Xeyli vaxtdır dartışılan mövzuya sözardı
Azərbaycan Mətbuat Şurasının «Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları» adlı 4 prinsipdən ibarət sənədi var. ATƏT və Mətbuat Şurasının birgə layihəsi əsasında təkmilləşdirilən bu sənədin iki bəndindən – I və IV bəndindən – kiçik sitatlarla vaxtınızı alacam. Bu qaydaları özləri müəyyənləşdiriblər və qaydalara əməl etməyənləri, ya da bu qaydalara əməl edib hakimiyyətin qoyduğu “qaydaları” pozanları “peşə davranışı qaydalarını” pozmaqda suçlayıb müxtəlif sanksiyalara məruz qoyurlar. Mətbuata sahibliyi boynuna götürənlərin iş prinsipi belədir. İctimai birlik olan Mətbuat Şurası bu işindən o qədər ilhamlanıb ki, arada prokuror kimi ittiham irəli sürüb, məhkəmə kimi qərar da çıxarır. MŞ-nin bu addımlarına hələ neçə il qabaq reaksiya bildirmişdim, qurultaylardan birində Nizamnaməyə təklif edilən mürtəce dəyişikliklərə birinin də əlavə olunmasını – MŞ-yə təcridxana saxlamaq səlahiyyəti verilməsi təklifini irəli sürmüşdüm. O vaxt ironiyanı başa düşüb təkliflərini geri çəkdilər. Ancaq sonrakı illərdə həmin nizamnamənin başına hansı oyunlar açılmasından xəbərsizəm…
Görünür, istədiklərini keçiriblər. Rəsmi, ya da qeyri-rəsmi səlahiyyət qazanıblar. Yoxsa 90-a yaxın media qurumunun (qəzet, sayt, portal) adını “qara siyahı”ya necə sala bilərdilər? Yeri gəlmişkən, “reket jurnalistikası” ilə mübarizəni qarşısına məqsəd qoyan MŞ-nin media qurumlarını “Qara siyahı”ya salmasının başlıca səbəbi rüşvətdir. Şantaj, hədə-qorxu yoluyla alınan rüşvət. Bəs şantajsız alınan, yaxud verilən rüşvət?! Lap elə mənzil şəklində… Onun uğrunda mübarizə necə olsun?!. Çox təəssüf ki, MŞ onun uğrunda, yəni jurnalistlərə mənzil verilməsinə çalışmaqla özü öz prinsiplərinə ayağını silib…
Bundan başqa, tənqidçi media da daim MŞ-nin hədəfindədir. Məsələn, Mətbuat Şurasının 2 aprel 2014-cü il tarixli iclasından:
“İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Azadlıq” qəzeti ilə bağlı müraciətində cavabdeh tərəfin etik prinsipləri pozduğu müəyyənləşdirilib”.
Mətbuat Şurasının 30 aprel 2014-cü il tarixli iclasından:
“Yeni Azərbaycan Partiyasının “Azadlıq” qəzeti barədə müraciəti cavabdeh tərəfin iştirakı olmadan müzakirə edilib. Qəzet rəhbərliyi məlumatlandırılmasına baxmayaraq, komissiyanın iclasına qatılmayıb. Müzakirələr zamanı komissiya üzvlərinin çıxışlarında yekdil fikir səslənib ki, mətbu nəşrin 18 aprel 2014-cü il sayında gedən yazıda dövlət başçısı ilə bağlı etik çərçivəni aşan fikirlər yer alıb. Məqalədə şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn fikirlər təqdim olunub və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsip və bəndlərinin tələbləri pozulub. Komissiya “Azadlıq” qəzetinə MŞ-nin xəbərdarlığının elan olunması barədə rəy çıxarıb”.
İndi gəlin «Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları»na baxaq.
“PRİNSİP 1: Həqiqətə xidmət, dəqiqlik və obyektivlik
1.1. Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır.
PRİNSİP 4: Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması
4.1. Jurnalist cəmiyyəti dəqiq informasiya ilə təmin etmək qabiliyyətinə mənfi təsir göstərə biləcək hər hansı şəxsi, siyasi və ya maliyyə xarakterli həvəsləndirmələr qəbul etməməli, qiymətli hədiyyə almamalı, yaxud özünə pulsuz xidmət göstərilməsinə şərait yaratmamalıdır”.
Mətbuat Şurasını media sahəsində səlahiyyət yiyəsi kimi tanıtmağa çalışan prezidentin köməkçisi (köməkçi jurnalistlərlə qarışdırmamalı), ev bölgüsündə başlıca söz sahiblərindən olan Əli Həsənov mənzil paylanmasından sonra yaranmış qalmaqala oğlu Şamxal Həsənlinin rəhbərlik etdiyi “Xəzər” televiziyasına müsahibəsində aydınlıq gətirib. Əslində, bu müsahibəsində o, «Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları»nın kağız parçası kimi də işə yaramadığını ortaya qoyub. Eyni zamanda prezidentin bəzi köməkçilərinin (jurnalistlərin) “bu mənzil zəhmətimin (külüngçalanlar) qarşılığında dövlətimin hədiyyəsidir” fikirlərini darmadağın edib, hər kəsə yerini göstərib:
“Dövlətin jurnalistə əvəzsiz ev tikib verməsi dünyanın heç yerində yoxdur… Bu mənzillər cənab prezidentin Azərbaycan jurnalistlərinə hədiyyəsidir. Hədiyyəni də heç vaxt müzakirə etməzlər; hədiyyə böyük də ola bilər, kiçik də”.
Belə. Peşə də yerə sərildi, davranış da. Bu müsahibədən sonra “zəhmətimin müqabilində”, “jurnalistikada uzun illər külüng çaldığıma görə” sözləri, eyni zamanda ev almayanların narazılıq statusları səngiyib. İndi başlıca iş ev alanların prezidentin poçtuna məktub yollamasıdır. Hələlik iş zəif gedir, günə 2-3 məktub çox azdır.
İndiyə kimi prezidentə cəmi 15 təşəkkür məktubu yazılıb. Bu gedişlə gələn Mətbuat Gününə qədər yazacaqlar… Yazın, prezidentin köməkçiləri, yazın, gözü yolda qalan var!..
P.S.Əziz oxucular, siz mətbuatda belə bir xəbərlə də qarşılaşa bilərdiniz; ölkədə gerçək demokratik mühit, siyasi qüvvələrdən asılı olmayan mətbuat, həm də onun Şurası, qələmini (klaviaturasını) satmayan jurnalistlər çox olsaydı. Olmalıydı… olmadı. Ona görə siz aşağıdakı xəyali xəbəri nə telekanallardan eşidəcək, nə də qəzetlərdən, saytlardan oxuya biləcəksiniz.
“Mətbuat Şurasının 00.00.0000-cı il tarixli iclasından:
– Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclası keçirilib. Şura sədri iclası açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq yekdilliklə bəyənilib.
MŞ-dən verilən məlumata görə, öncə Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının rəyləri və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının təqdimatı əsasında qərarlar çıxarılıb.
22 iyul Mətbuat Günü ərəfəsində prezident İlham Əliyevdən 255 jurnalistin ev alması Azərbaycan Mətbuat Şurasının «AZƏRBAYCAN JURNALİSTLƏRİNİN PEŞƏ DAVRANIŞI QAYDALARI»nın tələblərini pozulması kimi qiymətləndirilib və həmin jurnalistlərin adının MŞ-nin “qara siyahı”sına salınması qərara alınıb”.
Rövşən Hacıbəyli
(Meydan.tv)