Çap olunmayan «Ölüm korpusu» kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Rövşən də bayırdakı imkanları ilə bağlı çoxlu şeylər danışardı. Adamın Sumqayıtda marketi və bir qəzet köşkü, Qobuda bir apteki, nəsə indi müvəqqəti olaraq bağlanmış işədüzəltmə bürosu, özəl təhlükəsizlik servisi… varmış. Iri bir kapitalist. “Zon”a təzə gəldiyi vaxtlar Ələtdən bir “xlebnik”i vardı. Bu oğlan bir neçə aydan sonra çıxdı. Rövşən yazıq ələtlinin dalınca dəhşətli şeylər danışdı. Ələtli bu uşaq onun qardaşından 65 min dollar borc alıb atıbmış! Təbii, Rövşənin bu nağılları məni o qədər də cəlb etməzdi, çünki belə yalanların arasında ciddi məntiqi bağlılıq yox idi. Bu cür söhbətlərin ortadan aşağı dünyagörüşlü adamlar üçün keçərli ola biləcəyini zənn edirəm. Amma ələtli uşağın söhbətinə bir az inanmışdım, çünki Rövşən Moskvada bir biznesmen qardaşının olduğunu da daim danışardı. Mən də “65 min olmasa da, 5-6 min ola bilər”, düşünürdüm. Moskvadakı bir biznesmen qardaşının həbsxana yoldaşına deyil, hətta qardaşına da 65 min dolları verməz. Versəydi, Rövşənin burada nə ölümü vardı? Amma sən demə, ələtli yazıq heç Rövşənin qardaşının səmtini də bilmirmiş. Bunu sonralar, həbsdən çıxandan sonra bildim. Günün birində oradakı uşaqların biri mənə zəng etdi ki, bunu döymək istəyirik. Səbəbini soruşdum. Adam dedi: “Bu adam hər kəsə danışır ki, guya sən onun evindən 25 min manat borc almısan. Bu pulun 5 minini Rövşən sənə bağışlayıb, qalan 20-sini də sən qaytarmırsan…”
Gülmək məni tutdu. Amma zəng edəyən adama dedim: “Ona dəyməyin, yazıqdır, qoy yalandan-zaddan danışıb başını girələsin. Döyəcəksiz, gedib düşəcəksiz ”kars”a, onsuz da onun bu yalanına inanan yoxdur, boş yerə niyə əziyyət çəkirsiz ki?!”.
Mənim tövsiyəmə baxmayaraq, onu möhkəmcə sıxdıqlarını eşitdim: “Sən burada onun hesabına fırlanırdın, indi adamın dalınca belə böhtanlar danışmaqla özünü sarsaq vəziyyətə qoyursan”, – kimi sözlər deyiblər, təpiniblər.
Rövşən pis uşaq deyildi. Sadəcə, savad və dünyagörüş qıtlığı onu iddia elədiyi səviyyənin müqabilində yarımçıq adam eləmişdi. Ikinci dəfə “178″lə həbs edilən, ”jurnalistəm” deyib latın əlifbasını tanımayan, içəridə ərizə yazmaq hesabına özünü ayaqda tutmağa cəhd eləyən bir adam kimi çox orijinal idi. Mən ona çox hörmətlər etdim, qarşıma çıxsa, yenə də hörmətlə qarşılaram və xətrinə dəymərəm. Amma gərək, mənim dalımca o sözləri danışsa da, Afərin pulunu atmayaydı. Afər Bakıya biznes üçün gələn türklərdən deyildi. Bakıya bir həmyerlisinin açdığı iş yerində dəmirçi işləməyə gəlmişdi. Yaxşı usta kimi gətirmişdi onu. Amma yaramaz adam bu qədər saf, halal, doğru-dürüst bir insanı şərləyib tutdurmuşdu. Afərin əlləri cadar-cadardı dəmir döyməkdən, alnı da puçur-puçur tər axıdacaq şırımlar idi. Belə əllər əyri ola bilməzdi. Bu əllər halal çörək qazanmaqdan başqa heç nəyə yaramazdı. Rövşən də gərək onun əllərinə hörmət eləyəydi, ən azı…
***
Dekabrın 2-də axşam yeməyindən sonra həyətdə uşaqlarla gəzişirdim. Yevlaxlı Ruslan qaçaraq yanımıza gəldi. Bu uzunboylu cavan uşaq oğurluğa görə həbs edilib 4 il yarım iş almışdı. Dikbaş, amma öz yerini bilən uşaq idi. Dikbaşlığı onun üzərinə gələnlərə qarşı ola bilərdi, amma adi psixoloji tarazlıq vəziyyətində hamı ilə mehriban olmağa çalışırdı. Bizə yaxınlaşıb həyəcanla dedi: “Televizorda sizin kəndi göstərirdilər. Orada çoxlu adamlar vardı. Nəsə dedilər, amma açığı, başa düşmədim, xəbərin axırına qulaq asa bildim”.
Burada belədir, televizor bütün günü meyxanaya işləyir. Arada kimsə hansısa kanala fırlayır ki, bəlkə kriminal xəbərlərdə maraqlı nəsə oldu, amma qalan vaxtlarda disk qoyub ya avara seriallara baxacaqlar, ya da meyxanaya.
