Azərbaycanda minimum əmək haqqı 14 manat artırılaraq, 130 manat müəyyən edilib. Bununla bağlı dekabrın 25-də prezident İlham Əliyev sərəncam imzalayıb.
İqtisadçı Zöhrab İsmayılən fikrincə, son 10 ildə 132 milyard dollar neft gəliri olan bir ölkədə minimum əmək haqqının 130 manat – 76 dollar olması biabırçılıqdır:
“Azərbaycanda minimum əmək haqqı Əfqanıstandakı qədərdir. Müharibədən çıxmış, aclıq içində olan, vətəndaş müharibəsi gedən, heç bir təbii sərvəti olmayan Əfqanıstanla Azərbaycanda minimum əmək haqqı eynidir. Bu böyük bir faciədir. O biri yandan Kanadanı götürək. Orada 1 saat iş 11 dollardır. Yəni, bir kanadalı cəmi 8 saat işləyir və Azərbaycandakı bir aylıq minimum əmək haqqını alır”.
Amerikada və əksər Qərb ölkələrində minimum əmək haqqı hər saat üçün hesablanır. Azərbaycan rəsmiləri bəyan edirlər ki, minimum əmək haqqının tədricən yaşayış minimumuna uyğunlaşdırılması hökumətin əsas hədəfidir. Hökumətin qəbul etdiyi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu haqda xüsusi qeyd edilir. Konsepsiyada yazılır:
“İşləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə, iqtisadiyyatın inkişafından asılı olaraq, minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyənləşdirilmiş normativə – orta aylıq əmək haqqının 60 faizi məbləğinə çatdırılması üçün tədbirlər görüləcək”.
Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, qarşıya qoyulan hədəfə çatmaq üçün plan uğurla icra edilir.
Statistika komitəsinin bu ilin noyabrında açıqladığı məlumata görə, Azərbaycanda 2017-ci ildə orta aylıq əməkhaqqı 525 manatdır. Başqa sözlə, 2020-ci il inkişaf konsepsiyasında göstərilən hədəfə çatılarsa, indiki rəqəmlərlə minimum əmək haqqı 315 manatdan az olmamalıdır.