimiz yeməyi qızdırmaq üçün şərait yaradılmır”.
“Bizlər uzun müddət bu sahədə çalışaraq, mənzil növbəsinə durmaqla, illərlə kirayələrdə yaşamaqdan qurtulmaq istəmişik. Ancaq müəssisəmizə yeni şirkət və idarəçilik gələndən sonra bizi bu mənzil növbəsi siyahılarımızdan da məhrum etdilər”,- deyə etirazçılar qeyd etdilər.
Neftçilər tələb edirlər ki…
Fəhlələr jurnalistlərlə söhbətində NQÇI-də idarəçilər dəyişəndən sonra onlarla əvvəlki əmək müqavilələri əsasında deyil, yeni əmək müqavilələri bağlamağa başlanıldığını da dedilər: “Bu əmək müqavilələri isə müvəqqəti əsasla bağlanmışdı. Bu da hazırda qüvvədə olan Əmək Məcəlləsinin tələblərinə ziddir. Çünki Əmək Məcəlləsinin 63-cü maddəsində qeyd olunur ki, neft-qaz çıxarma idarələrinə yeni idarəçilər gələrkən mühəndis-rəhbər heyəti, o cümlədən mühasib istisna olmaqla, digər əmək kollektivilə əvvəlki əmək müqavilələri qüvvədə qalır. Üstəlik, bizimlə bağlanan müvəqqəti əmək müqavilələri də tanış olmaq imkanımız yoxdur. Əmək müqavilələrinin surətləri belə, bizə verilməyib”.
Neftçilər tələb edirlər ki, əmək müqavilələri Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə onlarla daimi bağlansın və surəti verilsin: “Bundan başqa əməkhaqları 2 dəfə artırılsın, bərbad və dözülməz iş şəraiti yoxlanılsın, təcili olaraq, onun keyfiyyəti yüksəldilsin, tibbi sığorta kartlarının balansı kifayət edəcək miqdarda artırılsın”.
***
4 saatdan artıq davam edən etiraz aksiyası yekunlaşdı. Ancaq neftçilər bildirdilər ki, bu son deyil, tələbləri qısa müddətdə yerinə yetirilməsə, tətilləri uzunmüddətli olacaq.
Ramin DEKO