Ölkənin dini lideri hərbi komandanlığın fövqəladə toplantısını çağırıb
İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan “DEBKAfiles” xəbər saytı İranın bir-iki həftə ərzinda başlanacaq müharibəyə hazırlaşdığı barədə məlumat yayıb. Kəşfiyyat və İrandakı mənbələrə istinadən yayılan xəbərə görə, İranın dini lideri Əli Xameneyi iyulun 27-də cümə namazından əvvəl ölkənin yüksək vəzifəli hərbçilərinin toplantısını çağırıb. Xameneyinin “son döyüş iclası” olaraq xarakterizə etdiyi yığıncaqda “bir neçə həftə ərzində müharibə gözlənilir” dediyi ortaya çıxıb.
Toplantıya müdafiə naziri Əhməd Vahidi, dini liderin hərbi məsləhətçisi general Yəhya Rahim Səfəvi, baş qərargah rəisi general Həsən Firuzabadi, SEPAH-ın komandiri general Məhəmməd Əli Cəfəri və “Əl Qüds” briqadalarının komandanı Qasım Süleymaniylə yanaşı quru, hava və dəniz qüvvələrinin komandanlarının da qatıldığı bildirilir.
“DEBKAfiles” saytının iddiasına görə, iclasda iştirak edən hər bir komandir əmrindəki hərbçilərdən müharibəyə hazırlığın səviyyəsi barədə hesabat hazırlamasını istəyib. Toplantının keçirildiyi gün ABŞ Hərbi Hava Qüvvələri də 20 metr qalınlığındakı beton qorumaları dağıdacaq gücə sahib 13.6 tonluq yeni bombanın hazırladığını açıqlamışdı. Sayt yazır ki, Xameneyi ABŞ-ın əlindəki silahlara qarşı nüvə obyektlərinin qorunması üçün ölkə tarixinin ən böyük müdafiə əmrini verib. Bu əmr çərçivəsində obyektlərin beton və poladlarla gücləndirilib.