Siyasi kürsülərə gedən yol…
Azərbaycan Xalq Cümhuriyyəti hökumətində yer alan şəxslərin həyatına nəzər saldıqda, onların hər birinin böyük bir siyasi yol keçdiyini görərik. 1917-ci ildə Rusiyada fevral burjua inqilabı baş verdi.1917-ci il martın 9-da Müvəqqəti hökumətin təşəbbüsü ilə IV Dövlət Dumasının Zaqafqaziyadan olan deputatlardan ibarət Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Onun tərkibinə V.Xarlamov (rus), A.Çxenkeli (gürcü), K.Abaşidze (gürcü), M.Papaçanovla (erməni) yanaşı, azərbaycanlı Məmməd Cəfərov da daxil oldu. Ona yeni yaradılmış komitədə sənaye və ticarət işlərinə rəhbərlik etmək tapşırıldı. 1917-ci il aprelin 15-20-də Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirildi. Həmin qurultayda Tiflisdən gəlmiş azərbaycanlı M.Cəfərov da iştirak etmiş və təbrik nitqi söyləmişdir.
1917-ci il noyabrın 15-də Tiflisdə Müstəqil Zaqafqaziya hökuməti – Zaqafqaziya Komissarlığı yaradıldı. M.Cəfərov bu hökumətdə Ticarət və sənaye naziri vəzifəsini tutdu. 1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziya Seymi işə başladı. Seymdə gürcü, erməni və azərbaycanlı nümayəndələri iştirak edirdilər. Bura Azərbaycandan Müsavat Partiyasını və bitərəf demokratik qrupları təmsil edən 30 nəfər, o cümlədən M.Cəfərov da seçilmişdi.
M.Cəfərov 1885-ci ildəÿBakıÿşəhərində anadan olmuşdur. Hüquqşünas alim M.Cəfərovÿ14 mart 1919-cu ildənÿ22 dekabr 1919-cu il tarixinə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Sənaye və ticarət naziri olmuşdur. O, görkəmli pedaqoq, jurnalist Əli Isgəndər Cəfərzadənin kiçik qardaşıdır. M.Cəfərov orta təhsilini Bakıda almış, sonra Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. O, Moskvada oxuyan azərbaycanlı tələbələrin təşkil etdiyi Azərbaycan etnoqrafik konsert gecələrinin və Azərbaycan həmyerlilər təşkilatının əsas rəhbərlərindən biri olmuşdur.
M.Cəfərov 1907-ci ildə Bakıda kişi gimnaziyasını bitirmiş, sonra Moskvaya getmiş və Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur.
1912-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən M.Cəfərov hüquq elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmiş və Bakıya qayıtmışdır. O, burada Bakı məhkəmələrinin birində andlı hakim köməkçisi vəzifəsində çalışmağa başlamışdır. 1912-ci ilin sentyabr-oktyabr aylarında IV Dövlət Dumasına Rusiyanın hər yerində olduğu kimi, Cənubi Qafqazda da seçkilər keçirildi. 27 yaşlı M.Cəfərov əvvəl Bakıda, oktyabrın 20-də isə Yelizavetpolda Bakı, Yelizavetpol və Irəvan quberniyalarının müsəlman əhalisi tərəfindən IV Dövlət Dumasına deputat seçilmişdir. M.Cəfərov Dumada Kadet partiyasına qoşulmuşdur. O, Dumadakı çıxışlarında çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid etmişdir.
Ticarət və sənaye naziri vəzifəsində
M.Cəfərov 1912-1917-ci illərdə Sankt-Peterburqda fəaliyyət göstərmiş IV Dövlət Dumasında iştirak etmiş, Dumanın V bölməsinin, Müsəlman fraksiyasının, büdcə, köçürmə, sorğu, məhkəmə islahatı, hərbi və dəniz işləri üzrə komissiyaların üzvü seçilmişdir.
Bu ərəfədə çox tarixi hadisələr baş verirdi. 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin iclasında Seymin buraxılması və Gürcüstanın müstəqilliyini elan edilməsilə əlaqədar mayın 27-də Müsəlman fraksiyasının fövqəladə iclası çağırıldı. Onlar M.Rəsulzadənin sədrliyilə Müvəqqəti Milli Şura və F.Xoyskinin sədrliyilə Milli Şuranın Icra Komitəsini təşkil etdilər. Icra Komitəsinin tərkibinə M.Hacınski, N.Yusifbəyov, X.Xasməmmədov və başqaları ilə birlikdə M.Cəfərov da seçildi.
1918-ci il mayın 28-də Müvəqqəti Milli Şuranın iclasında Azərbaycanın müstəqilliyini bəyan edən akt qəbul olundu. O tarixi Istiqlal Bəyannaməsini imzalayan və bəyan edən 24 nəfərdən biri Məmməd Yusif Cəfərov olmuşdur. Həmin iclasda F.Xoyskinin elan etdiyi Azərbaycan hökumətinin tərkibində M.Cəfərov Ticarət və sənaye naziri vəzifəsini tutdu.
