Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Bizim korpusda beş-altı üzdəniraq vardı, onların ayrıca kupe yaratdıqlarını da danışmışdım. Amma bunlar dəqiq olaraq “bizim üzdəniraqlar” deyildi ki! Onları istənilən zaman başqa korpusa ata, oradakını buraya gətirə bilərdilər və bu, dəfələrlə olurdu. Ümumən, “zon”da onların sayı 30 nəfərə qədər idi. 500 nəfərlik bir həbsxanada 30 nəfərə qədər üzdənirağın mövcudluğu balaca göstərici sayılmamalıdır: təxminən 8 faiz eləyir. Amma açığı, onlar olmasa, “zon”da hansı antisanitariyanın ola biləcəyini təsəvvür etmək çətin deyil. Doğrudur, nəzəri baxımdan, üzdəniraqların olmadığı “zon”larda “ehtiyat” sayılanlar həmin işi görməlidirlər. Buraya əsasən “tavanı fırlanan”lar daxildir. “Tavanı fırlanmaq” qumar terminidir. Əgər birisi qumarda uduzduğu öhdəliyi müəyyən edilmiş vaxt ərzində çatdıra bilmədisə, onu “tavanı fırlanmış” sayılır. 15-20 il əvvəl belələrinin statusu dərhal müəyyən edilirdi: üzdəniraqdır, vəssalam! Indi onlara “ehtiyat” (“zapasnoy”) deyirlər. Amma bir “zon”da nə qədər “ehtiyat” ola bilər? Uzağı, bir neçə nəfər, onların da bəzilərinə tavanının fırlandığını sübut etmək mümkün olmur. Danışığı, yəni qumarqabağı razılaşmanı təhrif edən, dilinə güc verib (“metla” işlədib) bu şərtləri tamam dəyişik formada təqdim etməyi bacaran o qədər peşəkar qumarbazlar var ki!
Tavanı fırlananlar (mən tədricən onları dırnaq işarəsinin altından çıxardığımın fərqindəyəm) arasında abırlı adamlar da var. Onlar “ehtiyat” ayamasının altında yaşamaq istəmədiklərinə görə intihar edirlər. Bu halda ən geniş yayılmış üsul özünü asmaqdır. Bunun nə üçün belə olduğunu kimsə bilmir. Görünür, bu, daha rahat və ucuz vasitə olduğuna görə belədir. “Ehtiyat”ların sırasında zorlama suçu ilə həbs edilənlər də var, cinayətkarlıq bioqrafiyasında şübhəli ləkələr olanlar da. Bunları elə bu şəkildə də adlandırırlar: “pod somneniye” (şübhə altında olanlar).
Amma bu “ehtiyat”ların bəxtindən bizim “zon”da və korpusda üzdəniraq statusunun qəti olaraq şamil olunacağı adamlar vardı: dediyim kimi, “əhali”nin 8 faizini bunlar təşkil edirdi.
Onlar pis yaşamırlar. “Zon”da ən qara işləri görən bu adamlara “mujik”lərin diqqət yetirməsi zəruri məsələdir. Axı, onlar təmizliyin təminatçılarıdır. Bu təmizlik olmasa, dustaqlar hansı xəstəlikləri tapa, hansı problemlərlə üzləşə bilərlər? Buna görə də üzdəniraqlara “qret” eləmək, yəni vaxtlı-vaxtında onların pay-parçasını vermək zəruri həbsxana ənənələrindən biridir. Görüşdən çıxanlar onlara siqaret, əgər istəsələr, çay, yemək, hətta müəyyən ağlabatan məbləğdə pul verməlidir. Bu, dustağın aldığı sovqatın bir-iki faizi ola bilər, elə də çox diqqət deyil. Eyni diqqət “koptorq”da işləyənə də göstərilir, burada da “xərac” yığmaq imkanı var. Bundan əlavə, “bedolaqa”lar (kimsəsizlər və ya həyat olaraq kimlərisə deyil, yalnız cinayətkarlığı seçənlər), hətta “çort”lar da müəyyən qayğı hiss etməlidirlər.
Amma “sanitarlar”ın da öz sahmanları var. Onların da arasında etiraf edilməyən başçı-filan tipli birisi olur. Məsələn, bizim korpusda Ceyhun idi onların darğası. Ceyhunun qorxusundan siçan deşiyi axtarardılar. Normal “mujik” onlara əl qaldırmaz, uzaqbaşı bir təpik ilişdirər, ya da təhqir edib qovar. Üzdənirağa əl toxundurmaq olmaz! Ceyhunsa özü həmin kateqoriyadır, ağına-bozuna baxmadan sillə-təpiyin altına salar.
Bizim korpusda olanları adbaad xatırlamıram. Bir-ikisinin adı yadımda qalıb. Tərlan vardı, yaramaz “köhnə”lərdən idi. Amma at kimi işlərdi. “Toppuş” vardı, əsl adının nə olduğunu kimsə bilməzdi, elə “Toppuş”dan, “Mokkuş”dan deyib çağırardılar. Heç kimə də onun adı lazım deyildi. Bir halda ki, bu cür çağırılanda anlayıb gəlir, onun adı kimin nəyinə lazım olmalıdır ki?!
