“Rəsul Quliyev Bişkekdə o imzanı atmasaydı, 6 rayon verilməyəcəkdi…”
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, eks-spiker Rəsul Quliyev “azpoltika.com”a müsahibəsində Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Turqut Ərin “Azadlıqdan tiranlığa” kitabında yazdıqlarına münasibətini açıqlayıb: “Son vaxtlar Türkiyədə siyasi mövqeyi və sambalı heç kimə məlum olmayan bir ”tarixçi” peyda olub. Hərdən, hadisələrdən xəbəri olmayanlar üçün uşaq nağılları yazır və bir çoxlarını heyrətə salır. Bu şəxsin adı Turqut Ərdir. Mən parlamentdə işləyəndə bir neçə dəfə onu görmüşəm, səfir Altan Karamanoğlu və ya Paşalarla mənim görüşümdə iştirak edib. Səsini heç vaxt eşitməmişəm, çünki danışmırdı. Danışıqların stenoqrammasını çıxarırdı.
Bu adamın hərdən hadisələrə verdiyi qiyməti oxuyanda təəccüblənirsən. Düşünürsən ki, ilahi, Türkiyə səfirliyində necə olub ki, belə bir diletant adam işləyib”.
Turqut Ər də öz növbəsində “Azadlıq”a ünvanladığı məktubla Rəsul Quliyevə cavab verib:
“Rəsul Quliyev mənim barəmdə bir neçə dəfə danışıb. Heç birinə cavab verməmişəm. Məni tanımayan adamlar mətbuat və televiziyalarda barəmdə həqiqəti əks etdirməyən sözlər söylədilər. Sonuncu bu cür danışan şəxs Rəsul Quliyev olub. Mən araşdırmaçı bir yazaram. ”Azadlıqdan tiranlığa” kitabında Azərbaycanın taleyini yazmamışam. Azərbaycanda yaşadığım illərdə şahidi olduğum, ölkənizin ərazi bütövlüyünü pozan, kasıbın haqqını qəsb edən, Azərbaycan torpaqlarının 20 faizinin verilməsinə Bişkekdə qol çəkən, banklardakı pullarını bir gecədə ölkədən çıxaranlar haqda yazmışam. Rəsul Quliyev Azərbaycan parlamentinin sədri olub, ancaq savadlı biri deyil. Onun kimi bir adamla mübahisə etmək istəmirəm. Bu saydığım cinayətlərə yol verənlərin içində Rəsul Quliyev də var. Ona görə də ölkəyə dönə bilmir. Qorxur, kənardan boş söz-söhbətlər edib durur. Azərbaycana qayıdıb iqtidar olmaq istəyir. Bu, onun öz işidir, məni ilgiləndirmir”.
Turqut Ər yazır ki, Rəsul Quliyev bir çox cinayətlərinin hesabını verməlidir: “Elçibəyə xəyanətin hesabını, Bişkekdə Azərbaycan torpaqlarının 20 faizinin verilməsinə qol çəkməyinin, kasıb-kusubun pullarını soyaraq xarici banklara köçürməsinin, 1993-cü ildə qatil və cinayətkar Surət Hüseynovla birlikdə dövlətə qarşı baş qaldırmanın, sonradan Heydər Əliyevlə anlaşaraq Surət Hüseynovun qiyamını dəstəkləməsinin hesabını xalqa verməlidir. Bundan sonra Amerikadan danışmağa mənəvi haqqı çatar. O vaxt demokratik yolla hakimiyyətə gəlmiş bir iqtidarın devrilməsində Rəsul Quliyevin rolu olub. Rövşən Cavadov və onun dəstəsində olan yüzlərlə gəncin qətlinin hesabını verməlidir.
Rəsul Quliyev indi Türkiyəni tənqid edir. Niyə Türkiyəni tənqid edir? Çünki o, burada əyləşə bilmədi. Türkiyə bir cinayətkarı saxlaya bilməzdi. Rəsul Quliyev Avropanın heç bir demokratik ölkəsinə sığına bilməzdi.
O, indi bir vaxtlar söydüyü cəbhəçilərdən birinin – Sülhəddin Əkbərin himayəsinə sığınıb. Sülhəddin Əkbər dostumdu. Ancaq o da Rəsul Quliyevi cinayətlərindən qurtara bilməyəcək”.
Turqut Ər bütün bunlarla yanaşı, Rəsul Quliyevi həm də savadsızlıqda qınayır: “O, hər dəfə bir partiya yaradır. Belə bir adamın Azərbaycan kimi bir ölkədə iqtidara gəlməsi mümkün deyil. Onun pulu çoxdur, bu pullarla iş görmək istəyir.
Rəsul Quliyev Bişkekdə o imzanı atmasaydı, 6 rayon verilməyəcəkdi…”
Ramin DEKO