Mənə bu çətin və tənha vəziyyətimdə kömək edin…
Onun rəngli fotosuna baxanda adamın ürəyi sıxılır. Bədənindən gizilti keçir. Doğrudanmı bu, gerçək şəkildi? Gerçəkdənmi haqqında danışılan Azərbaycan vətəndaşının özüdü?
Yəqin ki, qəzet oxucuları ağ-qara şəkildən o qədər də durumu anlamayıblar. Onun düşdüyü vəziyyətin faciəsi qəzetin saytında verilmiş (azadlıq.info) şəkildə açıq-aydın görükür. Rəngli şəkil dil olub adamla danışır və insanın qanını dondurur. Halbuki bu və bunun kimi yüz minlərlə Azərbaycan vətəndaşının həyat rəngi məhz ağ-qaradı. Di gəl ağ-qara, rəngsiz həyatın məzmunu məhz rəngli şəkillərdə üzə çıxır.
Söhbət Kürdəmir rayonunun Carlı kənd sakini Əhliman Imanverdiyevdən gedir. Onun başına gələn müsibəti həyat yoldaşı Mənsuma Imanverdiyeva “Azadlıq”a yazıb. Hadisəyə üzdən baxanda adi, hər gün Azərbaycanda baş verən on minlərlə hadisədən biridi. Arada nəsə mübahisə baş verib. Mübahisənin motivi haqqında məktubda məlumat verilmir. Kənd sakinləri Səxavət və Azər Abdullayev qardaşları Əhlimanı döyərək aradan çıxıblar. Iki saatdan sonra özünə gələn Əhliman sürünərək evinə gəlib. Onu tanıyandan sonra rayon xəstəxanasına çatdırıblar və həyatı xilas edilib. “Sürünərək”, “tanıyandan sonra”, “həyatı xilas edilib” sözləri bu adi, sıradan davaya yeni, ciddi məzmun verir. Deməli, “döyüblər” sözü burda heç yerinə düşmür. Yenə də hadisənin adi olmayan tərəfini anlamaq üçün qəzetin saytındakı şəklə baxmaq lazım gəlir.
Adamın üzü ya dəhşətli dərəcədə əzilib, tanınmaz hala düşüb; ya da sanki onu dayanmadan üzü üstə yerlə sürüyüblər, üzünün, əlinin dərisi torpaqda gedib. Daha yaxşı təsəvvür eləmək üçün yanaraq üzünü itirmiş adamı xəyalınızda canlandırın. Köynəyi al qan içindədi. Elə bil, üstünə qurbanlıq inəyin boğazından axmış bir vedrə qan tökübsən. Gözləri donuq şəkildə tavana baxır. Ekspertizaya görə, beynində titrəmə, sağ tərəfdən səkkizinci qabırğa sınığı, çənə və dişlərin qırığı, bədən nahiyəsində saysız-hesabsız qaraltılar var.
Həyat yoldaşının yazdığına görə, bundan əvvəl də nəzər dava olub, ancaq qardaşların izahatı alınaraq sərbəst buraxılıb. Məhkəmə isə “yüngül bədən xəsarəti”ylə məhdudlaşıb.
Biz adamın haqlı-haqsız olduğunu bilmirik. Məktubda da bu haqda bir şey deyilmir. Ancaq “az ağır xəsarət” bizə çox tanışdı. Bu maddə ilə milyonlara sahib olmuş hakimlər, müstəntiqlər var…
Lakin məsələ heç də Əhlimanın haqlı olmasıyla bitmir. Olayda adamı dəhşətə gətirən Azərbaycan insanının gəlib çatdığı qəddarlığın dərəcəsidi. Bu vəhşilik aktı belə cinayət faktlarının nə birincisidi, nə sonuncusu. Istər suçlu olsun, istər suçsuz – adamın bu dərəcəyədək döyülməsi, tanınmaz hala salınması artıq yeni azərbaycanlının mahiyyətcə yırtıcıya çevrilməsindən xəbər verir və əgər belə davam edərsə, küçədə bir-birinin ürəyini çıxarıb dişinə çəkənləri, bir-birinin ətini yeyənləri də görəcəyik.
Görəsən insanımızı bu qədər qəddarlaşdıran nədi? Səbəbi dərin metafiziki qatlarda axtararaq baş yormağa dəyməz. Bunu yalnız rejimin vəhşi xislətində, antiinsani təbiətində, insana bir qara qəpik qədər dəyər verilməməsində aramaq lazım. Rejim quduzlaşdıqca onun “dişlədiyi”, ağız seliyindən sıçramış insanlar da quduzlaşır və getdikcə quduzluq kütləvi mərəzə çevrilir. Quduzların müəyyən mərhələdən sonra öz xoşuyla öldüyünü bilirik. Lakin durub quduzun nə vaxt öləcəyini gözləmək də öz quduzluğuna doğru can atmaqdan başqa bir şey deyil…
“Mənə bu çətin və tənha vəziyyətimdə kömək edin”, – Mənsuma xanım qəzetə yazır. Bəs ondan kömək istəyən xalqın laqeydliyi və irticanın əməlləri üzündən ağır günlər keçirən qəzetlərin özünə kim kömək eləyəcək? Hə, belə-belə işlər, əziz xalqımız! Qəzet-filan almayın, oxumayın, sonra sizi tanınmaz hala salsınlar və onda durub qəzetə yazın: “Bu çətin və tənha vəziyyətimdə kömək edin…”.