M.Cəfərov 1918-ci ilin iyun ayının axırlarından 1919-cu ilin martın ortalarına kimi Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikasında diplomatik nümayəndəsi olmuşdur.
1919-cu il aprelin 14-də Azərbaycan parlamenti N.Yusifbəylinin sədrliyilə yeni Azərbaycan hökumətini təsdiq etdi. M.Cəfərov bu hökumətdə Xarici işlər naziri vəzifəsini tutdu. O, bu vəzifədə 1919-ci il dekabrın 22-nə kimi çalışdı. M.Cəfərov bir diplomat kimi hər zaman öz vəzifəsində Azərbaycan Respublikasının mənafeyini müdafiə etmişdir. Bu, onun imzaladığı Gürcüstan və Azərbaycan Respublikaları arasında hərbi-müdafiə müqaviləsində, əlavə müvəqqəti kağız pulun buraxılması haqqında Ermənistan, Gürcüstan və Azərbaycan respublikaları arasında sazişdə, müsəlmanların vəhşicəsinə qırılması əleyhinə Ermənistan Xarici Işlər Nazirliyinə, müsəlman əhalisinin mənafeyinin müdafiə edilməsi, Azərbaycanın ərazi bütövlüyü, əmlakının qorunması barədə Böyük Britaniyanın Cənubi Qafqazdakı və Bakıdakı qoşunlarının komandanlarına göndərdiyi notalardan və s. aydın görünür.
Hakimiyyətin bolşeviklərə verilməsi haqqında qərar
Böyük siyasi xadimin Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasında xidmətləri çoxdur. Onun rəhbərliyi altında həmin dövrdə məşhur Azərbaycan sənətşünasları və ictimai xadimləri Məmməd Ağa oğlunun və Hüseyn Mirzə Camalovun arxivlərdən toplayaraq çap etdirdikləri “Zaqafqaziyada rus siyasətinə aid sənədlər” kitabını xüsusi qeyd etmək lazımdır. 1919-cu ilin oktyabrında Azərbaycan parlamentinin bitərəf üzvü M.Cəfərovÿ Müsavatın sıralarına daxil olmuşdur. Həmin ilin dekabrında Yusifbəyli kabinəsi istefaya çıxdığı üçün Cəfərov da tutduğu vəzifəni tərk etmişdir. 1919-cu il dekabrın 2-11-də Bakıda Türk Demokratik Federalist Müsavat Partiyasının II qurultayı keçirildi. Qurultayda iştirak etmiş M.Cəfərov, M.Rəsulzadə, M.Hacınski, N.Yusifbəyov və başqaları birlikdə qurultayın siyasi komissiyasına seçilmişdir.
1919-cu il dekabrın 14-21-də Bakıda azərbaycanlı-erməni konfransı keçirildi. Konfransda Azərbaycandan F.Xoyski, M.Hacınski, R.Vəkilov və M.Cəfərov iştirak etmişdir. M.Cəfərov konfransı giriş nitqi ilə açaraq demişdir: “Müstəqil Gürcüstan, Ermənistan və Azərbaycan respublikaları yaranmasına baxmayaraq, onlar arasında həll edilməmiş mübahisəli məsələlər vardır. Konfransı açaraq ümid edirəm sizin ağır zəhmətiniz nəticəsində bu çətin məsələlər həllini tapacaq və hər iki xalq arasında dostluq əlaqələri möhkəmlənəcəkdir”.
“1920-ci il fevralın 2-də Azərbaycan parlamentinin 121-ci iclasında parlament sədrinin müavini H.Ağayevin xəstəliyi ilə əlaqədar olaraq vəzifəsindən getməsi nəticəsində yeni müavin seçilməsi məsələsi müzakirə edilmişdir. Müzakirə zamanı M.Rəsulzadə Müsavat fraksiyası adından Azərbaycan parlamentinin sədrinin müavini vəzifəsinə M.Cəfərovu təklif etmişdir. Parlamentin 47 üzvü M.Cəfərovun lehinə, 5 üzvü isə əleyhinə səs vermişdir. Beləliklə, o, Azərbaycan parlamentinin sədrinin müavini seçilmişdir. M.Cəfərov 1920-ci il aprelin 27-də parlamentin son iclasında gərgin müzakirədən sonra hakimiyyətin başda N.Nərimanov olmaqla, Azərbaycan Müvəqqəti Inqilab Komitəsinə verilməsi haqqında qərarı imzalamışdır” (Vikipedia).
Azərbaycan Xalq Cümhuriyyəti süquta yetirildikdən sonra M.Cəfərov Azərbaycan pambıqçılıq və şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. O, 1938-ci il mayın 15-də Bakıda vəfat etmiş və Şağan kəndində dəfn olunmuşdur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir