Qısa və konkret yazacağam: Hakimiyyət 2003-cü ildən üzü bəri açılan iş yerlərinin 1 milyon 100 min olduğunu deyir.
Reallığı isə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri əsasında üzə çıxarmaq mümkündür. Çünki orta aylıq əməkhaqqının işəgötürən tərəfindən DSMF-yə ödənilən 22, işçinin ödədiyi 3 (ümumilikdə 25) manatın faizini 12 aya vurmaqla Fondun gəlirinə bölə və bu ölkədə nə qədər işçinin çalışdığını müəyyənləşdirə bilərik.
2011-ci ildə DSMF-nin büdcəsi 1 milyard 970 milyon idi: bunun təxminən 1.277 milyonu DSMF-nin xalis gəliri, 691 milyonu dövlət büdcəsindən trasfer, yerdən qalan xırda məbləğ isə “sair”lə formalaşmışdı.
2011-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqı ən şişirdilmiş rəqəmlərlə təxminən 350 manat hesablandığından, deməli, hər bir işçiyə görə DSMF-yə ayda 87,5, ildə 1050 manat pul köçürülüb.
Beləliklə, bəlli olur ki, 2011-ci ildə ölkədə (1.277 milyonu 1.050 manata bölməklə) 1 milyon 216 min iş yeri vardı.
Bir milyon iş yerinin fiaskosu
Əgər 2003-cü ildən keçən 8 ildə (2011-ci ilə qədər) ölkədə 1 milyon 100 min iş yeri açılıbsa, 2003-cü ildə iş yerlərinin sayının 116 min olduğunu qəbul etməyə məcburuq, eləmi?
Indi isə 2003-cü ili hesablayaq.
2003-cü ildə DSMF-nin büdcəsi 361.6 milyon manat olub (yeni manata çevirməklə hesablayırıq). Bunun 208 milyon manatı xalis gəlir, 153 milyonu dövlət büdcəsindən trasferlə formalaşıb.
2003-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 76 manat kimi rəsmən qeyd olunur. Deməli, 2003-cü ildə hər bir işçiyə görə ayda 19, ildə 228 manat ödənilib.
DSMF-nin “xalis gəlirini” – 208 milyonu 228 manata böləndə isə… 912 mindən artıq iş yeri eləyir.
Indi mənə izah eləyin: Dövlət Statistika Komitəsinin və DSMF-nin rəsmən açıqladığı rəqəmlərə görə, 2003-cü ildə 912 min iş yeri olubsa, 1 milyon 100 min “yeni iş yeri” necə açılıb ki, 2011-ci ildə ölkədə cəmi 1 milyon 216 min iş yeri vardı?
2012-ci ilin statistik bibabırçılığı
2012-ci il üçün DSMF-nin büdcəsi 2.454.300 min manat olaraq təsdiqlənib ki, bunun 1.407.500 mini Sosial Müdafiə Fondunun gəliri, qalanı (1 milyarddan çoxu) dövlət büdcəsindən transferlə başa gələcək.
Yəni, Sosial Müdafiə Fondunun builki gəliri (1.407,5 mln.) ötənilkindən (1.277,0 mln) 130.5 milyon çox olmalıdır. Orta aylıq əməkhaqqının dəyişmədiyini, 350 manat civarında olduğunu qəbul etsək, onda bu il 124 min “yeni iş yeri” açılmalıdır ki, DSMF-nin yarası sağalsın.
Statistika Komitəsinin saytında 2012-ci ilin ilk yarımili üçün 58 min iş yerinin açılması göstərilir ki, bunun da 45 mini “daimiymiş”. 45 min birinci 6 ayda açılıbsa, bu sürətlə ilin sonunda “yeni iş yerlərinin sayı” 90 mini aşmayacaq.
Bəs, DSMF neyləməlidir? Dövlətin yürütdüyü siyasətə uyğun gəlirini proqnozlaşdırırsa, ötənilki kimi, yenədəmi əlavə olaraq daha 200 milyon almalıdır?
Hazırda bu acınacaqlı durumun qarşısını almaq uğrunda çabalar yapılır. Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə tapşırılıb ki, təcili “yeni iş yerləri” aç, nə qayırırsan, nə təhər edirsən-et, DSMF-yə köçürmələri və statistikanı qaydaya sal!
Rövnəq Abdullayev isə unikal formaya əl atıb: ARDNŞ ilə bu və ya digər formada əlaqəsi olan – tenderlərində iştirak edən, layihələrində çalışan və s. – hüquqi və fiziki şəxslərə göstəriş verib ki, hərəniz 10 nəfər işçi götürdüyünüzü rəsmi sənədlərə qeyd edin!
Indi həmin sahibkarlar “yeni iş yerləri” açır: şəxsiyyət vəsiqəsi olan, özünün isə harada olduğu bilinməyən şəxslərlə müqavilə “bağlayırlar”. Işçi heç vaxt işə çıxmır, maaş almır, amma statistika aparılır və sahibkarlar “yeni açdıqları” iş yerlərinə görə aybaay DSMF-nin faizini ödəyirlər.
Beləliklə, 2012-ci ilin proqnozu özünü “doğruldur”, DSMF-nin gəlirləri düzəlir, “yeni iş yerlərinin” statistikasında “xüsusi artım” seçki öncəsi xalqın gözünə üfürülür: hər şey qaydasına düşür, təkcə getdikcə canlı meyitə çevrilən – hər ay maaşa “qol çəkən”, amma pulun üzünü görməyən, işləməyindən xəbərsiz olan Azərbaycan vətəndaşından başqa…
Belə biabırçı hakimiyyətin ola biləcəyi yuxumuza da girməzdi, amma başımıza gəldi…