İsmayıl Ömərov, Eynulla Fətullayev, Mirşahin Ağayev
Ictimai televiziyaya ictimai qınağın çoxaldığı məqamda keçmiş məhbus Eynulla Fətullayevdən bu televiziyanın rəhbərliyinin ünvanına tərifli fikirlər səsləndi. Azad olunandan bəri ilk dəfə geniş teleefir auditoriyasına çıxmış Fətullayevin “Ortaq məxrəc” verilişi və onun aparıcısına ünvanlanan minnətdarlıq yönlü mövqeyi sonradan da olsa həmin verilişə baxmaq gərəyi yaratdı.
Eynulla Fətullayev saytlara şərhində verilişdəki çıxışlarında hakimiyyəti kəskin tənqid etdiyini iddia edir, çıxışının kəsilmədən efirə verildiyini telekanalın “böyük cəsarəti” kimi dəyərləndirir. Əslində verilişə baxandan sonra tam fərqli mənzərə ortaya çıxır.
“Ortaq Məxrəc”dən ortaq sözünü çıxanda yerdə nə qalır?
Vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında başlayan formal dialoqun müzakirəsinə nə az, nə azacıq – QHT sektorunun altı təmsilçisi toplamışdı. ITV-nin heabıyla hakimiyyəti QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, qalanları vətəndaş cəmiyyətinin nümayəndələri təmsil edirdi. Əslində iştirakçıların arasında hakimiyyətdən, hökumətdən narazı bircə QHT rəhbəri yoxdu. Sadəcə xaricdən və dövlətdən maliyyələşənlər vardı. Balanssızlıq, tərəfkeşlik başlanğıcdan sonacan özünü göstərdi. Əvvəl-axır Ilham Əliyevin, Ramiz Mehdiyevin, Əli Həsənovun xofu o verilişin başından əskik olmadı. Hakimiyyətin ünvanına “kəskin” təyini qoyulacaq bircə tənqid, ehyamlı fikir səslənmədi. Xırda-para tənqidəbənzər ifadələr ünvansız qaldı. Qeyri-müəyyən əvəzliklər, şəkilçilər, üstüörtülü atmacalar…
Aparıcı Anar Yusifoğlu özünü prezidentliyə, deputatlığa namizədlərin teledebatında olduğu kimi aparırdı. Ultimativ xarakterli göstərişlər verir, müzkirələrin səmtini anındaca dəyişirdi. Görünür, qabaqcadan razılaşdırıldığından verilişi Azay Quliyevin səlahiyyətinə vermişdi. Bir saatlıq verilişin tən yarısı Azay müəllimindi. Elə isə qarşı tərəfdə beş təmsilçinin oturdulmasına nə gərək vardı. O beş nəfərdən ikisi – Rauf Zeyni ilə Sahib Məmmədov bütünlüklə Azay Quliyevin yanındaydı. Həm də o halda bu qədər adamı bir yerə yığmağa dəyməzdi ki, qalanların heç biri fikirlərində digərindən irəli getmirdi. “Qırmızı işığı” qanunsuz keçməyə cəhd göstərmirdi. Faktiki olaraq “Ortaq məxrəc”in 45 dəqiqəsi iqtidarın təbliğinə getdi. Yerdə qalan 10-12 dəqiqədə (aparıcının yönəltmələrindən sonra qalan müddətdə) Akif Nağı daha fəaldı. Heç olmasa münasibət bildirir, təklif səsləndirirdi. Şübhəsiz, ona çox yer verilməsində Qarabağ faktoru rol oynayırdı. Paralel olaraq beş qrant layihəsi həyata keçirdiyini deyən Eynulla Fətillayevlə ondan daha təmkinli görünən Məhərrrəm Zülfüqarlı 2-3 dəqiqəlik çıxışlarıyla arxa planda qaldı. Belədə onların çıxışları ixtisar olunsaydı ortada nə qalacaqdı? Və orda ixtisar olunmalı nə vardı axı? Üç dəqiqəlik çıxış və bir sual. Deməli, E.Fətullayev ITV-dən o qədər bədgümanmış ki, ona ağzını açmağa imkan verilməyəcəyini düşünürmüş. Belə düşüncə ilə siyasi müzakirələrə qatılmağa dəyməz. Bu, artıq özünəsenzura yaradır. Açıq danışmaq, tənqid etmək məqsədi vardısa, deyərəm birdən kəsərlər qorxusu yaşamamaq üçün canlı efir tələbi qoymaq gərəkdi. ITV seçkiləri çıxmaqla siyasi söhbətlərə canlı efir vermir. Qanunda tələb olunan canlı efir payını musiqi və səhər proqramları, xəbər bülletenləri ilə doldurur.