Hə, bir Tofiq də vardı. Bu Tofiq əvvəl üzdəniraq kimi tanınmazdı. Sadəcə, hamı üçün “Idarənin agenti” idi, komendanta köməkçilik edərdi, “koptorq”da oturub gələn-gedənlə “mırt” vurardı, arabir həyət-bacada xırım-xırda işlər görərdi, “sanitarlar”a nəzarət edərdi ki, ortalığı səliqə ilə yığıb-yığışdırsınlar. Bir ara, hətta namaz qılmağa başlamışdı, amma uşaqlar deyirdilər ki, onun məqsədi namaz qılmaq deyil, məni güdməkdir. Tofiq sarı, rus sifətli birisi idi, 25 yaşı olardı. Ya atası, ya da anası rus idi. Günlərin bir günü Tofiqin “çarxı çevrildi”. Toppuş Ceyhuna, Ceyhun bütün üzdəniraqlara, onlar “koptorq”a, “koptorq” komendanta, komendant heç kimə deməmək şərti ilə hamıya çatdırdı ki, Tofiq də üzdəniraqdır.
Xəbər korpusda ildırım kimi çaxdı! Həyətdə yekə bir izdiham toplandı. Toppuşu sorğuya çəkdilər: “Necə, nə cür?”. Toppuş etiraf elədi ki, o, bir neçə dəfə Tofiqlə hamamda olub, orada həm də çimiblər. Tofiqin ayaqlar altına düşəcəyi vaxt tam yetişdiyində nəzarətçilər qırğı kimi şütüyüb onu aradan çıxartdılar. Korpus qaynamağa başladı. Bu, elə bir məsələdir ki, hətta ən sakit, üzüyola “zon”da belə əməlli-başlı qiyam yarada bilər. Üzdəniraq “mujik”lərin arasına yerləşdirilib! Yüzillik türmə ənənələri dağıdılır!
Amma müdiriyyətdən gələn xəbər hamını əmin etdi ki, Tofiqin “mast”ı barədə kimsədə bilgi olmayıb və bu, tam anlaşılmazlıqdır. Tofiq başqa korpusa, “sanitarlar”ın arasına atıldı.
Əslində, bu, əməliyyat hissəsinin (“operçast”) suçudur. Onlar bu cür məsələləri dəqiqləşdirməlidirlər. Əməliyyat şöbəsi, həbsxananın, bir növ, həm kəşfiyyat, həm də polis sistemidir.
Buna bənzər səhv bir dəfə də oldu. Gəncədən “etap” gəldi. Aralarında 19-20 yaşlı cavan bir uşaq da vardı. O, gəncəli olduğuna görə Gəncə uşaqları onu qəbul etdilər, yerləşdirdilər və çay tədarükü görməyə başladılar. Bundan iki ay-filan əvvəl korpusa gələn Ramin adlı bir gürcüstanlı uşaq da vardı ki, mən onu “ailə”yə qəbul etmişdim və o, mənim “xlebnik”lərimdən biri idi. Bu Ramin bir il əvvəl “maloletka”dan (azyaşlılar üçün həbsxana) çıxmış və təkrar oğurluq etdiyinə görə həbs edilmişdi. Gəncə “etap”ı gələndən 20 dəqiqə sonra Ramin özünü mənim kupemə atdı: “Hacı, orada dəhşətli əhvalat baş verib”. “Nə əhvalat?”, – soruşdum. Nağıl elədi ki, indi Gəncə “etap”ı ilə gələn Orxan adlı uşaq “maloletka”da onunla eyni vaxta olub və o, orada üzdəniraq idi, burada isə onu “mujik” kimi qarşılayırlar. Tez durub Gəncə uşaqlarının yanına getdim. Onlara əhvalatı danışdım. Orxanın yataq dəstini dərhal kənara atdılar. Amma bu xəbəri Idarəyə çatdırmaq da zülm iş idi. Burada əməliyyat şöbəsinin günahı ortada idi. Buna görə də kimsə “operçast”la konfliktə girmək istəmirdi. Əməliyyat rəisi bunu qəsdən, konflikt yaratmaq üçün də edə bilərdi. Həbsxanalarda belə şeylər çox olur: Idarə işçiləri dustaqların arasına dava-dalaş salıb pul yığmaq istəyirlər. Onu başqa korpusa “mujik” adı ilə atsalar belə, buradakı Gəncə uşaqları, ümumiyyətlə isə hamı günahkar ola bilərdi. Üzdənirağı gizlətmək ən ağır günahlardan biridir.
Ağstafalı Uzun Arazı da götürüb özüm gedəsi oldum. Rəis müavininə dedim: “Indi daha rahat nəfəs ala bilərsiniz. Məni də bu cinayətkar aləmin qayğıları ilə yaşamağa məcbur edə bildiz”.
Samir müəllim güldü və nə baş verdiyini soruşdu. Mən də, “Heç nə! Indi mən həm Ədalət müəllimin işini görməliyəm, həm də ”zon”da “polojeniya”ya baxmalıyam. Amma bunların heç birini eləmək istəmirəm, Ədalət müəllimin işi isə heç mənlik deyil…” – dedim və hadisəni danışdım.
Samir müəllim məsələnin ciddiliyini qiymətləndirdi və Orxanı dərhal bizim korpusdan götürüb başqasına atdılar. Həm də təbii statusu ilə. Beləliklə, Ramin də xilas oldu, Gəncə uşaqları da, korpusun da canı bu anlaşılmazlıqdan qurtardı…
ardı var