Qazaxıstanla 5 illik hərbi əməkdaşlıq sazişi imzalanacaq
Qazaxıstan və ABŞ-ın hərbi əməkdaşlığa dair 5 illik plan hazırladığı və tərəflər arasında razılaşmanın gələn ayın əvvəllərində imzalanacağına dair xəbərlər yayılıb. Yayılan məlumatlara görə, Qazaxıstanın müdafiə naziri Adilbek Dujaxsubəyov ABŞ Hərbi Dəniz Qüvvələri komandanlığının müşaviri Rey Mabus ilə hərbi əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşdə Qazaxıstanın bölgədə sülhün qorunması üçün göstərdiyi səylərə diqqət çəkən ABŞ rəsmisi hərbi təhsil, texniki yardım və təcrübə mübadiləsi ilə Qazaxıstan Silahlı Qüvvələrinin modernizasiyasını nəzərdə tutan 5 illik əməkdaşlıq planının həyata keçirilməsinin vacibliyinə toxunub. Qazaxıstanın müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığa müsbət yanaşdığını ABŞ rəsmisinə bildirib.
Ekspertlər bildirir ki, Qazaxıstanla hərbi əməkdaşlıq sazişi ABŞ-ın Orta Asiyaya girməsi məqsədi ilə atılmış strateji addımdır. Bölgədə sabitliyin qorunması və modernizasiyanın sürətləndirilməsində maraqlı olan ABŞ bu yolla Orta Asiyadakı varlığını möhkəmləndirmək məqsədi güdür.