Evləri söküləcək sakinlər ədalətli kompensasiya tələb edirlər
Xutorda yaşayan 61 ailə ötən gün yolu bağlamağa cəhd göstərdi. Səbəbsə yolun genişləndilməsi adıyla söküləcək mənzillərinə görə verilən kompensasiyanın az olmasıdır. Sakinlərin yolu bağlamaq cəhdinin qarşısını əraziyə gələn polislər alıblar.
Sakinlər “Azadlıq”ın əməkdaşına açıqlamalarında deyiblər ki, təklif edilən kompensasiya təhqiredicidir. Onların sözlərinə görə, dövlət başçısı Ilham Əliyev bu ilin yazında etdiyi çıxışda söküntü, yol çəkilişi ilə bağlı verilən kompensasiyalara aydınlıq gətirib: “Ölkə başçısı müşavirədə demişdi ki, yerindən asılı olmayaraq mənzilin kvadrat metrinə 1500 manat kompensasiya verilməlidir və o, bunu ədalətli saydığını demişdi. Üstəlik, Ilham Əliyev çıxışında deyib ki, evləri sökülən mənzil sahiblərinə 20 faiz də güzəşt edilsin. Ancaq indi güzəşt bir yana, heç o 1500 manatı da vermək istəmirlər, bunu da bizə çox görürlər”.
Sakinlər deyirlər ki, kvadratı çox olan mənzil sahiblərinə 300-500 manat kompensasiya təklif edirlər: “Kimin mənzili 100 kvadratdan çoxdursa, onu 300-500 manatdan hesablayırlar. Kvadratı qismən az olanlarasa bir az çox təklif edirlər. Hələlik təklif olunan ən yüksək kompensasiya 700 manatdır. Gülüncdür. Bu pulla nə etmək olar? Axı, biz evlərimizi satmaq istəmirik. Dövlət almaq istəyir. Necə ola bilər ki, almaq istəyən qiymət qoysun. Yaxşı, bizi saya salmırlır, heç olmasa dövlət başçısının qoyduğu qiyməti – 1500 manatı versinlər. Nəyə görə dövlət nümayəndələri bizimlə bazarlıq, həm də aşağılayıcı bazarlıq edirlər?”.
Sakinlər bazar qiymətlərinə, yaxud dövlət başçısının elan elədiyi məbləğdə kompensasiya verilməyəcəyi təqdirdə davamlı olaraq yolu bağlayacaqlarını və aksiyalar keçirəcəklərini söyləyirlər.
Ramin DEKO