Yaxud Almaniyadan Azərbaycana 10 il sonrakı səfər
2001-ci ildə Azərbaycandan Almaniyaya köçən və ölkənin vətəndaşlığını alan Aleksandr Şirinov 10 il sonra bura qayıdanda gördüklərindən “heyrətə” gəlib. Uzun müddətdən sonra Bakıya gəlməsinə səbəb isə evi sökülən zaman problemlərlə üzləşən xalasına kömək etmək olub. Şirinov burda olduğu müddətdə rastlaşdığı hadisələri və gördüklərini qələmə alaraq öz bloqunda yerləşdirib. Gündəliyi ixtisarla təqdim edirik.
2001-ci ildə Almaniyada işləmək təklifi alıb bu ölkəyə üz tutdum. Almaniyada olduğum 10 il müddətində bir dəfə də olsun Azərbaycana gəlməmişdim. Əgər bir hadisə baş verməsəydi, artıq Azərbaycanı unutmuşdum.
Xalam və onun Bakıdakı mənzili
Bakıda Azərbaycanda olan yeganə yaxın qohumum – xalam yaşayırdı. 2010-cu ilin dekabrında xalam evinin söküləcəyi ilə bağlı məlumatlandırılır. Evin sökülmə səbəbi göstərilməsə də, sakinlər bunu bilirdi. Yaxınlıqda prezident Ilham Əliyev üçün yeni iqamətgah tikilib. Xalamın yaşadığı ərazi elit rayon olmalıdır. Sadə xalqa isə orda yer yoxdur. Söküləcək evin əvəzinə təklif ediləcək mənzillər isə olduqca keyfiyyətsiz idi. Tikintisində ucuz materialların istifadə edildiyi binaların divarlarında çat əmələ gəlib. Təklif edilən mənzillərin heç biri xalamın xoşuna gəlməsə də, hakimiyyət nümayəndələri onun seçiminin olmadığını deyib. Yeni mənzili götürsə də, götürməsə də, evi söküləcək. Hakimiyyətdən ona siqnallar gəlirdi: mənzildən imtinanın alternativi isə işsiz və evsiz qalmaq idi. Xüsusi xidmət orqanlarının əməkdaşları xalamın iş yerinə gələrək onun Azərbaycan hakimiyyətinə münasibəti barədə maraqlanırdı. Cinayətkar dövlət maşını ilə üz-üzə qalan xalam qorxub çəkinmədi və kömək üçün bizə müraciət etdi. Vəziyyətlə tanış olmaq üçün isə Azərbaycana gəlməli olduq. Son 10 ildə bu, ilk səfər idi.
Frankfurt hava limanından Riqaya, ordan isə Bakıya uçduq. Azərbaycanla ilk tanışlığım Riqanın hava limanında başladı. Təyyarəyə minəndə əl yükünün yerləşdirilməsi üstündə insident yaşandı.
Binə hava limanı
Binə hava limanından çıxan kimi spesifik qoxu hiss etdim. Bunun neft və ya kanalizasiya iyi olduğunu ayırd edə bilmədim. Bu iy hər yerdə idi və belə anladım ki, Bakıda ekoloji vəziyyət ürəkaçan deyil. hava limanından çıxan kimi taksi sürücüləri bizdən əl çəkməyərək şəhərə aparmağı təklif etdi. Əvvəl bu təklifdən imtina etdik, çünki şəhərə avtobusla getmək istəyirdik. Ancaq sonra məlum oldu ki, avtobuslar işləmir və şəhərə getməyin yeganə yolu taksidir. Şəhərə çatanda anamla məndən hərəyə 25 manat pul aldılar. Sonra məlum oldu ki, xaricdən gəldiyimizi və qiymətlərlə tanış olmadığımızı bilib bizi aldadıblar.
Bakıya səfər planım
Bakıda iki həftə qalmağı planlaşdırırdım. Bu müddətdə xalamın ev məsələsini həll etmək – köhnə evin əvəzinə ya yeni ev, ya da pul kompensasiyası almaq, qəbir daşı düzəltdirmək – babamın qəbrini səliqəyə salmaq və dostlarla görüşməyi planlaşdırırdım. Əvvəlcədən deyim ki, iki həftə bəs etmədi və məzuniyyətimi bir həftə də uzatmalı oldum.
