“Təhsili bu cür acınacaqlı duruma salmaqda hakimiyyətin məqsədi avtoritar idarəçiliyə mane ola bilməyən savadsızlar nəsli formalaşdırmaqdır”
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin təşkil etdiyi növbəti dəyirmi masa təhsilin problemlərinə həsr olunmuşdu. Dünən Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun ofisində keçirilən tədbirə təhsil üzrə ekspertlər, siyasi partiyaların gənc fəalları, tələbələr də qatılmışdı.
AXCP Gənclər Komitəsinin sədri, dəyirmi masanın aparıcısı Əbülfəz Qurbanlı son qəbul imtahanları zamanı birinci qrup üzrə keçid balının 150-yə endirilməsinə toxunaraq, bunu Azərbaycan təhsilində uzun zamandır davam edən geriləmə prosesinin nəticəsi kimi qiymətləndirdi: “Son üç ildə ali məktəbə qəbul imtahanı verənlərin 50-60 faizi 200-dən artıq bal toplaya bilməyib. Hökumət geriləmənin qarşısını almaq üçün hər hansı tədbir görməkdənsə, keçid balını 150-yə endirməklə universitetlərin boş qalmamasına çalışır. Beləcə, həm orta, həm də ali məktəblərdə keyfiyyətsiz təhsil verilməklə gəncliyin inkişafı əngəllənir. Məqsəd avtoritar idarəçiliyə mane ola bilməyən savadsızlar nəsli formalaşdırmaqdır”.
Əbülfəz Qurbanlı təhsildəki geriləmələrlə bağlı hakimiyyətdən izahat tələb etmək təklifini irəli sürüb.
Tədbirin məruzəçisi olan AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı ekspertin Məhəmməd Talıblı bildirib ki, keçid balının 150-yə endirilməsi səbəb yox, nəticədir: “TQDK ödənişli təhsili stimullaşdırır, daha çox tələbəni universitetlərə qəbul etdirir, valideyn buna sevinir. Amma həmin tələbə adını qazananlar rüşvətə rəvac verirlər”.
Iqtisadçı ekspertin sözlərinə görə, Azərbaycanda təhsil büdcəsi ÜDM-in 3-3.5 faizi həcmindədir. Normal ölkələrdə isə bu rəqəm 9-10 faiz təşkil edir. Ayrılan büdcənin bu qədər az olmasına baxmayaraq, ötən il təhsil və elm xərcləri tam yerinə yetirilməyib – elm xərcləri 92 faiz, təhsil xərcləri isə 93 faiz icra olunub.
Son 5 ildə təhsil haqlarının 4-5 dəfə artırıldığını və bunun Nazirlər Kabinetinin sərəncamlarıyla baş verdiyini deyən M.Talıblı bildirib ki, əslində, bu, qanunvericiliyə ziddir. Bunu Nazirlər Kabineti yox, Tarif Şurası etməlidir. Digər tərəfdən, minimum əməkhaqqının 350 manat olduğu ölkədə valideyn 1500-4500 manat arasındakı təhsil haqqını necə ödəsin?
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu hesab edir ki, keçid ballarının aşağı salınması həm də azərbaycanlı tələbələrin başqa ölkələrdə təhsil almasının qarşısını almaq məqsədi güdür: “Məsələn, Ukraynada 10 min azərbaycanlı tələbə təhsil alır. Ukrayna bundan hər il minimum 15 milyon dollar pul qazanır. Hökumət də bu pul axının qarşısını almaq istəyir. Amma güman etmirəm ki, keçid ballarının aşağı salınması bunun qarşısını alacaq”.
Tədbirdə iştirak edən başqa bir müəllim, AXCP Rəyasət Heyətinin üzvü Eldar Hüseynov isə planlı təhsil üsulundan imtina etməyi vacib sayır. O, bu gün təhsil sahəsində ən ciddi problemlər kimi, müəllimlərin savadsızlığını, təhsilin siyasətdə alət kimi istifadə olunmasını qeyd etdi: “Müəllimlər məcburən YAP-a üzv edilir, imtahandan kəsilən tələbələr müxalifət liderinin evi qarşısında aksiyaya gətirilir, sonda da onlar bu xidmətlərinə görə imtahansız tədris prosesini başa vururlar”.
Seçki Monitorinqi və Tədris Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı universitetlərdə Boloniya sisteminin tətbiqinin uğursuzluğundan danışıb: “Bu sistemin əsasında tələbələrin seçim imkanları dayanır. Lakin bizdə tələbələrə seçim imkanları tanınmır. Boloniya sisteminin tətbiqi sadəcə, demokratik ölkə görüntüsü yaratmaq məqsədi güdür”.
ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev bildirib ki təhsil demokratik ölkələrdə ölçü meyarıdır: “Təəssüf ki, Azərbaycan kimi ölkələrdə bu belə deyil. Lakin Xalq Cəbhəsi hakimiyyətinin yaratdığı nümunə də var ki, o zaman universitetlər gənclərin üzünə hər hansı çətinlik olmadan açıq idi”.
VHP Gənclər Təşkilatının üzvü Vüsal Qasımlı Türkiyə və Azərbaycan təhsil sistemləri arasında müqayisə apardı. Onun sözlərinə görə, həm müəllimlərin əmək haqları, həm də ödənişli təhsil baxımından bu iki ölkənin təhsil sistemlərində ciddi fərq var.
AXCP Cəlilabad şöbəsinin sədri, orta məktəb müəllimi Təzəxan Mirələmli hazırkı durumu tənqid etməklə yanaşı, vətəndaşları bu acınacaqlı vəziyyətlə barışmamağa çağırıb: “1000-dən artıq tələbə 0-20 bal toplayıb. Bu da orta məktəblərdəki keyfiyyət probleminin göstəricisidir”.
Sonda tədbir iştirakçıları qərara gəliblər ki, təhsilin hazırkı durumuyla əlaqədar vətəndaşların etirazları təşkil olunsun, bu mərhələyə qədər müzakirələr davam etdirilsin.
Fidan