Gəncənin unudulmaz ziyalısı Mirzə Abbas Abbaszadə
XIX əsr Azərbaycanda maarifçiliyin və təhslinin inkişafında mühüm xidmətləri olan şəxslərdən biri də Mirzə Abbas Abbaszadədir. Gəncədə elmin və təhsilin yayılmasında böyük rol oynayan Mirzə Abbas yüksək intellektli bir ziyalı olmuşdur. O, 1870-ci ildə Gəncənin Ozan məhəlləsində dünyaya göz açmışdır. Ibtidai təhsilini atasının xüsusi məktəbində almış, daha sonra başqa məktəbdə oxumağa başlamışdır. 1885-ci ildə ibtidai təhsilini başa vuran Mirzə Abbas 1892-ci ilədək Gəncə mədrəsəsində oxumuşdur. Onun dünyagörüşünün formalaşmasında Mirzə Xəlil Şeyxzamanov və Molla Hüseyn Pişnamazzadənin böyük rolu olmuşdur. O burada ərəb, fars və turk dillərinə dərindəm yiyələnmişdir. Aldığı təhsil sayəsində Şərq ədəbiyyatına, Islam mədəniyyətinə dərindən bələd olan Abbaszadə bir il atasının açdığı məktəbdə müəllimlik etmişdir. 1893-cü ildə səyahətə çıxaraq Iranı, Iraqı və Türkiyəni gəzən Mirzə Abbasın dünyagörüşündə böyük inkişaf baş vermişdir.
Gəncə şəhər məktəbində ana dili və şəriət fənlərindən dərs deyən maarifçi, eyni zamanda Gəncədən “Fikir” qəzetinə muxbirlik etməyə başlamışdır. O zaman Gəncə şəhər məktəbində yerli əhalinin arzusu ilə yaşlılar üçün bazar günü və axşam kursları da fəaliyyət göstərirdi. Savadsızlığın aradan qaldırılmasına xidmət edən həmin kurslarda 14 yaşdan 45 yaşa qədər şəhər sakinlərinə M.A.Abbaszadə dərs keçir, onlara əlifbanı pulsuz öyrədirdi.
1896-cı ilin yayında Ömər Faiq Nemanzadənin Gəncəyə gələrək müəyyən müddət burada müəllim işləməsi, M.A.Abbaszadə ilə tanışlığı onun ictimai-siyasi baxışlarına çox böyük müsbət təsir göstərmişdir. Bu tanışlıqdan sonra cəmi iki illik pedaqoji təcrübəsi olan M.A.Abbaszadə xalqı cəhalətdən çıxarmağın yeganə çıxış yolunun maarifçilik və elm olduğuna bir daha inanmışdır. Ömər Faiqlə M.A.Abbaszadənin bu tanışlığı getdikcə dostluğa çevrilmiş və ömrünün sonunadək davam etmişdir.
1898-ci il aprelin 23-də Gəncənin Bağmanlar yaşayış sahəsində əhalinin topladığı vəsait hesabına ilk rus-tatar (Azərbaycan) məktəbi açılmışdır. M.A.Abbaszadə şəhər məktəbindən bu məktəbə keçərək Azərbaycan dili və şəriətdən dərs deməyə başlamışdır. Bu məktəbdə rus və Azərbaycan dilləri qarşılıqlı surətdə öyrədilirdi. Hər iki dil A.O.Çernyayevskinin”Vətən dili” dərslikləri əsasında səs üsulu ilə tədris olunurdu.
Həmin dövrlərdə Rəşid bəy Əfəndiyevin Istanbulda nəşr edilən “Uşaq bağçası” (1898) adlı əlifba kitabı Gəncədə yayılmağa başladı. Bu dərslik öz quruluşu və tərtibatı ilə A.O.Çernyayevskinin “Vətən dili”ndən fərqlənirdi. Bu kitab vasitəsilə ərəb əlifbasını şagirdə 6 aydan az vaxtda öyrətmək mümkün olmadığı halda, “Uşaq bağçası” ilə bu əlifbanı bir ay müddətində öyrətmək mümkün idi.
Fəaliyyətinin əvvəllərindən yeni tipli məktəblərdə çalışması, dövrün Ömər Faiq Nemanzadə, Firudin bəy Köçərli, Aleksey Osipoviç Çernyayevski və Nəriman Nərimanov kimi qabaqcıl ziyalıları, maarifçiləri ilə görüşməsi Abbaszadəni məktəb və maarifçilik naminə səylərini birə-beş artırmağa ruhlandırmışdır.
Mirzə Abbas rus-Azərbaycan məktəbində işləməyə başlayarkən “Birinci il. Əlifba” dərsliyi tərtib edib əlyazma şəklində 1900-cü ildə Gəncədə çap etdirmişdir. Onun hazırladığı kitabdan xəbər tutan cahil mollalar məktəblərə girib hay-küy salmış, onu müəllimlərin, şagirdlərin əllərindən alaraq cırıb atmışlar. Köhnə fikirli bu adamlar Gəncə qubernatoruna donoslar göndərmiş, M.A.Abbaszadəni şübhəli şəxs kimi qələmə vermişlər. Bundan sonra “Birinci il.Əlifba” dərsliyindən müəllimlər gizli istifadə etməyə, müəllif isə təqib olunmağa başladı.
Bu təqiblər 1907-ci ilədək davam etdi. Amma M.A.Abbaszadə yoluna davam edərək, zəruri dərs vəsaitləri hazırlamaq işini buraxmadı.
Məktəblər üçün 7 dəyərli kitab
1901-ci ildə onun çalışdığı məktəbdə qız şöbəsi təşkil edildi. Təhsilli qadın müəllim olmadığından, orada da ana dili və şəriət fənlərini M.A.Abbaszadə tədris edirdi. O, yeni dərslik ehtiyacını nəzərə alaraq “Birinci şöbə üçün şəriət dərsi” və “Ikinci şöbə üçün şəriət dərsi” adlı iki kitab hazırladı.
“Molla Nəsrəddin” jurnalı, Cəmil Məmmədquluzadə və Ömər Faiqlə yaxınlığı Abbaszadəni yeni bir fəaliyyət istiqamətinə yönəltmişdir. 1906-cı il avqustun 15-də Bakıda açılan Azərbaycan müəllimlərinin birinci qurultayına Gəncədən gedən nümayəndələr arasında Bağmanlar rus-Azərbaycan məktəbinin ana dili və şəriət müəllimi Mirzə Abbas Abbaszadə də var idi. Bu qurultay da onun həyatında mühüm rol oynayır. Ikinci qurultayın Gəncədə keçirilməsi haqqında qərardan ruhlanan M.A.Abbaszadə bu istiqamətdə aparılan hazırlıq işlərində böyük həvəslə iştirak edir. Böyük maarifçinin ictimai fəaliyyətinin ən məhsuldar dövrü bundan sonra başlayır.
M.A.Abbaszadə 1907-1908-ci illərdə 7 kitab nəşr etdirmişdir. 1900 və 1901-ci ildə ilk dəfə çap olunmuş və qaragüruhun qəzəbinə tuş gəlmiş “Birinci kitab. Əlifba”, “Ikinci kitab. Qiraət” və şəriət dərslikləri ikinci dəfə çapdan çıxmışdır. Bundan başqa, onun “Türk dili. Qiraət” və “Lətaif” adlı dərs vəsaitləri, bir də “Məşq məcmuəsi” metodik göstərişi nəşr olunmuşdur.
“Məşq məcmuəsi” müəllifin “Birinci kitab. Əlifba” dərsliyindən istifadə edərək səs üsulu ilə Azərbaycan əlifbasını öyrədən müəllimlər üçün metodik göstərişlərdən ibarət bir əsərdir. Müəllim yalnız bu göstərişlər və təlim üsulu əsasında, M.A.Abbaszadənin ifadəsi ilə desək, əvvəlcə məşq etməli idi ki, sadələşdirilmiş əlifbanı uşaqlara düzgün öyrədə bilsin.
O, uzaqgörən bir şəxs kimi ərəb qrafikalı əski Azərbaycan əlifbasını dəyişdirməyin yox, sadələşdirməyin tərəfdarı idi. “Məlumdur ki, ərəb dilinə nisbətən Azərbaycan dilində saitlər çoxdur. Amma bunların bir neçəsi ərəb qrafikasında öz əksini tapmamışdır. Bu da istər-istəməz oxuyanda və yazanda çətinliklər törədirdi. M.A.Abbaszadə məhz bu çətinliyi aradan qaldırmaq üçün islahat apararaq Azərbaycan dilinə məxsus saitləri öz düşüncəsinin məhsulu olan konkret işarələrlə əlifbaya daxil etmişdir. Onun dərsliyinin ”Birinci kitab” adlanan birinci hissəsi hərflərin öyrədilməsi ilə başlayır. Hər bir hərfə aid çəkilmiş şəkillər, sözlərin seçimi uşaqların dərsi asanlıqla qavramasına, yaddaşında saxlamasına və maraq dairəsinin genişlənməsinə imkan yaradır. Öz dövrü üçün böyük əhəmiyyət kəsb edən bu dərslikdə Mirzə Abbas Abbaszadə bir qayda olaraq sadədən mürəkkəbə tələbini gözləmişdir. Hərflər, hecalar, sözlər və cümlələrin düzülüşü, ardıcıllığı, kiçik həcmli mətnlərin əsas məqsədə xidmət etməsi, asan dildə və oxunaqlı olması, hikmətamizliyi kitabın pedaqoji baxımdan dəyərini artırmaqla bərabər, həm də müəllifin pedaqoji məharətindən və ustalığından xəbər verir”(Vikipedia).
M.A.Abbaszadənin əlifba kitabından sonralar Gürcüstan, Kazan, Krım, Türküstan, Istanbul, Qars və Orta Asiyanın təlim Azərbaycan dilində olan məktəblərində də əsas dərslik kimi istifadə edilmişdir. Böyük istiqlal şairi Əhməd Cavad M.A.Abbaszadənin əlifbasını “türk dünyasının birinci əlifbası”, müəllifin özünü isə “əlifba tədrisində tayı-bərabəri olmayan” müəllim adlandırmışdır.
Tarix onu unutdurmadı
1918-ci ildə Xalq Cümhuriyyəti elan olunduqdan sonar qız orta məktəbində işləməsi M.A.Abbaszadənin ən böyük arzularından birinin reallığa çevrilməsi demək idi. O, dərs dediyi qızların qiraət kitablarına tələbatını ödəmək, eləcə də Azərbaycan qadınlarını ictimai-mədəni gerilikdən, mənəvi kasıblıqdan qurtarmaq üçün ilk dəfə 1914-cü ildə çap etdirdiyi “Arvad ağısı” kitabını 1918-ci ildə nəşrə vermişdir. Əlavələrlə 32 səhifədən ibarət bu kitab Qafur Rəşad Mirzəzadənin naşirliyi ilə Bakıda “Məktəb” jurnalının elektrik mətbəəsində çapdan çıxmışdır.
Qırmızı ordu 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdikdən sonra may ayında milli hökuməti bərpa etmək uğrunda Gəncədə üsyan baş verdi. Işğalçı ordu üsyançılara divan tutdu. Böyük ziyalı və maarifçi M.A.Abbaszadə öz evində güllələnərək, bütün varı-yoxu dağıdılıb aparıldı.
Böyük öndər Məmmədəmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində milli hökuməti müdafiə etmək yolunda Azərbaycan qurbanlarının siyahısına Nəsib bəy Yusifbəyli, Fətəlixan Xoyski, Xudadat bəy Rəfibəyli, Firudin bəy Köçərli, Islam bəy Qəbulzadə ilə birlikdə pedaqoji sahədə qiymətli əməyi ilə ad qazanmış Mirzə Abbas Abbaszadənin də adını yazmışdır.
Tarix böyük şəxsləri unutmur. 1989-cu ildə M.A.Abbaszadənin xatirəsi əbədiləşdirilmiş, onun yaşadığı evin divarına xatirə lövhəsi vurulmuşdur. Gəncədəki küçələrdən birinə onun adı verilmiş, Gəncə Dövlət Universitetinin yanında və 20 saylı şəhər orta məktəbinin həyətində büstü qoyulmuşdur. Həmin məktəb də M.A.Abbaszadənin adını daşıyır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir