Sentyabrın 20-də baş prokurorun birinci müavini Rüstəm Usubov “Trend” agentliyinə müsavatçı gənc Nigar Yaqublunun həbsi ilə bağlı müsahibə verib. Sentyabrın 21-də Nigarın atası, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu “Media forum” saytına açıqlamasında Rüstəm Usubovun müsahibəsində irəli sürülən bir sıra ittihamları cavablandırıb.
Tofiq Yaqublu deyib:
– Nigarın 7 dəfə istintaqa çağırılması və hər dəfə istintaqdan yayınması haqda deyilənlər qəti şəkildə doğru deyil. Kim gəlib bizim evə, Nigarı istintaqa kim çağırıb? Hanı dəvətlər? Kim zəng edib, onunla kim danışıb? Nigarı 7 dəfə istintaqa çağıran kim olub?
Hadisə baş verən gündən müstəntiq həmişə mənimlə telefon əlaqəsi saxlayıb, danışıqlarımızı da yazıblar. O yazılardan da aydınca görünür ki, müstəntiqlə aramızda heç bir problem yoxdur, ifadə vermək üçün hansı tarixi deyibsə, mən dərhal razılaşmışam və Nigarı dəvət edən kimi də polis şöbəsinə getmişik. O, ifadə verib və elə ilk ifadəsində də sükan arxasında olduğunu etiraf edib.
Müstəntiq Nigarla yalnız onun ciddi bədən xəsarətləri aldığı zaman – hadisədən dərhal sonra görüşüb. Sual olunur, əgər Nigar onun şifahi sualına cavab olaraq sükan arxasında olmadığını demişdisə, müstəntiq nəyə əsasən onun şəxsiyyət vəsiqəsini və ümumvətəndaşlıq pasportunu götürmüşdü? Nigarın elə dediyi harada qeyd edilib? Ona ilkin tibbi yardım göstərilməməsinin və dərhal hospitala çatdırılmamasının səbəbini niyə soruşmurlar?
Sentyabrın 6-da Nigar müstəntiqə ifadə verib. Müstəntiq növbəti dəfə sentyabrın 10-da gəlməyi xahiş edib. Deyilən vaxtda da ora getmişik. Səhərdən axşam saat 19:30-dək onun otağında olmuşuq, oradan Nigar məhkəməyə aparılıb, istintaqdan yayındığı adı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Nigarın istintaqdan yayınması barədə deyilənlər absurddur.
Rüstəm müəllim deyir ki, artıq istintaq Nigarın sükan arxasında olduğunu və qəzanı onun törətdiyini tam sübuta yetirib. Lap yaxşı, bəs onda Nigarı niyə həbsdə saxlayırsınız? Axı onu istintaqa mane olmaq və istintaqdan yayınmaq bəhanəsi ilə tutmusuz və əgər istintaq hər şeyi sübuta yetiribsə, niyə onu buraxmırlar? İlkin istintaq işini bitiribsə, məhkəmə təyin olunmalı, qərarı da məhkəmə verməlidir.
Rüstəm müəllim deyir ki, Nigar Yaqublunun atası, yəni mən vəkil Osman Kazımovla dəfələrlə görüşmüşəm və biz qəzanın Nigar Yaqublu tərəfindən törədilməməsi fikrini formalaşdırmağa çalışmışıq. Osman bəylə mənim görüşüb nəyi müzakirə etdiyimizi Rüstəm Usubov hardan bilir? Yoxsa bizim danışıqlarımızı dinləyirlərmiş? Qəti şəkildə bəyan edirəm ki, bu, uydurmadır.
Hörmətli Rüstəm Usubov aydınlıq gətirsin ki, deputatların Nigarı zaminə götürmək müraciətlərinə niyə müsbət cavab verilməyib? Açıqlasın ki, saysız-hesabsız yol-nəqliyyat hadisələrinə görə indiyə qədər neçə adam haqqında həbs qətimkan tədbiri seçilib? Rüstəm müəllim bu suallara cavab versə, bəlli olacaq məsələni siyasiləşdirən kimlərdir.
Nigar Yaqublu Müsavat Gənclər Təşkilatının sədr müavini, partiya Məclisinin üzvüdür. O, sentyabrın 11-də tutulub. Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Sentyabrın 17-də Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb.
Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. İstintaq Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini iddia edir.