Qarabağın azadlığı Ermənistanın insafına qalıb?
YAP hakimiyyəti 25 ildir Qarabağ danışıqları aparır. Amma hələ də zərrə qədər irəliləyiş əldə olunmayıb. Əksinə, atəşkəs dövründə minlərlə əsgərimiz şəhid olub, hər gün düşmən atəşkəsi pozmağa davam edir və açıq mesaj verilir ki, bir qarış torpağı geri qaytarmayacağıq. Azərbaycan hökuməti isə “bizim güclü ordumuz var”, “lazım gəlsə, İrəvanı alarıq”, “Sülh danışıqlarının potensialı tükənməyib” kimi arqumentlərlə Qarabağı unutdurmaq siyasəti yürüdür.
Bugün isə ölkə başçısı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Qarabağ məsələsi də müzakirə olunub və İlham Əliyev yenə də Ermənistandan şikayətlənib: “Ermənistanın riyakar və qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə başlıca maneədir. Ermənistan öz işğalçılıq siyasətini davam etdirir və işğal edilmiş torpaqlarımızda Azərbaycanın milli, dini və tarixi abidələrini məhv edir”-deyə İlham Əliyev bildirib.
Bəli, öregionun lider ölkəsinin, analoqsuz inkişaf edən dövlətinin başçısı, regionun acından ölən ölkəsindən şikayət edir. Hərbi büdcəsinin düşmənin dövlət büdcəsindən çox olduğuna görə öyünən prezident, Ermənistanın riyakarlığından təəssüflə danışır.
Ddüşmən riyakardırsa, danışıqlar prosesində səmimi deyilsə, bu qədər danışıq kolleksiyası yığmağın nə mənası var? 20 faiz torpağı düşmən tapdğında olan ölkənin başçısı şikayətlənirsə, bəs bu ölkənin taleyini kim həll etməlidir?
İlham Əliyev başqa vaxt qətiyyətdən, müstəqil siyasətdən dəm vurur. Bəs, bu qətiyyət düşmənə qarşı niyə tətbiq olunmur? Niyə riyakarla üz-üzə oturub təbəssüm etmək zərurəti yaranır?
Ölkə müxalifətinə qarşı göstərilən qətiyyət, qisasçılıq hissi, nifrət duyğusu düşmənə göstərilsəydi, bugün Şuşada rəqs eləyirdik. Amma görünən budur ki, dövlətin gücündən düşmənə zərbə vurmaq üçün yox, xalqı səfil vəziyyətə salmaq üçün istifadə olunur.
Və bütün bunlardan sonra, bir sual meydana çıxır. Qurultayda İrəvana qədər gedən prezident real həyatda nə vaxt irəli gedəcək? Ümumiyyətlə, İlham Əliyev nə vaxta qədər Sarkisyandan şikayət etməklə kifayətlənəcək? Uzaqgörən siyasət üzrə mütəxəssislər, daha neçə onilliklər mənasız danışıq aparmaq niyyətindədilər?
Belə çıxır ki biz yerimizdə oturub, Ermənistan hökumətinin insaflı vaxtını gözləməliyik. Ermənistan israrından dönüb, bir kənd azad etməlidir və AzTv də bunu “uğur diplomatiyası” kimi gözümüzə soxmalıdır.
Təcavüzə şikayətlə yox, əməllə cavab vermək lazımdı. Bunu isə yalnız xalqın seçdiyi və vətənini sevən hökumət edə bilər
Samir