“Fövqəlnazir” İsmət Abbasovu “çörəklə imtahana çəkir”

kamal-ismet

kamal-ismetÖlkəyə idxal olunan unun satışı niyə dayandırılıb? İki nazirin savaşı əhalinin başında çatlayır

Unun bahalaşması fövqəladə hallar naziri Kəmaləddin Heydərovla kənd təsərrüfatı naziri Ismət Abbasov arasındakı ziddiyyətlərin təzahürüdür. Bu barədə “Azadlıq”a hakimiyyətə yaxın mənbə bildirib. Mənbənin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycanda yerli istehsal nəticəsində buğda ehtiyatının kifayət qədər olduğunu açıqlaması Kəmaləddin Heydərovu hiddətləndirib.
Məsələ burasındadır ki, KTN-nin bu açıqlaması buğda idxalını azaltmağa, daha doğrusu Kəmaləddin Heydərovun biznesinə zərbəsinə vurmağa hesablanıb. Əslində isə buğda ehtiyatı iddia edildiyi kimi kifayət qədər deyil. Kəmaləddin Heydərov da bunu bildiyindən Ismət Abbasovu pis vəziyyətdə qoymağa çalışıb. Mənbənin sözlərinə görə, “fövqəlnazir”in tapşırığı ilə ölkəyə idxal olunan unun satışı dayandırılıb. Bu isə dərhal unun bahalaşmasına səbəb olub. Beləliklə də buğda ehtiyatının yetərli olmadığı üzə çıxıb. Əgər buğda kifayət qədər olsaydı, bu halda idxal olunan unun satışının dayandırılması qiymətlərə təsir göstərməməli idi.
Ekspertlər də bu fikirdədir ki, unun bahalaşması Azərbaycanın taxıl ehtiyatının yetərli olmadığını göstərir.
Bununla Kəmaləddin Heydərov Ismət Abbasova sarsıdıcı zərbə endirib. Mənbə bildirib ki, indi kənd təsərrüfatı naziri vəziyyətdən çıxış yolları arayır.

Hikmət