“Hərbi hospitalda ona ”hemorragik vaskulit qarışıq (dəri və böyrək) forma, ildırımsürətli gediş ekimoz səpkili dəri səpkiləri, kəskin böyrək və III dərəcəli kəskin tənəffüs çatışmazlığı ilə fəsadlaşma, kəskin ağ ciyər və ürək çatışmazlığı” dəri forması, kəskin böyrək çatışmazlığı, kəskin tənəffüs çatışmazlığı III dərəcə” diaqnozu qoyularaq reanimasiya bölməsinə stasionar müalicəyə yerləşdirilib. Lakin müalicə tədbirləri müsbət nəticə verməyərək saat 22 radələrində T.Bəyov hospitalda vəfat edib”. Qafqaz.info saytında gedən “Beyni və daxili orqanlarının çıxarıldığı iddia olunan əsgərlə bağlı açıqlama” adlı yazıdan götürülmüş bu boyda parçanı olduğu kimi verməyim boşuna deyil.
Tibbi təhsili olmayan birinə bu parçadan yalnız bir neçə söz tanış gələ bilər – ürək, böyrək, ağ ciyər, dəri, tənəffüs… çatışmazlığı. Qalanını təbiblər bilər, bir də bilsə-bilsə, Ali Baş Komandan, müdafiə və səhiyyə nazirləri. Lakin insan elə bu bir neçə sözdən ibarət deyilmi? Biz də bunu bilirik. Bizim, adi vətəndaşların anlaya biləcəyi bir şey var bu açıqlamada: sən demə, müəmmalı şəkildə həyatını itirən bu əsgərin içi yox imiş. Bəli-bəli, yerli-dibli yox imiş.
Naxçıvandakı N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmətdə olan əsgəri Bəyov Teyfur Hacıkərim oğlunun ölümü ilə əlaqədar MN və Respublika Hərbi Prokurorluğu bildirir ki.., “Lakin müalicə tədbirləri müsbət nəticə verməyərək saat 22 radələrində T.Bəyov hospitalda vəfat edib”. Yaxşı sözlər bilirlər: TƏXLIYYƏ… Təxliyyə dəysin başınıza!
Bəli, Azərbaycan əsgəri bu qədər rahat, sadə və ildırımsürətilə vəfat eləyir.
Mən Teyfurun hansı tarixdən xidmətə başladığını tapa bilmədim. Hər halda bu, vacib nüans olsa da, onsuz ötüşmək də mümkündü. Şübhə eləmirəm ki, Teyfur varlı ailənin övladı olmayıb. Bunu başa düşmək üçün müdafiə naziri-filan olmağa gərək yoxdu. Çünki varlı ailədən olanların içindəki orqanlar yerli-yerində, özü də sağ-salamat olur. Bundan əlavə, onların yolu, demək olar, çox az hallarda hərbi hissələrə düşür. Düşürsə belə, orda yağ içində böyrək kimi yaşayır və buna görə də, sonradan olsa belə, orqanlarının bu dərəcədə “çatışmazlığı” ilə qarşılaşmırlar.
Açıqlamada epiqrizdən və əsgərin nahar eləməyə getməsindən başqa heç bir məlumat yoxdu. Məsələn, əsgər hərbi xidmətə bu cür daxili orqanları olmadan aparılıb, ya orqanlarını hərbi xidmətdə itirib. Bu haqda bir kəlmə də yoxdu. Çünki bu iki halın ikisi də, Azərbaycan hərbi sistemindəki dəhşətli dərəcədə anormal haldan, çürük inkişafdan xəbər verir: bu qədər xidmətə yararsız olan bir vətəndaş hansı şərəfsizin əliylə xidmətə göndərilib? Sağlamlıq haqda arayışı hansı əli qırılmış verib ona? Və ya orduya sağlamlıq haqqında ən etibarlı sənədlərlə təmin olunmuş biri hərbi hissədə hansı şəraitdə qulluq edib ki, bu cür qeyri-insani hala düşüb? Hər bir halda müdafiə naziri bu fakta görə birbaşa sorumludu – normalda istefa verməli və məsuliyyətə cəlb olunmalıdı. Dövlət başçısının başı daha vacib, məsələn, Olimpiada, boks, 2013-prezident seçkisi, lentkəsmə, YAP üzvlərinin sayının açıqlanması kimi işlərə qarışdığından onu qınamaq fikrindən uzağıq. Bəs müdafiə naziri? Hərbi-tibbi komissiya sistemi?
…Qarabağ veteranı, bədənində qəlpələr gəzdirə-gəzdirə Qarabağ əlili statusu ala bilməyən biləsuvarlı Tacəddin, Murtuz və minlərlə həqiqi əlil döyüşçü bu gün pərişan durumdadı. Tacəddin hirsindən çatlayaraq deyir: “Vaxt vardı, düşünürdüm ki, bir qarış vətən torpağı üçün bütün nəslimi qurban verərəm. Indi isə, bütün Azərbaycanı nəslimə qurban verərəm. Elə onlar kimi…”. Veteran dostları bu sözə görə onu qınayır. Lakin qınanmalı, daha doğrusu, ən ağır şəkildə cəzalandırılmalı bir ünvan var: onları bu sözləri demək həddinə çatdıran hərbi-siyasi rejim. Içi olmayan əsgərləri ilə Qarabağı ala biləcəyini düşünən hakimiyyət. O da hələ Lazım gələrsə…