(Bir polemikanın ardından)
Srağagün “Azadlıq” radiosunda Azər Qaraçənli ilə polemikamız vardı. Polemika mövzusu bəyin yazdığı “Azadlıq nitqləri” kitabı idi. Mən bu kitabı yazılarımın birində “köləlik nitqləri” adlandırmışdım. Çünki kitabın ümumi ruhunu “ağa deyir sür dərəyə, sür dərəyə” prinsipi təşkil edir.
Hətta iş o yerə çatıb ki, müəllif kitabda hamını işarələrlə, sətiraltı ifadələrlə danışmağa, daha dəhşətlisi isə, “qulların dili” olan “Ezop dili”nə qayıtmağa səsləyir.
Polemikanın gedişində mənim ağlıma başqa bir bənzətmə gəldi. Kitabı “dövrümüzün Qabusnaməsi” adlandırdım. Bilirsiniz ki, “Qabusnamə”də hakim güc qarşısında xalqın özünü necə aparmalı olduğuna dair iyrənc təlimatlar var. Azər bəyin kitabı da bir növ onun çağdaş versiyasıdır.
Polemika zamanı hörmətli Qaraçənli rejimə qarşı ardıcıl, dönməz mübarizənin zərərli olduğunu Bənənyar hadisələrində bir nəfərin ölməsi ilə əsaslandırmağa çalışırdı. Belə çıxırdı ki, hansısa mübariz insanın rejimin amansızlığına qurban getməsi mübarizəsizliyə bəraət qazandırır.
Bu mənasız tezisi müdafiə edənlər son vaxtlar çoxalıb deyə, mən bir daha mövzuya qayıtmağa ehtiyac duydum. Belə bir yanaşma ən azı, iki səbəbdən gülməli və məntiqsiz görünür.
BIR: Əgər biriləri doğrudan da, səmimi-qəlbdən azadlıq uğrunda mübarizədən danışırsa, o zaman dünyada itkisiz, qurbansız əldə edilmiş azadlıq nümunəsi də göstərməlidir. Ümumiyyətlə, qurddan qorxanın meşədə nə işi var? Biz niyə unuduruq ki, azadlıq uğrunda mübarizənin əlahiddəliyi də məhz bundadır: hər an hər bir gözlənilməzliyə hazır olmalısan!
IKI: Rejimə qarşı aktiv mübarizədə bir, yaxud bir neçə qurban vermək mübarizəsizliyə bəraət qazandırırsa, o zaman ölkədə yüzlərlə, minlərlə insanın haqsızlıqlardan, ədalətsizliklərdən çərləyərək ölməsi, işsizlikdən, yoxsulluqdan, sosial bəlaların gətirdiyi əsəb və depressiyadan, gələcəklə bağlı ümidsizliklərdən intihar etməsi niyə aktiv, radikal mübarizəyə haqq qazandırmamalıdır?
Dərəbəyliyin miqyası
Bunca rüsvayçılıqdan sonra da Yeni Il ərəfəsində uşaq sadəlövhlüyü ilə Eynullanı buraxacağını gözləyirdik rejimin, amma irtica Eynullaya ayrılan təzminatı da həbs etdi! Lukaşenkoya 200 milyon dolları bir gecənin içində, qanunları eyninə almadan, dövlətin pulunu şəxsi malı hesab edərək borc verə bilən zehniyyət Eynullanın halal haqqı olan 28 min avronu ödəməyə can çəkir. Nə qədər absurddur! Nə qədər komikdir!
Amma daha absurd və komiki də var: Azərbaycanın Avropa Məhkəməsi yanındakı xüsusi nümayəndəsi Çingiz Əsgərovun təzminatın ödənildiyi barədə Ombudsmana yalan məlumat verməsi…
Normal ölkədə bir Ombudsman onunla belə davranılmasını həzm etməz, yeri-yerindən oynadardı. Ancaq bizim Elmira Süleymanovadan “çırt” səsi də yoxdur. Tamam, o, hakimiyyətdən xalqa danışdığı yalanların hesabını soruşacaq gücdə və cəsarətdə deyil, bunu başa düşdük. Bəs bir hakimiyyət nümayəndəsinin onun özünə yalan danışmasına, onun özünü aldatmasına niyə susur Elmira xanım? Necə dözür buna? Necə sinirir bunu?
Baş verənlər bir də ölkədəki dərəbəyliyin miqyasını təsəvvür etmək üçün əhəmiyyətlidir. Demək ki, vəziyyət bizim düşündüyümüzdən də ağır imiş. Biz fikirləşirdik ki, hakimiyyət yalnız xalqı aldatmaqla məşğuldur. Amma sən demə, bunlar bir-birlərinə də yalan danışa bilirlərmiş. Bunlar bir-birlərini də aldadırmışlar. Kim bilir, bəlkə mən bu cümlələri yazdığım dəqiqələrdə Səfər Əbiyev Qarabağın işğaldan azad edildiyi haqqında Ilham Əliyevə məruzə etməklə məşğuldur…
Niyə də olmasın? Yalan həyat tərzinə çevrilibsə, yalan idarəetmə normasına çevrilibsə, hər şey mümkündür.