Mənzil məsələsi
Ilk növbədə Dövlət Əmlak Komitəsinin nümayəndəsi Yusif Qəmbərovla görüşdüm və o mənə seçim üçün Əliyar Əliyev 26 ünvanında bir neçə mənzil təqdim etdi. Təklif olunan bütün mənzillərə baxdım. Təmir yaxşı olsa da, ucuz və keyfiyyətsiz tikinti materiallarının istifadə edildiyi, təmir işlərinin qeyri-professional şəkildə həyata keçirildiyi hiss olunurdu. Evin zirzəmisinə baxanda isə istinad divarlarının artıq çat verdiyini gördüm. Belə qənaətə gəldim ki, nəinki mənzillərin təmiri, ümumiyyətlə, binanın tikintisi keyfiyyətsiz aparılıb. Gözümə başqa xırda şeylər də dəydi – su boruları zədələnib, binanın üzlük daşları qırılıb, zirzəmidə su elektrik xəttinin yanındadı, binanın qarşısında daşla düzülmüş yollar dağıdılıb. Əliyar Əliyev 26 küçəsindəki yeni binalar Almaniyadakı 40 illik binalardan pis vəziyyətdə idi. Almaniyada evlərin qarşısında yollara düzülmüş daşlar on illərlə salamat qalır. Bakıda isə evin tikintisindən 1-2 il sonra sıradan çıxır. Belə binalarda yaşamaq təhlükəlidir. Onlar kapital qoyuluşu üçün də yararsızdır. Məsələn, Almaniyada belə evlər üçün icarədar tapmaq çox çətindir. Çünki orda insanlar kiçik, sakini az olan binalarda yaşamağa üstünlük verir.
Əliyar Əliyev 26 ünvanında mənzili götürməkdən imtina edəndən sonra mənə bir neçə mənzil də təklif edildi. Lakin onların hamısının vəziyyəti eyni idi. Yeganə variant pul kompensasiyası almaq idi. Ancaq Dövlət Əmlak Komitəsi pul vermək istəmirdi. Bina söküləndən sonra kömək üçün ölkə prezidentinə məktub yazsaq da, heç bir reaksiya olmadı. Azərbaycanda qanunlar pozulur, prezident də bunu dəstəkləyir.
Millətin xarakteri
Bakıda olarkən bir neçə diqqətimi çəkən mənzərənin şahidi oldum. Bankomat qarşısında növbədə dayananda özünü müharibə veteranı kimi təqdim edən təxminən 65 yaşlı bir kişi növbəsiz keçməyə çalışdı. Bunu da tələsməsi ilə izah etdi. Lakin qarşıda dayanan qadın buna etiraz etdi. Cavabında həmin kişi səs-küy salıb qadını vurmağa cəhd göstərdi. Almaniyada kimsə növbəsiz keçmək istəsə, özündən əvvəl dayananlardan xahiş edir. Rədd cavabı alanda isə sakitcə növbəsini gözləyir, daha dava salmır. Bakıda olduğum üç həftə müddətində bu tip hallarla çox rastlaşdım. O cümlədən bir neçə dəfə məmurların da kobud davranışının şahidi oldum. Üç həftə ərzində Bakıda gördüyüm zorakılıq 10 ildə Almaniyada gördüyümdən bir neçə dəfə çox idi. Belə nəticəyə gəldim ki, azərbaycanlılar yetərincə mehriban deyillər və bir-birlərinə hörmətsiz yanaşırlar. Burda gördüklərimi Almaniyadakı dostuma danışanda o, insanların belə davranışını çətin həyatları ilə izah etdi. Ancaq Almaniyanın daha da çətin günləri olub. Bununla belə alman xalqı hətta ən ağır vaxtlarında bir-birinə yaxşı yanaşıb. Bu da onların Allaha inamı, mənəvi dəyərləri ilə bağlıdır.
Gördüklərimdən belə nəticəyə gəldim ki, Azərbaycanda məmurlar qanunlara hörmət və riayət etmir. Azərbaycanda qanun kasıbları cəzalandırmaq üçün kağız parçasıdır. Pul isə qanundan daha üstündür.
