Sənət adamı dediyin bambaşqa. Baxarsan, çox ölgündü, heç nəyə baş qomaz – Əhmədi-biqəm kimi; özünü hər şeyin fövqündə bilir, siyasətə-filana qarışmır, dünyada tək missiyasının sənəti olduğunu düşünür və s. Tez təsirlənərlər, tez özlərindən çıxarlar, əsərlər, coşarlar! Ancaq acıqlarını adəta, arağın-şərabın şüşəsində boğarlar. Dünyadan küskün olarlar, özlərini tənha sayarlar, daima yaradıclıq üçün şəraitin olmadığına dair mütləq bir bəhanə taparlar. Dostoyevskinin “Netoçka Nezvanova”sındakı skripkaçı kimi… O qədər tənha və yalqız ki… hətta adi bir xoş sözdən, sevgili baxışdan heyrətə gələr, gözləri yaşarar, mütəəssir olarlar! O qədər mütəəssir ki, özlərini həmin şəxsə (oxucuya, seyrçiyə, dinləyiciyə) fəda edəcək dərəcəyə qədər gəlib çata bilərlər.
Onların dünyadan istədiyi tək şey – ILHAM! Ilham gəlib sənət adamının əlini sıxdımı, ürəyini oxşadımı… məsələ tamamdır! “Dünyanın xoşbəxti mənəm dünyada!”.
Indi təsəvvür eləyək ki, həmin o əl sıxan, xoş söz deyən, bir şey istəyən kəs padşah ola! Dadaloğlu demişkən: “Fərman padişahın…”. Hələ bu ilham mübtəlalarının əlini sıxan padşahın adı Ilham olunca, fərman Ilham adlı padşahdan gəlincə!.. Təsəvvür eləyin ki, bir böyük dəstə sənət adamı göyün yeddinci qatıyla uçur qatar-qatar! Sənət adamlarının entuziazmının, yəni vəcdinin başqalarından yüksək olduğunu da duruma əlavə etsək, gözümüzün önündə tam bir film canlanacaq. Üstəgəl bu entuziastlar həm də kino adamı olalar. Təxəyyül geniş, kameranın imkanları hüdudsuz…
Rüstəm Ibrahimbəyovun rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar Ittifaqına alternativ və eyni adlı qurumun yaradılması üçün fərmanın icrasına qoşulan sinema adamlarından danışanda gərək ehtiyatlı olasan. Çünki sənət adamı vəcdə gəldimi, qarşılarında durmaq çətin olur. Bir kəlməyə görə səni məhkəməyə verər, şərəf və ləyaqətin təhqir edildiyi üçün təzminat kimi qanını tələb edərlər. Ilhamlanmış sənətçiylə hansısa uyuşdurucudan nəşələnmiş adam arasında az fərq var. Onlarınsa nə yapacağı bəlli olmaz. Ona görə də bu məsələdə qəzetlərə və onların yazarlarına ehtiyatlı olmağı məsləhət görürəm. Mətbuatın, qəzet redaktorlarının sənət adamları ilə məhkəmə çəkişmələrini yada salsaq, əmin olacağıq ki, onlarla məhkəmə çox qəliz olur. Adamın nəfəsini kəsənəcən iddialarından əl götürmürlər.
Bəli, Azərbaycan kinosu böhran içindədi. Heç nə alınmır. Bunun min səbəbi var. Ən əsası isə budur ki, bu filmləri araya-ərsəyə gətirənlər seyrçini inandıra bilmirlər. Başqa şəkildə ifadə eləsəm, aldada bilmirlər. Indi bu alternativ Kino qurumu məsələsində də eyni durumdu – Rüstəm Ibrahimbəyova və onun sədr olduğu quruma asi çıxanlar danışırlar, danışırlar, arqumentlər gətirirlər, əsaslandırmağa çalışırlar, and içirlər, ağu yalayırlar, ancaq heç cür inandıra, aldada bilmirlər ki, bilmirlər. Çünki bu qurumun yaranması üçün fərman verən rejimin özü artıq kimsəni inandıra, aldada bilmir. Eləcə danışır, danışır, üyüdüb tökür. Ama hamı yalanı anlayır. Indi oxucunu inandıra bilməyən asilərin guya Ibrahimbəyovdan ayrılandan sonra kinonu inkişaf etdirəcəyini söyləməsinin arxasında da real heç nə dayanmır. Real olan yalnız hakimiyyətin bundan belə, yəni bu asilikdən sonra onlara vəd etdiyi paradır ki, əvvəla, bunun özü də heç nəyə yaramayacaq, ikincisi də para həmişə yaxşı sənət üçün qaranti deyil. Çünki həyatı film cəhənnəminə çevirmiş rejimlərdə nə yaparsan yap, onun yardımıyla təkcə gözəl film yapa bilməzsən. Zira bu ölkədə bir rejissor, bir ssenarist var. Əsər qəhrəmanının, obrazlarınsa ssenaridən kənar, rejissorun qurğusundan qıraq nəsə eləyə biləcəyinə yalnız avamlar inana bilər. Onların filmə əlavəsi yalnız him-cim, jest və bir neçə aktyor ustalığı elementi ola bilər.
Nə isə. Dedidiym bu ki, biz heç, kinoçıxaranlarımız barı özlərini aldatmağa çalışmasınlar. Bizsə hesab elərik ki, yeni bir Azərbaycan filmi izlədik, bitdi. Heç nəyə inanan olmadı. Sadəcə, Orxan Vəli Kanık demişkən: “Yazık oldu Süleyman Efendiye…”.