Demokratlar Respublikaçıların ad günü “hədiyyəsini” geri qaytardı
Avqustun 4-də ABŞ prezidenti Barak Obamanın doğum günüdür. 51 yaşı olan Obamanın rəqibləri bu gündən də ona qarşı istifadə etməyi düşünüblər. Belə ki, Milli Respublikaçılar Komitəsi (RNC) ad günü münasibətilə Obamanın təmsil etdiyi Milli Demokratlar Komitəsinə (DNC) bir tort göndərib.
“Yahoo News”un xəbərinə görə, vanilli tortun üzərində Obamanın gülən şəkilinin yanında “Cənab prezident, bunu siz bişirmədiniz” və “Doğum gününüz mübarək” yazılıb. Tortun üzərindəki “Bunu siz etmədiniz” yazısı ilə Obama ilə Respublikaçıların namizədi Mitt Romni arasında bir müddətdir davam edən “Bunu siz yaratmadınız” müzakirəsinə işarə edilib.
Obama ötən ay etdiyi bir çıxışda “Əgər bir işiniz varsa bunu siz qurmadınız. Onun gerçəkləşməsini başqa biri təmin etdi. Əhəmiyyətli olan budur ki, müvəffəqiyyətli olduğumuzda həm fərdi təşəbbüslərimiz, həm də birlikdə hərəkət etdiyimiz üçün müvəffəqiyyətli oluruq” demişdi.
Respublikaçılar bu sözlərə sərt reaksiya verərək, bunun Obamanın çalışqanlığa və amerikalı təşəbbüskarlığına inanmadığını göstərdiyini deyiblər. Bundan sonra “Bunu siz etmədiniz” Romninin şüarına çevrilib.
Respublikaçıların ad günü “hədiyyəsini” özlərinə qarşı həqarət kimi qəbul edən Demokratlar tortu yemədən geri göndəriblər. Onlar eyni zamanda rəqiblərinə ismarıc göndərməyi də unutmayıblar. Demokratların sözçüsü Melani Rossel “The Hill” qəzetinə açıqlama verərək “Bu, Romninin tipik orta təbəqə ilə bağlı yanaşmasıdır. O, orta təbəqənin çörək tapa bilməsə, tort yeməsini istəyir. Tortu Romninin vergi planıyla birlikdə geri göndərdik” deyə bildirib.
azadliq.info