Prezident Aparatında işləyən Əli Həsənov jurnalistlərlə ciddi zarafat eləyib. Deyib ki, Azərbaycanla Tunis arasında oxşarlıq yoxdu. Hətta belə əlavəsi də olub: “Ona görə də bəri başdan Azərbaycan müxalifətini yandırmağa göysatan axtarmaq fikrindən çəkinməyə çağırıram. Hazırda Azərbaycan müxalifəti və onun funksionerləri tökülüb küçələrə özünü yandırmağa göysatan axtarırlar ki, bəlkə, bu yolla Azərbaycanda hakimiyyətə gələ bildilər” (“Azadlıq” radiosu).
Şəxsən mənə elə gəlir ki, adam haqlıdı, göysatan məsələsində. Axtarmağa dəyməz. Çünki bu ölkədə bütün göysatanlar, ağsatanlar, qarasatanlar, qatıqsatanlar hamısı çoxdan yandırılıb. Əli müəllimin sözçüsü olduğu hakimiyyətin yandırmadığı kimsə qalmayıb. Elə üç-dörd gün qabaq bir gənc özünü yandırmadımı polis zülmündən? Elə polis şöbəsində daha bir gəncin canını alıb ata-anasının ürəyini yandırmadılarmı?
Dağbilici kəndində Məcidova bacılarını oğurlayıb anasına dağ çəkmədilərmi?
Cəfəng bir park salmaq üçün xalqın evini başına uçurmadılarmı? Adamları infarkt eləmədilərmi? Intihara zorlamadılarmı?
Yüzminlərlə gənci dolanışıq dərdilə dünyanın dörd-bir köşəsinə axıtmadılarmı? Gedənlərin hər gün bir-ikisinin tabutu evlərinə dönmədimi?
Aqil Xəlili – məsum və gənc jurnalisti ürəyindən bıçaqlamadılarmı Zeytunluq bağının qırılaraq torpağının satıldığını yazdığına görə? Barmaqlarını qapı arasında qoymadılarmı? Başına sellofan torba keçirmədilərmi? Yurd-yuvasından didərgin salmadılarmı?
Azərbaycan Neft Akademiyasında şəhid olan tələbələrin qanı qurumamış, anım günü Gül bayramı keçirib sümüklərini sızlatmadılarmı?
Düşünə bilən 8 milyon insanı qorxu, xof, kütləşdirmə sayəsində lal-daş məxluqat halına salmadılarmı?
Bəli, yandırmaq üçün göysatan aramağa dəyməz. Bütün göysatanlar yandırılıb. Indi Azərbaycan vətəndaşları son ticarət işinə girişiblər – ruhlarını satırlar. Artıq bu ölkə ruhsatanlar ölkəsidi. Hakimiyyət həvəslə insanların ruhunu alır. Əvəzində ruhsuz da olsa, daha bir sürə yaşamaq haqqı verir. Bu hakimiyyətin vətəndaşı ilə yeganə bağı qalıb ki, o da ruh alveridi.
Cin iynədən qorxur, Azərbaycan hakimiyyəti də ruhdan. Ruhunu satmamış bir insan gördülərmi, axırına çıxmasalar, ruhunu almasalar əl götürməzlər.
20 Yanvar şəhidlərinin ziyarəti zamanı da eyni mənzərə yaşandı. Böyük bir polis ordusu bir plakat gördü və ruh görmüş kimi diksindi. Ziyarət üçün addımlayan müxalifət qüvvələrinin əlində tutduğu və üstünə “AZADLIQ” sözü yazılmış bu plakat polisi dəliyə çevirdi. Polis zabiti qorxusundan dəstəni saxladı, adam başı boyda şriftlə yazılmış “AZADLIQ” sözünü höccələyə-höccələyə oxudu və plakat haqda yuxarı məruzə elədi. Yuxarıdakı da “al” dedi. Çünki düşündü – al deməsəm, sonra dərimə saman təpərlər. Al, başıbatmış, al, bilirəm sən də məndən qorxubsan ki, “gördünsə, niyə almadın”,- deyərəm sonra. Polis dəstələri sanki Qarabağ uğrunda savaşa başladı və sonunda qalib çıxdı. Fotolarda plakatı ələ keçirmiş polisin şəkli var. Elə qaranafəs və sevinc içində yüyürür ki, elə bil, düz Ilham Əliyevin üstünə qaçır və demək istəyir: “Rəis, mən onların ruhunu aldım”. Və bu cavabı alacağını gözləyir: “Məni sevən hər kəs bu polis nəfərinə ənam versin”. Başqa bir polis də Isa bəyin barmağını sındırıb torbaya qoymaq və eyni ünvana qaçıb əlahəzrətin ayaqları altına atmaq istəyir. Ancaq deyəsən, cavab düz gəlmir axı… Birdən olmadı elə, oldu belə… Əlahəzrət hissə qapılıb dedi:
“Isa bəyin barmağı da gözəldi”… Indi döy başına, yan kor oğlu…