Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti “Çudo Peçka” MMC-yə məxsus istehsal sexlərində ciddi nöqsanlar aşkar edib.
Komitənin mətbuat xidmətinin məlumatına görə, müəssisənin 16 ünvanda fəaliyyət göstərən satış nöqtələrində məhsulların təsdiq olunmuş resepturaları, texnoloji təlimatları yoxlamaya təqdim edilməyib. Tort məhsullarının qablaşdırılmasında tozlu qablaşdırma materiallarından istifadə olunduğu aşkar edilib.
Yoxlama zamanı anbarlarda xammalların saxlanma qaydalarına və normalarına əməl edilmədiyi üzə çıxıb.
Müəssisə tərəfindən istehsal olunan tortların bəzədilməsində və hazırlanmasında da normalara əməl olunmur. Məsələn “Kriolla” tortunda 400 qr. şanti kreminin istifadəsi nəzərdə tutulduğu halda müəssisədə bu gözəyarı və normadan artıq istifadə olunur. Həmçinin tort bəzədilməsində mənşəyi məlum olmayan boyaq maddələrdən istifadə olunur. Araşdırma zamanı anbarda saxlanılan tortların istehsal tarixinin yalnız satış şəbəkələrinə göndərildikdə yazıldığı müəyyən edilib.
Mətbuat xidməti bildirir ki, kulinar məmulatların hazırlandığı sexdə xammallar antisanitar vəziyyətdə saxlanılır. Çiy ət bişmiş toyuq və mal ətinin yarımfabrikatları ilə bir soyuducuda üst-üstə yığılmış vəziyyətdə saxlanılır. Un məmulatlarının hazırlanması üçün alınan malın ağ və qara ciyərinə orqonoleptik baxışı
zamanı ağ ciyərin üzərində qurd aşkar edilib.
Həmçinin mənşəyi məlum olmayan poliproplen qablarda yararlılıq müddəti bitmiş 200 kiloqrama yaxın yağ və süd məmulatları müəyyən edilib.
Eyni zamanda yoxlama zamanı baytarlıq sənədi olmayan on kilolarla mal əti, qara və ağ ciyər aşkarlanıb.
Müəyyən edilib ki, müəssisədə sertifikatlaşdırılmadan çiy dönər hazırlanır və satış şəbəkələrinə paylanır. Çiy dönər turşudulmuş qatıq, kola içkisi və müxtəlif ədviyyatlardan hazırlanmış sousda bir gün ərzində saxlanılır.
Soyuducu kamerada xammallarla yanaşı geri qaytarılması üçün satışdan çıxarılmış dönər qiyməsi də aşkar olunub.
Müəssisənin 11-ci satış nöqtəsində (“Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında) və 13-cü satış nöqtəsində (“Nizami” metro stansiyasının yaxınlığında) vitrinlərdə yararlılıq müddəti bitmiş gavalı və mimoza salatlarının satıldığı, həmçinin xammal kimi istifadə olunan yararlılıq müddəti bitmiş kolbasa məhsulları aşkar olunub.
“Çudo Peçka”da araşdırmalar davam etdirilir.
Xatırladaq ki, “Çudo Peçka”nın satış müəssisələri əhali arasında sanitar və təmizlik baxımından populyardır.
“Çudo Peçka”nın satış və istehsal prosesində qayda və normaların bu qədər pozulması eyni zamanda digər satış və istehsal nöqtələrində vəziyyətin nə qədər dözülməz olduğuna bir nümunədir.