Ölkəmiz mobil telefon və internet istifadəçilərinin hüquqlarının pozulduğu 12 ölkə arasında yer alıb
“Repressiv hökumətlərin mobil telefon istifadəçilərinə nəzarət etmək və internet məkanına çıxışı bağlamaq imkanları istifadəçilərin təsəvvür etdiyi səviyyədən qat-qat artıqdır. Bunlar isə istifadəçilərin özəl hüquqlarının qorunması və təhlükəsizliyinə hədə təşkil edir”. Bu fikirlər beynəlxalq söz azadlığı təşkilatı “Freedom House” və ABŞ-ın Yayım Şurasının yeni hesabatında yer alıb. Hesabatda deyilir ki, bu kimi hallar qanunun aliliyi və vətəndaş azadlıqlarına hörmət edilməyən ölkələrdə problem yaradır.
“Xəttdə təhlükəsizlik:Mobil rabitənin təhlükəsizliyi haqda miflərin ifşası” adlı hesabatda dünyanın 12 ölkəsində mobil telefon xidmətlərinin təhlükəsizliyi, özəl hüquqların qorunması və senzuradan yayınmaq imkanları araşdırılıb. Araşdırmalar Azərbaycan da daxil olmaqla Belarus, Çin, Misir, İran, Liviya, Oman, Səudiyyə Ərəbistanı, Suriya, Tunis, Özbəkistan və Vyetnamda aparılıb.
Sənəddə deyilir ki, araşdırmalar əməliyyat sistemləri və proqramlar daxil olmaqla, bir sıra mobil texnologiyalar üzərində aparılıb. Araşdırmalar nəticəsində məlum olub ki, bütün sahələrdə bu texnologiyalar istifadəçiləri kifayət qədər qoruya bilmir və avtoritar rejimlər tərəfindən sui-istifadə olunur. Sənəddə repressiv rejimlərin mövcud olduğu şəraitdə istifadəçilərin mobil sistemdə təhlükəsizliklə bağlı maarifləndirmə səviyyəsinin artırılması tövsiyyə edilir. Qeyd olunur ki, insan hüquqlarının pozulmasının adi hal olduğu ölkələrdə onların özəl hüquqlarının qorunması üçün daha güclü əməliyyat sistemləri və proqramların yaradılması vacibdir.