“İmperial AS”ın tikdirdiyi bina 6 ailənin həyatını təhlükəyə atıb; şirkətin söküntü işləri bir nəfərin həyatdan getməsiylə sonuclandı
Metronun “Qara Qarayev” stansiyasının yaxınlığında Tofiq Abbasov küçəsi 32 ünvanında iki mərtəbəli iki bloklu bina qəzalı vəziyyətə düşüb. Səbəb isə sözügedən ünvanın yanında “Imperial AS” MTK-ya məxsus 16 mərtəbəli yaşayış binasının tikilməsidir. “Imperial AS” üç il bundan əvvəl tikinti işlərinə başlasa da sona çatmayıb. Binanın tam tikilib qurtarması bu ilin sonuna qədər uzanacaq. Bu azmış kimi tikinti şirkəti daha bir 16 mərtəbli bina tikməyi başlayır. Artıq yeni tikilinin özülü də qoyulub…
“Öldürdükləri adamın qırxı çıxmamış evini sökdülər”
16 mərtəbəli yaşayış binasının özülü qoyulanda Tofiq Abbasov küçəsinin sakinlərinə bazar qiymətlərinə uyğun kompensasiya veriləcəyi söylənib. Bir müddət keçəndən sonra məlum olub ki, “Imperial AS”nin 2 otaqlı mənzil sahiblərinə 60 min, 3 otaqlı evi olanlara 80 min dollar pul vermək niyyəti var. Ya da sakinlər yeni tikilən binada öz mənzillərin sahəsindən iki dəfə az ev götürə bilərlər. Camaat isə hər iki şərti qəbul etmir.
Tofiq Abbasov 32-dəki binanın bir blokunun yarısı uçurulub. Nəticədə 2 ailə evindən didərgin olub. Sakinlərin dediyinə görə, yaşlı adam olan Şərəfəddin Dadaşdov mənzilində dünyasını dəyişib: “Həyat yoldaşı iki il öncə dünyasını dəyişib. Tək yaşayırdı. Ona deyirdilər ki, evindən çıx. Yazıq da deyirdi ki, evdən çıxıb harada yaşayacam. Çox əsəbləşirdi. Birdə gördük ki, evində dünyasını dəyişib. Mərhumun qırxı çıxmamış evini sökdülər. Deyilənlərə görə, evindən pul da tapılıb, onu da götürüblər”.
Sakinlər deyir ki, o biri sakinin evi təmirsiz olduğu üçün tikinti şirkətinin təklif etdiyi şərtlə razılaşıb: “Ancaq ”Imperial AS”ın şərtləri bizi qane etmir. Bizim evlərimiz təmirlidir, metronun bir addımlığındayıq. Onların verdiyi 60-80 min dollara “Qara Qarayev”də mənzil almaq olmaz. Gəlib pulumuzu versinlər, sonra da özlərinə nə tikirlər, tiksinlər”.
“Yararsız deyildi, indi yararsız hala salıblar”
Sakin Yaqut Əliyevanın sözlərinə görə, əvvəlcə onlara normal pul veriləcəyi deyilib: “Bizə dedilər ki, ”Imperial AS” bizim ərazini alıb. Sakinlərlə də görüşüb bazar qiymətlərinə uyğun kompensasiya verəcəklər. Bir müddət keçəndən sonra məlum oldu ki, tikinti şirkəti bizim binanı “yararsız haldadır” adıyla sənədləşdirib. Halbuki bu bina Sovet vaxtı tikilib və çox möhkəm binadır. Ikincisi, binanın yararsız olmasıyla bağlı heç vaxt ekspertiza əraziyə gəlməyib, yoxlama aparmayıb. Bakıda zəlzələ olanda biz mənzilimizdə hiss etmədik. Çünki möhkəm tikilib. Yararsız halda deyildi, ancaq indi yararsız hala salıblar”.
Sakinlər deyirlər ki, onlar şirkət rəhbərliyinin bu şərtlərini qəbul etmirlər: “Verdikləri pul da azdır, tikdikləri bina da qorxuludur. Yeni tikilən binanın özülünü gördük. Tamam su içində idi, indi qurudublar. Bundan başqa, verdikləri mənzil təmirsizdir. Təmir etdirmək üçün pul lazımdır, üstəlik, o müddət ərzində kirayədə yaşamalıyıq. Onların şərtiylə razılaşmadığımız üçün ”görün sizin başınıza nə oyun açacağıq” deyib hədələyirlər.
Bina sakinləri qorxu içində yaşadıqlarını söyləyirlər: “Hər an evimiz başımıza uça bilər. Biz onlardan öz haqqımızı tələb edirik. Haqqımız da bazar qiymətlərinə uyğun kompensasiyadır. Çünki onlar bizim evi istəyirlər, biz məcburən satmırıq”.
Sakinlər onu da bildirdilər ki, tikinti şirkətində çalışan fəhlələrdən biri bu yaxınlarda yıxılaraq ölüb: “Bu işi də ört-basdır etdilər. Indi məqsədləri bizim mənzillərimizi su qiymətinə almaqdır”.
Ramin DEKO