15 gün qabaq, yəni ötən ilin son axşamlarından birində yazar dostumuz Zakir Sadatlı mənə zəng vurdu və uzun araşdırmalardan sonra əldə elədiyi və heç bir yerdə nəşr edilməmiş, əlyazma şəklində olan bir kitab haqda danışdı. Telefon danışığımız çox uzun çəkdi. Zakirin ürəyi yerindən çıxmağa qalırdı. Hiss elədim ki, səbrimi bassam, dostum mənə bütün kitabı əzbərdən danışacaq – kitab da neçə səhifə olsa yaxşıdı? – hardasa 600. Artıq məni heyrətləndirdiyinə əmin olan dostum toxtadı və sabah görüşmək üçün vədələşdik.
Müəllifinin kimliyi bir türlü aydınlaşmayan “Əli və Nino” Azərbaycan ədəbiyyatında əvəzsiz bir kitab sayılır. XX əsrin əvvəlində Bakıda baş verən olaylar, Şərq-Qərb dilemması, müstəqil Azərbaycan dövlətinin süqutu, Gəncə üsyanının yatırılması və Əli bəyin qəhrəmancasına həlak olması – qovuşa bilməyən Şərq ilə Qərb… Mən kitabın son səhnəsində ağlamışdım. Özümü həmin üsyanın iştirakçısı və AXC-nin (Azərbaycan Xalq Cümhuriyyəti) bolşeviklərin əlinə verilməsinə üzülən biri kimi qəhr olmuşdum. “Əli və Nino” romandı, bədii əsərdi və hadisələrə də ötəri bir baxış var.
Haqqında danışacağım kitab isə konkret şəxsin, 1895-ci il doğumlu Əziz Alpoud adlı bir vətənpərvərin, Estoniyada oxuduğu dövrdə, elə oradaca, Çarizmin devrilməsindən sonra Kerenski hökumətində nazir vəzifəsi tutmuş, Azərbaycan hökumətində isə hakim kimi çalışmış, bolşeviklərin işğalından sonra qiyam hazırlayan gizli milli təşkilatın ikinci adamı olmuş dönməz millətçinin kitabıdı. Kitab xatirələr və gündəlik qeydlər əsasında 1961-ci ildə yazılıb. Əziz bəy isə dünya ilə 1988-ci ildə Ankarada vidalaşıb.
Kitabı dəyərli eləyən nədi?
Əsər, dediyim kimi, sənədlidi. Təxəyyül məhsulu olan bir səhnə belə yoxdu. Yalnız həqiqət və gerçəkdə baş verənlərin təsviri, təhlili. Kitabı oxuduqca bir daha azman Dostoyevskinin gənc bir xanım yazara verdiyi məsləhəti xatırladım. Yazıçı deyir ki, çalışın özünüzdən uydurmayın, həyatdan öyrənin, çünki heç bir yazıçının həyat qədər uydurmaq gücü ola bilməz. Mən tarixiliyinə görə “Əli və Nino”nu Əziz Alpoudun bu kitabının bir bölümü ilə müqayisə eləyə bilərəm – bircə bölümü. Elə təsir gücünə görə də. Soljenitsının “Arxipelaq Qulaq”ının cəhənnəm təsvirləri isə Əziz bəyin Sibirdəki sürgün və oraqədərki dustaqlıq mənzərələrinin yanında bir cənnət təsviridir – nə qədər real, nə qədər inandırıcı və nə qədər də tükürpədici.
Əsərin o qədər geniş tarixi şəxsiyyətlər və tarixi hadisələr arealı var ki, bilmirsən hansını deyəsən. Ömər Faiq Nemanzadədən başlayıb (ailə dostları) Rəsulzadədən, Nəsib bəy Yusiflidən, Fətəli xan, Düdənginski, Topçubaşov, Ceyhun Hacıbəyli, Adolf Hitler, Atatürk… (dəfələrlə görüşlər, Mustafa Kamalın onu öz maşınında evinəcən ötürməsi, şəxsən onun rəhbərliyində bir fabrikin açılmasına sərəncam verməsi və fabrikə dəfələrlə gəlib-getməsi) Alparslan Türkeş… şəxsi görüşlər, söhbətlər və daha nələr, nələr!
Ermənilərin Azərbaycanda qətliam törətməsi, canlı döyüş səhnələri… Ac bolşeviklərin Azərbaycanda törətdiyi ağlasığmaz vəhşiliklər (bu gün solçuluq romantikasına, sovetizmin xiffətinə qapılanların kitabı oxuyanda necə xəcalət çəkəcəklərini təsəvvür eləyirəm). Oxucu 3D effektli bir şey hiss eləyir. Sanki o özü də o günlərin iştirakçısıdı və müəllifin keçdiyi bütün yollardan keçir. Bu kitabı oxuyan şəxsin öz dövlətini sevməməsi, dostunu-düşmənini tanımaması, indilər ölkəyə qənim kəsilmiş həvəskar diktaturaya yağı kəsilməməsi mümkün deyil.
Ən dəhşətlisi nədi kitabda? 1920-ci il işğalından kitabı yazıb bitirdiyi son günə kimi qırmızı canavar rusların bir gün Azərbaycandan qovulacağına və üçrəngli bayrağın yenidən Azərbaycan Parlament binasının üstündə dalğalanacağına bir an qırılmayan inam! Bax, bu gün bizə ən çox lazım olan da elə bu inamdı. Inanın dostlar – bu rejim də əbədi deyil!