“İstintaq müddətinin uzadılması ittihamın nə qədər əsassız olduğunu göstərir”
Milli Təhlükəsizik Nazirliyinin istintaq təcridxanasında saxlanan “Texnikabank”ın filial müdirinin müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun həbs müddətinin üç ay uzadılması sözün əsl mənasında heyrətləndirici qərardır. Söhbət nə E.Seyidovun ona irəli sürülən ittihamla əlaqəsinin olmamasından, nə də onun səhhətinin həbsxanada qalmağa imkan verməməsindən gedir.
Təbii ki, bu məqamlar şəxsin həbs müddətinin uzadılmamsına kifayət edir. Sadəcə ortada siyasi sifarişin olduğunu nəzərə alıb bu halda qərarı anlamaq olar. Əsas məsələ odur ki, E.Seyidov həbsdə olduğu 6 ay ərzində onun iştirakı ilə bir dəfə olsun istintaq hərəkətləri aparılmayıb. Müstəntiq isə həbs müddətinin uzadılmasını fəal istintaq hərəkətlərinin aparılması ilə əsaslandırıb. Axı, söhbət hansı fəallıqdan gedir ki, ittiham irəli sürdüyünüz adamı bir dəfə olsun istintaqa cəlb etməməsiniz?
Vəkil Fəxrəddin Mehtiyev hesab edir ki, istintaq müddətinin uzadılması ilə bağlı qərar ittihamın nə qədər əsassız olduğunu bir daha ortaya qoyur: “Bu vaxta qədər heç bir istintaq hərəkəti aparılmayıb. Belə olan halda istintaq müddətini artırmaq absurddur. Müddət o zaman artırıla bilər ki, həqiqətən intensiv istintaq hərəkətləri gedir və araşdırma üçün ayrılan ilkin vaxt kifayət etmir. Amma Elnur Seyidovun işində bundan söhbət gedə bilməz. Belədirsə, müddəti uzatmağa nə zərurət var? Hələ bu günə qədər bəlli deyil ki, bu iş üzrə kimə və hansı məbləğdə zərər dəyib. Guya bu vaxta qədər yoxlama işləri gedir. Bütün bunlar istintaqın qanunsuz hərəkətlərindən xəbər verir”.
Vəkil bildirir ki, siyasi sifarişlə həbs olunan Elnur Seyidov həbsdə yox, girovluqdadır: “Məlum məsələdir ki, Elnurla bağlı siyasi sifariş var. Onu məhz Əli Kərimlinin qayını olduğuna görə həbs ediblər və indi də azad etmək istəmirlər”.