Elmar Məmmədyarovun Hafiz Paşayevlə əvəzlənməsi niyə baş tutmayıb?
Bir müddət əvvəl hakimiyyətdə xarici işlər naziri Elmar Məmmədyarovu Hafiz Paşayevlə əvəzləmək qərarına gəlinib. Lakin son anda bu məsələ təxirə salınıb. Bu barədə “Azadlıq”a hakimiyyətdaxili mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, qərara əsasən Hafiz Paşayevlə əvəzlənən Elmar Məmmədyarov xarici ölkələrdən birinə səfir göndərilməli imiş. Bu Paşayevlər qrupunun planı olub. Lakin sonradan belə qənaətə gəlinib ki, Hafiz Paşayevin xarici işlər naziri təyin edilməsi hakimiyyətdəki digər nüfuzlu qruplaşmada – “Naxçıvan” klanında qıcıq doğura bilər. “Doğrudur, əslində ”Naxçıvan” klanı üçün Elmar Məmmədyarovla Hafiz Paşayevin fərqi yoxdur. Çünki xarici işlər naziri də Paşayevlərin komandasında təmsil olunur. Lakin Paşayevlər düşünüb ki, Mehriban Əliyevanın əmisi olan Hafiz Paşayevin xarici işlər naziri təyin edilməsi, birinci ledinin 2013-cü ildə keçiriləcək prezident seçkisində iştirakı məsələsinin qətiləşdirilməsi anlamına gələr bilər. Yəni, “Naxçıvan” klanında belə qənaət formalaşa və bu, indidən hakimiyyət daxilində ciddi parçalanmaların yaşanması ilə nəticələnər. Bu baxımdan da Elmar Məmmədyarovun Hafiz Paşayevlə əvəzlənməsi müvəqqəti olaraq təxirə salınıb. Istisna deyil ki, bu məsələ seçki vaxtı yenidən gündəmə gəlsin”, – deyə mənbə bildirib.
Hikmət