Ruslanın dediyi xəbəri hansısa yaxşı səmtə yozacaq halım yox idi. Saat 21 xəbərləri ötmüşdü və yalnız “Azadlıq” radiosunun saat 22 xəbərlərini gözləməli idim. Gözlədim və həmin xəbəri aldım: atam vəfat etmişdi…
Atamla sonuncu dəfə 2007-ci il noyabr ayının 8-də telefonla danışmışdım. Kənddən zəng eləmişdi: “Səni də tutublar, bala?”, – dedi.
“Yox, vallah, elə şey yoxdur. Tutsalar axı, telefona cavab verə bilmərəm” – dedim.
Məni hələ səhəri gün tutacaqdılar, amma bu, heç mənim ağlıma da gəlməzdi. Atamın nəsə ürəyinə dammışdı, elə bil. Səhəri gün polisə getməli idim, amma bundan da onun xəbəri yox idi.
Atam haqqında burada əlahiddə xatirələr yazmaq fikrində deyiləm. Sadəcə, onu çox istədiyimi deyə bilərəm. Maraqlı və çox bütöv adam idi. Böyük qardaşlarımla aralarında həmişə pərdə olub. Ya mən evin sonuncu uşağı olduğuma, ya da elə belə, bu qalınlıqda pərdəni arada tutmaq istəmədiyimə görə onu aradan götürməyə qərar vermişdim, həm də lap yeniyetməlik vaxtlarımdan. Evdə də zatən, az olurdum: ayda- iki ayda bir dəfə kəndə yolum düşərdi, bir gün-iki gün qalardım, cibimə bir az pul qoyardılar, qayıdıb gələrdim şəhərə. Əvvəllər Sumqayıta, sonra da Bakıya. Bakıda oxuduğum zamanlarda isə kəndə yolum daha seyrək düşərdi. Həmişə kəndə gedəndə atamla zarafatlaşmağı sevərdim. Amma bu zarafatlar da əməlli-başlı pərdəli replikalarla olardı. Həm də görürdüm ki, onun bu zarafatlardan xoşu gəlir. Qocaldıqca daha sakit, daha səbrli olurdu. Əvvəllər daha hay-küylü, həm də daha səbrsiz idi. Adətən qocalar səbrsiz və deyingən olurlar, atam belə deyildi. Uzun yay günləri, sanki dəqiq qrafikə bölmüş kimi, günortaları öz otağına keçib mürgüləyər, səhər tezdən və axşamları isə həyətdə oturub siqaretini tüstülədərdi: “65 ildi ki, çəkirəm”. Bunu kəndə axırıncı dəfə getdiyimdə demişdi. Həmişə də filtirsiz siqaret çəkərdi…
Atamla bağlı xatirələrimi hökmən yazacağam. O, tanınmış ictimai xadim olmayıb. Amma mövcud olduğu balaca mühitin nümunəsi idi. Kənddə-kəsəkdə, eldə-elatda, əvvəlcə hay-küylü bir cavan, gənc, sonrası isə hamının hörmət elədiyi bir ağsaqqal kişi idi…
Şübhəsiz, həbsdə olmasaydım, atam daha neçə illərsə yaşayacaqdı. Buna onun fiziki imkanları çatırdı. Bir xüsusiyyəti də vardı ki, səhhətilə bağlı problemlər olanda məndən başqa heç kimə deməzdi. Doğrudur, həkimlərin dediyinə əməl eləməyi xoşlamazdı, amma onların tövsiyəsinə tədricən uyuşmağı vardı. Iynə-dərmandan zəhləsi gedərdi və heç qəbul etməzdi, amma pəhrizə-zada diqqət yetirirdi.
Evdə az olmuşam. Səkkizinci sinifdən 1 metr 55 santimetrlik boyumu götürüb Sumqayıta oxumağa getmişəm. O zaman 15 yaşım vardı. Ondan sonra keçən 30 ili yataqxanalarda, qatarlarda, təyyarələrdə, avtomobil yollarında, əsgərlikdə, kirayə evlərdə, indi də həbsxanada yaşayıram. Bu 30 ildə atamın evində davamlı olaraq qaldığım günlərin 30 olduğunu heç xatırlamıram. Həmişə gəlib-getmişəm. Amma mənim üçün çox müqəddəs olan o evdə atamın və anamın olduğu həmişə ən güvənli xatirələrim olub. Deyəsən, o evi mənim üçün müqəddəslik dərəcəsinə qaldıran elə yaşlı, get-gedə də yaşlanan bu iki nəfər olub. Indi onlardan birinin ölüm xəbərini aldım. Əslində, keyləşdiyimi xatırlayıram. Mən atalı olmağa vərdiş eləmişdim. Baxmayaraq ki, yaşıdlarımın, məndən yaşlı-cavan nə qədər tanışımın-dostumun atasının və ya anasının “öldü” xəbərini almış, dəfnlərində, hüzr mərasimlərində iştirak etmişdim, özümün iki qardaşımı gənc yaşlarında torpağa tapşırmışdım. Amma heç ağlıma da gəlməzdi ki, günün birində mənim də atam daha olmayacaq…
ardı var