Ruslar daha bir yürüş etdilər. Rəsmilər yürüşdə 11, müxalifətin özü isə 100 min nəfərin iştirak etdiyini deyir. Ədədlərin elə də fərqinə varmıram və mənə elə gəlir ki, əsas neçə nəfərin iştirakı deyil, insanların etirazıdır. Məni sadəcə, bir məsələ qayğılandırır ki, etirazın liderləri bir qədər rusiyalıları və hətta xarici müşahidəçiləri yormuş adamlardır. Amma bu onların günahıdır, yoxsa Rusiya cəmiyyətinin?
Mənə elə gəlir ki, cəmiyyət öz siyasi qısırlığını başqa bəhanələrlə ört-basdır etməyə çalışır. Bu problem elə Azərbaycanın özündə də yaşanır. Deyirlər filankəslər bizi yorub. Nə demək olar? Buyurun, başqalarını təqdim edin. Biz burada iki amillə rastlaşırıq. Biri cəmiyyətin öz ətaləti, tənbəlliyidir, digəri isə bəzi siyasətçilərin inadkarlığı. Mən belə inadı başqa ölkələrin təcrübəsində də görmüşəm. Türkiyədə S.Dəmirəli, Italiyada S.Berluskonini qeyd etmək olar. S.Dəmirəl çox inadkar siyasətçi idi, siyasət olimpinin zirvəsinə qədər addımladı. Başqalarına mane olurdumu? Təbii ki, demokratik siyasətin yol verdiyi qədər, rəqabət mühitinin imkan verdiyi və sivil qaydalarla tənzimlədiyi qədər. Mənə elə gəlir ki, Türkiyə siyasətində bu an rəqabət daha gərgin keçir, siyasətçilər bəzən “qurşaqdan aşağı”, kəskin zərbələr də alırlar. Yəni dediyim odur ki, demokratik şəraitdə kiminsə siyasi inkişafının qarşısını almaq o qədər də asan olmur. Bəzən hakimiyyətlər ona nail olur ki, siyasi mühit hədsiz dərəcədə ağır olur, xalis cəngəlliyi xatırladır və belə şəraitdə yalnız ən inadkarlar siyasətdə qala bilirlər. Azərbaycanda o mühit 1993-cü ildən, Rusiyada isə V.Putinin hakimiyyətə gəlişindən sonra bərqərar olub. Cəmiyyətsə bunun səbəbini hakimiyyətdə, real siyasi sistem çərçivəsində görmür, günahı və ya təqsiri müxalifətdə axtarır. Indi Rusiyanı seyr edəndə belə təsəvvür yaranır ki, B.Nemtsov və yaxud başqası siyasəti bir neçə illiyə “icarəyə” götürüb. Lakin belə deyil. Bu, sadəcə zahiri görüntü ola bilər. Səbəblərin kökü cəmiyyətdədir. Böyük despotiya təcrübəsi və bu təcrübənin cəmiyyətə aşıladığı vərdişlər yeni siyasətçilərin meydana gəlişi üçün zəmin qoymur. Dubinka intellektualları yox, necə deyərlər, kəlləsinin “möhkəmlik əmsalı” böyük olanları irəli verir və onları seçir. Belə vəziyyət intellektual siyasətçilərdən əlavə keyfiyyətlər tələb edir. Yeganə situasiyadır ki, mən bu situasiyada bir fikirlə razılaşıram: bəli, siyasət nəcib qızlar üçün nəzərdə tutulan klub deyil, necə deyərlər, nəcib qızlar gimnaziyası deyil. O ki qaldı, başqa situasiyalara, siyasətdə etik dəyərlərə böyük məzmun və önəm verməyin tərəfdarıyam. Əslində, bir qədər əvvəl dediyim fikrə aydınlıq gətirmək o qədər də çətin deyil. “Əlavə keyfiyyətlər” nədir? O, dözüm, inad və iradə deməkdi.
Burada yadıma başqa bir fikir də düşür. Ə.Elçibəy deyirdi ki, həbsdə olmayan siyasətçi qızılca çıxartmayan uşaq kimidir. Təbii bu fikri absurda qədər inkişaf etdirməyin mənası yoxdur, söhbətin hansı və nə kimi xüsusiyyətləri olan rejimlərdən getdiyi aydındır. Bir dəfə kiçik söhbət zamanı bir nəfər dedi ki, həbsdə olmağa nə var ki, CAR-da mənim nəinki N.Mandela kimi 27 il, hətta 37 il həbsdə yatmağa gücüm çatardı. Ona bir söz demədim, çünki Mandelanın məhbəs həyatından bəzi detallar mənə məlum idi, o cümlədən onun həbsxana zibbilliyində eşələnib qəzet parçaları axtarması da. Bunu niyə deyirəm? Həbsxana hər yerdə həbsxanadır. Siyasi fəallar nəzərə alamalıdırlar ki, qeyri-demokratik rejimlərdə onları bu aqibət də gözləyə bilər. Bunu siyasətin məntiqi iddia edir, mən yox. Qeyri-azad və qeyri-demokratik rejimlərdə zorakılığa qarşı fiziki dözümün olmalıdır. Mən siyasətdə olan adamlar tanıyıram ki, heç vaxt aksiyalarda iştirak etməyiblər.
Belə adamlar siyasətdə ikinci, üçüncü pillələrdə yer tuta bilərlər, amma heç vaxt birinci ola bilməzlər. Birinci olmaq adamdan çox keyfiyyətlər tələb edir.
Kiçik sözardı
Bəzən elə olur ki, mən dediyim adamlar hətta avtoritar rejimlərdə ilk pilləyə qədər addımalayırlar. Amma bu, mənasız şeydir. Onlar birinci olsa da ciddi, praktiki nəticə əldə edə bilməzlər. Hətta M.Qandinin siyasəti belə insandan böyük əzm və inad tələb edir.