Maddi vəziyyət
Avtomobillərin və bahalı restoranların sayına baxanda əhalinin vəziyyətinin yaxşılaşdığını düşünmək olar. Ancaq Bakıda xeyli adam 150-200 manat maaş alır. Mənə verilən məlumatlara görə, regionlarda vəziyyət daha pisdir. Bakıda ərzağın qiyməti Almaniyada olduğundan 3-4 dəfə bahadır. Üstəlik, keyfiyyəti bir neçə dəfə aşağıdır. Bu məni çox təəccübləndirdi. Çünki Bakıda maaşlar Almaniyada olduğundan xeyli aşağıdır. Sənaye məhsullarının da qiyməti çox bahadır. Mənim hesablamalarıma görə, Bakıda sadə adamlar üçün istehlak səbətinin dəyəri Almaniyadan 2-3 dəfə bahadır. Varlılar üçün bu fərq azdır. Onlar da kasıbların əziyyəti hesabına yaxşı yaşayır. Ancaq varlılar da Almaniya varlılarından xeyli pis yaşayır. Azərbaycanda varlı həyatın riski də çoxdur. Çünki pullar qanun pozuntusu hesabına qazanılır. Yüksək risk həm də qeyri-stabil regional və geosiyasi situasiya ilə də bağlıdır. Ərəb ölkələrinin nümunəsi göstərdi ki, varlılar bir anın içində nəinki pullarını, həyatlarını da itirə bilərlər.
Ümumi situasiya
Azərbaycanda korrupsiya, qanunun kütləvi şəkildə pozulması, dini normaların tapdalanması, hər addımda polislər, ancaq vətəndaşları müdafiə etmək üçün yox, qorxutmaq üçün… Dəhşətli ekologiya, bahalıq, pul qazanmağın çətinliyi, əhalinin sosial müdafiəsinin olmaması ümumi situasiyanı izah edir. Almaniyada işsiz iş tapana qədər dövlətdən 365 avro müavinət, mənzil və tibbi sığorta alır. Fəhlə vergi və sığorta ödəmələrindən sonra 1000-1500 avro, mühəndis 1500-3000 avro, şöbə müdiri 2500-5000 avro alır. Üstəlik də işə tanışığa görə yox, bacarığa görə götürürlər. Belə nəticəyə gəlmişəm ki, Azərbaycan rəhbərliyi hakimiyyətini genişləndirmək, ölkənin sərvətlərini mənimsəmək üçün bütün yollarla mütərəqqi insanları əzib, həbs edib, ölkədən getməyə məcbur edib. Ölkədə ancaq hakimiyyətlə əməkdaşlıq etməyə və onun cinayətlərinə şərik olmağa, baş verənlərə göz yummağa razılıq verənlər qalıb. Düzdür, ölkədə vəziyyəti yaxşılığa doğru dəyişmək istəyənlər də var… Ölkədə qanunlarla yanaşı, əxlaq da dəyişməlidir.
Xalamın həyatı təhlükədə
Bakıda olduğum müddətdə anladım ki, hakimiyyət nümayəndələri normal kompensasiya vermək niyyətində deyil. O da məlum oldu ki, xalamın Azərbaycanda qalması onun həyatı üçün təhlükəli ola bilər. Ona görə də sənədləri düzəldib onu Almaniyaya aparmaq qərarına gəldik. Almaniyada isə o, siyasi sığınacaq istədi. Azərbaycandasa bizim itkilərimiz 200 min avronu ötdü.
Məhkəmə sistemi
2011-ci ildə bizim iradəmizə zidd olaraq ev söküləndə məhkəməyə müraciət etdik. Məhkəmə söküntünün dayandırılması ilə bağlı qərar çıxardı. Lakin şəhər icra hakimiyyəti məhkəmə qərarına zidd olaraq evi sökdü. Evi sökməzdən əvvəl mənzillərdə olan əşyalar oğurlanıb talan edildi. Dövlət faktiki olaraq öz vətəndaşlarına qarşı cinayət törətdi. Ölkə başçısına edilən müraciətlər isə cavabsız qaldı.
Veb saytıma hücumlar
Azərbaycandan qayıdandan sonra başımıza gələnlər barədə yazını öz saytıma yerləşdirdim. Bundan sonra 10 il müddətində bir dəfə problem yaşamayan sayta haker hücumları başladı. Bizə vurulun maddi və mənəvi ziyana görə kompensasiya ödəmək əvəzinə Azərbaycan hakimiyyəti elədiyi cinayətlərə yenilərini də əlavə etmək istəyir.
Maraqlıdır, Azərbaycan hakimiyyəti neçə illərdir xaricdəki imicini düzəltmək üçün böyük pullar xərcləyir. Ancaq imici gözəl sözlərlə yox, gözəl əməllərlə düzəltmək lazımdır. Qərbdə yaşayanlar axmaq deyil, onları gözəl sözlə aldada bilməzsən. Tarix hər şeyi yerbəyer edir və cinayətkar gec-tez cəzasını alır.