Ramal Bayramovu istirahət kompleksinə kim çağırıb?
Deputat Hüseynbala Mirələmova məxsus “1001 gecə” istirahət kompleksindəki qətl hadisəsi ilə bağlı yeni məlumatlar yayılıb. “Azadlıq”ın veb-səhifəsində şərh bölümünə yazılan həmin məlumatlarda bildirilir ki, Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovun qətlə yetirdiyi Ramal Bayramovu “1001 gecə”yə dostu Səməd Mənsimov çağırıb.
“Onlar 12 nəfər ”1001 gecə”yə gəliblər və Rəşad Mirələmovu döyüblər. Rəşad da silahı çıxararaq əvvəlcə Səməd Mənsimovu güllələyib. O yaralansa da, özünü ölülüyə vurub. Sonra Rəşad Ramala güllə atıb və o ölüb. Rəşad onların hamısını öldürmək istəyirdi, amma qaçıblar”,- deyə məlumatda bildirilir.
Məlumatda həmçinin Ramal Bayramovun martın 16-da güllələnməsinə də aydınlıq gətirilir. Iddia olunur ki, Ramal Bayramov “Infiniti” adlı barda bir nəfəri möhkəm döyüb. Həmin şəxsin qardaşı isə Ramalı güllələyib. Elə həmin gün Babək prospektində “Porsche” markalı avtomobil saatda 260 kilometr sürətlə yük maşınına çırpılaraq alışıb. Nəticədə maşında olan Firudin Ismayılov və Rəşad Ibrahimov yanaraq kül olublar. Bildirilir ki, Firudin Ismayılovla Rəşad Ibrahimov Ramalı güllələyən şəxsi tutmaq istəyirmişlər. Lakin qəzaya uğrayıblar.
Ramal Bayramovun anası Nənəş Ismayılova isə deyilənləri qəbul etmir. O, “Azadlıq”a bildirib ki, bu məlumatların əsası yoxdur: “Ramal haqqında nahaq belə məlumatlar yayırlar. Ramalı tanıyanlar heç vaxt belə danışmaz. O, heç bir barda olmayıb. Sadəcə yolu keçəndə bir nəfər ona güllə atıb. Biz bilmirik niyə belə olub. ”1001 gecə”dəki hadisə ilə bağlı da heç nə bilmirik. Ramalı niyə öldürüblər, onu ora kim çağırıb bilmirik. Bunu hüquq-mühafizə orqanları araşdırmalıdır. Biz sadəcə istəyirik ki, hüquq-mühafizə orqanları məsələni ciddi araşdırsınlar”.
Bu arada “Bizim Yol” qəzeti məlumat yayıb ki, daxili işlər naziri Ramil Usubovun göstərişi ilə nazirliyin Daxili Təhqiqatlar Idarəsində, YAP-ın Xətai Rayon Təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun polis işləyən oğlu Fərid Mirələmov barəsində araşdırma başlayıb. Məlumata görə, polis əməkdaşı olan Fərid Mirələmovun gözü qarşısında ağır cinayətin baş verməsi Ramil Usubovu hiddətləndirib. Nazir bununla bağlı göstəriş verərkən, bildirib ki, polis əməkdaşı belə bir cinayətin baş verməsinin qarşısını almağa borclu olsa da, bunu etməyib. Nazirin tapşırığından sonra Fərid Mirələmovun hadisədə hansı formada iştirakı ilə bağlı izahatı alınıb.ÿ
Hadisə baş verən günün səhəri Hüseynbala Mirələmov demişdi ki, cinayət barədə məlumatı ona oğlu verib: “Oğlum gecə mənə zəng etdi ki, burada qırğındır. Tez gəl. Mən oraya gedəndə artıq meyit ortalıqda idi”. Deputat bu açıqlaması ilə oğlunun həmin hadisə zamanı orada olduğunu təsdiqləyib.ÿ
DIN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə “Azadlıq”a deyib ki, Fərid Mirələmovla bağlı məlumat həqiqəti əks etdirmir.
Hikmət