Asiya ölkəsi qazandığı medalların sayına görə öndə gedir; daha bir idmançı yarışdan uzaqlaşdırıldı
XXX London Yay Olimpiya Oyunlarının üçüncü günü geridə qalıb. Azərbaycan cüdoçuları Rüstəm Orucov (73 kq.) və Kifayət Qasımova (57 kq.) tatami üzərinə çıxıb. Təəssüf ki, həmyerlilərimizin heç biri 1/8 final səddini aşa bilməyərək, Olimpiada ilə erkən vidalaşıblar. Püşk Kifayət Qasımovanı ilk mərhələdən azad etdiyindən təmsilçimiz mübarizəyə 1/8 finaldan başlayıb. O, yarışda Vesna Cukiçi (Sloveniya) məğlub edən Kaori Matsumoto (Yaponiya) ilə qüvvəsini sınayıb. Ancaq Kifayətin Olimpiadada növbəti cəhdi də alınmayıb.
Rüstəm Orucov 1/16 finalda Qideon Van Zillə (CAR) qarşılaşıb. Döyüş həmyerlimiz üçün uğurlu alınıb. Ilk dəqiqələrdə psixoloji cəhətdən zəif təsir bağışlayan Orucov vazari ilə cəzalandırılsa da, görüşün sonuna 32 saniyə qalmış toparlanıb. O, rəqibinə ipponla qalib gələrək, 1/8 finala yüksəlib. Bu mərhələdə cüdoçumuzun rəqibi rusiyalı Mansur Isayev olub. 20 yaşlı Orucov təcrübəli idmançı qarşısında aciz qalıb və 2 dəqiqə 44 saniyənin tamamında ippona düşüb.
Ötən gün Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova (58 kq) da London Olimpiadasında mübarizəyə qoşulub. Podiuma çıxan Kostova birdən qaldırma yarışında 100 kq. sifariş edib və bunun öhdəsindən gələ bilib. Təkanla qaldırmada isə 19 yaşlı atletimiz 120 kq. çəkini ram etməyə çalışacaq.
Olimpiadanın ikinci günündə qazanılan medalların sayına görə, oyunlarının lideri olan ölkənin adı açıqlanıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, Çin siyahıda ilk sırada yer alıb. Bu ölkənin ümumilikdə 12 adda medalı var ki, onlarından altısının əyarı qızıldır. ABŞ 11, Italiya 7, Cənubi Koreya 5, Fransa 4, Şimali Koreya 3, Qazaxıstan 2, Avstraliya 3, Braziliya 3, Macarıstan 3, Hollandiya 2, Rusiya 4, Gürcüstan 1, Cənubi Afrika 1, Yaponiya 5, Böyük Britaniya 2, Kolombiya 1, Kuba 1, Polşa 1, Rumıniya 1, Çin Taypeyisi 1, Azərbaycan 1, Belçika 1, Kanada 1, Moldova 1, Norveç 1, Serbiya 1, Slovakiya 1, Ukrayna 1, Özbəkistan 1 medal qazanıblar.
Bu arada, dopinq testindən keçməyən daha bir idmançı oyunlardan uzaqlaşdırılıb. Beynəlxalq Olimpiya Komitəsinin qərarına səbəb Özbəkistandan olan qadın gimnast Luiza Qaliulinanı qanında qadağan edilmiş sidikqovucu furosemid maddəsinin aşkar edilməsi olub. 20 yaşlı Luiza Qaliulina ötən ay ürək dərmanları qəbul etdiyini və rahat yatmaq üçün bitki çayları qəbul etdiyini iddia etsə də, Beynəlxalq Olimpiya Komitəsi onun dəlillərini əsaslı hesab etməyib.
Bətnində 8 aylıq körpəsini daşıyan malayziyalı idmançı Nur Suriani Məhəmməd Taibi isə pnevmatik tapançadan güllə atıcılığı (10 m) yarışlarında finala çıxa bilməyib. O, yarışlar zamanı körpənin ana bətnində bir neçə dəfə təpik vurduğunu etiraf edib. Bu da idmançının çıxışına təsir göstərib. Nur Suriani Məhəmməd Taibi 56 idmançının iştirak etdiyi yarışlarda 36-cı yeri tutub. 29 yaşlı Taibi bildirib ki, bundan sonra da yarışlarda fəal çıxış edəcək.