Partiya funksionerləri Elman Türkoğlunun açıqlamalarını hiddətlə qarşıladı
KXCP üzvü Elman Türkoğlunun “zəhərlənmə şousu” ilə bağlı məlum açıqlamalarının nə dərəcədə absurd olduğu hər kəsə məlumdur. Sadəcə məsələnin ən maraqlı tərəflərindən biri bütün bu tip açıqlama və müsahibələrdə E.Türkoğlunun Elçibəyin yaxın silahdaşı kimi təqdim edilməsidir.
KXCP yetkililərinə müraciət edib bununla bağlı onların da fikirlərini öyrənməyə çalışdıq.
KXCP sədrinin müavini Qaya Əliyev əvvəlcə E.Türkoğlunun açıqlamalarına münasibət bildərərək onun ortaya atdığı iddianı təəssüflə qarşıladığın bildirdi: “Təəssüf edirəm ki, hakimiyyətin bu ”zəhərlənmə şousunda” sədrindən tutmuş, sıravi üzvünə qədər KXCP də ayrıca yer alır. Elçibəy çalışırdı ki, Azərbaycanda demokratik bir cəmiyyət qurulsun, bu rejimə qarşı mübarizə aparılsın. Məgər bu rejimin “dəyirmanına su tökmək”, ona alət olmaq Elçibəy yoludur? Budurmu Elçibəy silahdaşlığı?”.
Q.Əliyev təmsil etdiyi partiyanın mövqeyinin onu olduqca təəccübləndirdiyini də bildirib: “Xalq Cəbhəsi Partiyasının iki cinahının vahid bir partiyada birləşməsi ilə bağlı təklif irəli sürdüm. Hesab etdim ki, bu təklifin reallaşması cəmiyyətin diqqətini demokratik qüvvələrə yönəldə bilər. Amma KXCP rəhbərliyi mənim bu təklifimi az qala, ”topa tutdu”. Necə olur ki, KXCP-yə utanc gətirən addımlar yox, mənim xoş məramlı təklifim aqressiya ilə qarşılanır?”.
KXCP sədrinin müavini Fikrət Cəfərli hesab edir ki, Azərbaycan cəmiyyətinin “zəhərlənmə şousu” ilə bağlı birmənalı mövqeyinin olduğu, baş verənləri pislədiyi halda KXCP-nin bəzi üzvləri bu prosesdə alətə çevriliblər: “Bu oyunda iştirak etmək onlara başucalığı gətirə bilməz. Mən bundan olduqca təəssüf hissi keçirirəm. Inanıram ki, partiyanın sağlam qüvvələri bu məsələyə biganə qalmayacaqlar və öz sözlərini deyəcəklər”.
KXCP sədrinin müavini Ədalət Yusifov da E.Türkoğlunun məlum açıqlamalarından çox təəssüf etdiyini bildirir: “Bu məsələ partiyanın Idarə Heyətində müzakirə olunub və tamamilə fərqli mövqe sərgilənib. Hər halda Elçibəyin fiziki yoxluğundan yalnız hakimiyyət qazandı. Bu, Heydər Əliyevin varis planının qarşısın açdı, Ilham Əliyevin hakimiyyətə gəlişinin reallaşmasına şans yaratdı. Səbəbkarı Elçibəyin ölümünə görə pis vəziyyətə düşən müxalifətdə yox, başqa yerdə axtarmaq lazımdır”.