Adam inana bilmir ki, o vaxtdan 23 il ötüb. O qədər də yubiley sevən və onu təmtəraqla qeyd etməyi xoşlayan adam deyiləm. Amma 23 il mənim də ömrümün bir hissəsidir. Bu illər haqqında nəsə bir söz deməyə çətinlik çəkirəm. Səhvimiz olubmu? Yəqin ki, olub. Lakin həmin səhvləri düz 22 illik müxalifətçilik həyatı ilə, necə deyərlər, yumuşuq.
Bəli, cəmi bir il hakimiyyət və 22 il müxalifətçilik. Başqa ölkələrdə ilk hərəkatlar artıq qalmayıb. Onların yerini yeni siyasi təşkilatlar və partiyalar tutub. Bu mənada AXCP sözün əsl mənasında bəlkə də rekordçudur. Bayram həmişə pafos və təmtəraq, şənlik deməkdir. Mən də bu ənənəni pozmayacam. Rus yazıçıları da deyir ki, bizim hamımız N.Qoqolun “Şinel”indən çıxmışıq. Azərbaycanın əksər partiyalarını da AXC-nin şinelindən çıxmış hesab etmək olar. Təbii ki, heç də hər bir şey xoşbəxt sonluqla bitmir, bu dünyada cəfa da çəkmək lazım gəlir. Hətta cəmi bir il çəkən hakimiyyət də bizim üçün xoşbəxt çağ olmadı. Onda da düşünür və inanırdıq ki, yaxşı günlər hələ bundan sonra gələcək, indi isə işləmək və çalışmaq lazımdır. Lakin o bir ili bizə bağışlamırlar.
Bu yaxınlarda prezident olmağın cəzası haqda yazmışdım. Bir il hakimiyyətdə olmağın da cəzası və günahı bizim bugünkü halımızdır. Biz bir il bu hakimiyyətdəkilərin yolunu və irizini bağlamışıq. Onlar belə hesab edirlər ki, bir il geri düşüblər. Olsun. Biz nə o bir illik hakimiyyətə, nə də 22 illik müxalifətçiliyə görə peşiman deyilik. Səhvlərmizin də əvəzini vermişik, bunu əvvəldə yazdım. Ola bilsin, elə vaxt gələcək ki, bizim necə müxalifətçilik etdiyimiz də müzakirə predmeti olacaq. Bunu da çək-çevir edəcəklər. Mən heç nəyi ideallaşdırmıram. Müxalifətçilik dövrü ilə bağlı da iradlar çoxdur. Bu 22 il olmaya da bilərdi. Amma nə etmək olar? Bunu qəzavü-qədərə pərəstiş kimi qəbul etməyin. Bir məsələ var ki, heç kimi zorla müxalifətdə saxlayamayıblar, hamı bu yolu özü seçib. Bəlkə də 2003-cü ilə qədər təmənna vardı, insanlar nəsə umurdular, indi yalnız təmənnasızlar qalıb. Bu illər ərzində çox adam bizdən ayrıldı. Qürurla, sakit ayrılanlar da oldu, yolunu “o tərəf”dən salanlar da. Hamısı sağ olsun.
Bəli, bu 23 ildə doğmalar və yadlar, özününkülər və başqaları oldu. Buna görə də sağ və salamat olsunlar. Kimi elə bir illik səhvini dərhal, 93-cü ildən sonra düzəltməyə çalışdı, kimi də bunu bir qədər gec etdi. Kimi də bu 23 ili özünü şam kimi əritdi, bu illəri öz həyatı kimi yaşadı. Rəsmən heç kim mükafat və medal almadı. Bəzilərinin mükafatı hökumət kassasına əl uzatmaq oldu. Bu da təbii idi. Sadəcə, mən bir şeyi bağışlaya bilmirəm. 23 ilin birinci ayındaca bir çox adamlar bir ilin sonunu deyirdilər. Mən onu bağışlaya bilmirəm ki, o, yəni sonluq necə deyilmişdisə məhz elə də oldu. Indi nə etmək olar? Bəzi fikirlərim və mülahizələrim həmişə müqavimətlə qarşılanıb. Amma ona öyrəşmişəm. Hamını başa düşməyə çalışıram. Gözəl dərk edirəm ki, bu adamların hamısı bəzi şeyləri heç məndən az bilmirlər. Sadəcə, insanlar bu 23 ili həyatlarının bir hissəsi, özü də əhəmiyyətli hissəsi hesab edirlər. Mən də belə hesab edirəm və heç nəyə görə peşiman deyiləm. Heç başqa cür də ola bilərmi? Zaman yağış kimidir, özü yuyur və cilalayır. Ola bilsin, bir insan kimi bizim çox mühüm saydığımız bir çox detallar sonradan əhəmiyyətini və dəyərini itirəcək, bir ildən də, 22 ildən də tarix üçün yalnız ən əhəmiyyətli və dəyərli şeylər qalacaq. Hətta bir illik hakimiyyətin kimə və necə verilməsi də unudulacaq. Nə qalacaq? Istiqlaliyyət mübarizəsi, demokratiya uğrunda düz 22 illik mücadilə… Azdırmı? Əsla.
Məsəl var, deyirlər ki, inqilab öz balalarını yeyir və inqilabın o tərəfini sonda heç kim xatırlamır. Böyük Fransa inqilabı belə olmadımı? Yadda nə qaldı? Insan və Vətəndaş Haqları Bəyannaməsi və başqa buna bənzər şeylər! Dantonu kim öldürdü, Marat necə öldü, bunların hamısı haşiyə kimi xatırlanır, hətta Robespyerin ölümü arxa plana keçdi! O illəri xatırlayanda hətta gilyotin yada düşmür. Hesab edək ki, bu 19 il bizim üçün də gilyotin olub…