“Tərbiyəçini” sevmək gərəkmiş
Rusiyada prezident seçkiləri zamanı biz nələr görmədik, Jirinovskidən nələr eşitmədik. Telekanal, lap elə Putun bundan nə itirdi ki? Əksinə tamaşaçı və reklam axını qazandı. Bizim “jirinovskilər” hətta efirdə də Jirinovski ola bilmirlər. Bəlkə də ona görə ki, ITV nə danışacağını bilmədiyi kimsəni proqramlarına dəvət etmir. Arxada illərin izləmələrindən yaranan təcrübə var. Yaxşı olardı ki, Eynulla bəy neytrallığını qorumağı bacarmayan, cümlələrinə istimai don geydirməyə çalışsa da maneralarında, mimikalarında, hətta səsinin tonunda belə hakimiyyətyönlülüyünü gizlədə bilməyən aparıcını tərifləməkdənsə (tərif yeni verilişlərə dəvətə hesablanmış kimi görünür), onun birtərəfli mövqe tutduğunu tənqid edəydi. Çünki aparıcının borcu verilişin bütün iştirakçılarına eyni münasibət sərgiləməkdi. Başlanğıcdaca verilişin iştirakçılarını eyni formada təqdim etmək onun vəzifəsi, elementar efir mədəniyyəti nümunəsidi. Amma bunu görmədik və kimsə gördüklərimizə etiraz etmədi. A.Yusifoğlunun təqdimatı bu formada oldu: Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Akif Nağı, Sahib Məmmədov, Rauf Zeyni, Məhərrəm Zülfüqarlı və Eynulla Fətullayev. Adları sadalananların rəhbərlik etdiyi təşkilatlar təqdim olunmadı. Xeyli sonradan kiçik hərfli subtitrlə yazıldı. Anar Yusifoğlu hətta o təşkilatların adını dilinə gətirməyə belə layiq bilmədi. Bu təqdimata Azay Quliyevdən savayı hamı etiraz etməliydi. Amma edilmədi. Çünki hər saat ələ düşən fürsət deyildi. Ictimai Palatanın ismarıcından sonra ikinci verilişdir bir balaca kənaraçıxmalar gözə dəyir.
Aparıcının işi verilişi istədiyi formada qurub, hakimiyyət təmsilçisinə sərfəli suallar, yəni ona istədiyi tərifləri yağdırmaq imkanı yaratmaq, sözünü kəsməmək, o birilərin sözünü yarımçıq kəsməklə beş nəfərin bir nəfərə uduzmasını təşkil etmək deyil. Müzakirələrə Azay Quliyev başladı, o da bitirdi. Ilk gülən də, son gülən də o oldu. Çıxışını Ilham Əliyevlə başladı, Ilham Əliyevlə tamamladı. Göydən üç alma düşdü, üçünü də Azay müəllimə verdilər və hamı xoşbəxt duyğularla öz QHT-sinin başına qayıtdı.
Iki yaxşı olmayandan daha az yaxşı olmayan
Amma bir məsələ qaldı. Həbsdən sonra hüquq müdafiəçisinə çevrilmiş populyar, populist bir jurnalistin ancaq onun barəsində hazırlanan tənqidi süjeti – ANS-in məhsulunu efirə vermədiyinə görə ITV direktorunu xüsusi tərifləməsi şəxsi maraqlara xidmətdən, fərdiyyətçilikdən savayı bir şey deyil. Fərdiyyətçiliklə hüquq müdafiəçiliyi bir araya sığmır. Sitat: “Bundan əlavə, ITV ilə digər telekanalların efiri arasındakı fərqi görmək çox vacibdir. Bizə bəlli olan siyasi gerçəkliklərdən irəli gələn siyasi təzyiqlərə və imkanlarının məhdudluğuna baxmayaraq ITV qalan telekanallara baxanda daha vicdanlı mövqe tutur. Məsələn, mən ITV rəhbəri Ismayıl Ömərovun bir addımını heç vaxt unutmaram. O, bir vaxtlar vicdansız Mirşahinin mən həbsdə olanda hakimiyyətin sifarişi ilə haqqımda çəkdiyi çirkin və sifarişli süjeti efirə verməkdən imtina etmişdi”. Eynulla bəy Ismayıl Ömərovun demokratik düşərgənin AzTV-də pərdə önü, ITV-də pərdəarxası, Milli Məclisdə hər iki yolla məhvinə çalışmasını niyə unudur? Haqqı tapdanan insanların, qapılarda süründürülənlərin, ölkədən didərgin salınanların, müflis edilənlərin, malı-mülkü talananların, öldürülüb qanı batırılananların, özünü öldürmək həddinə çatdırılanların, evini sel, zəlzələ aparanların, Qarabağdan didərgin düşənlərin, daha nə bilim kimlərin yanında olmayan Ictimai televiziyanı hər hansı məqsədlə tərifləmək haqsızlıqdır. Üstəlik, bir telekanal o biri telekanalın əməkdaşının hazırladığı verilişi niyə yayımlamalıdır? Aralarında kəskin münasibət, ciddi rəqabət olduğu yerdə… Ictimai televiziya haqqında qanuna əsasən telekanalın belə verilişləri yayımlamaq haqqı olmadığı yerdə. Bütün hallarda Ismayıl Ömərovla Mirşahin Ağayev arasında müqayisə apararkən Ömərova üstünlük vermək olmaz. Onların jurnalistikası, ekran fəaliyyəti və şəxsi maraqları üzərində formalaşan efirdənkənar fəaliyyəti kəskin fərqlənir. Zamanında şəxsən mən Mirşahin Ağayevin Eynulla Fətullayev barəsində “Bədbəxt adam” filmini ciddi tənqid edənlərdən olmuşam. O zaman mənim daşdankeçən arqumentlərim vardı. Indi biri də qalmayıb…
Aydın Türkoğlu