“Mənzillərimiz başqalarına satılıb. Əgər satılmasaydı…”
20 ildir Nərimanov rayonunda yaşayan 100 ailə Mehdiabadda tikilən binaların dam və zirzəmilərinə köçürülür
Nərimanov rayonundakı Balıqçılar Texnikumunun yataqxanasında məskunlaşan məcburi köçkünlər evlərindən çıxarılır. Onları Mehdiabad qəsəbəsində tikilən binalara yerləşdirirlər. Sakinlər isə buna etiraz edir. Onlar deyirlər ki, tikilən binalarda məcburi köçkünlərə verilən evlər ya zirzəmi, ya da damlardır…
Ikinci dəfə köçkün həyatı yaşayanlar…
Ötən gün Bakuvi küçəsi 18 ünvanında yerləşən sözügedən yataqxanaya üz tutduq. Fotoaparatı görən kimi jurnalist olduğumuzu bilən uşaqlar tez böyüklərə xəbər verdilər. Uşaqlardan biri “qaqaş, yazın ki, qaçqınlar yenə qaçqın düşürlər” deyərək səsə çıxan sakinlər arasında gözdən itdi.
Sakinlər deyirlər ki, onların narazılığı ev bölgüsü ilə bağlıdır: “20 ildir burada yaşayırıq. Şəraitimiz acınacaqlıdır. Indi bizi şəhərin ucqar bir yerinə köçürürülər. Buna da etiraz etmirik, ancaq heç olmasa ev bölgüsündə ədalətli olsunlar. Kimə harada gəldi ev verirlər. Binalar məcburi köçkünlər üçün tikilibsə, deməli, bizə çatmalıdır”.
20 ildir yurdlarından didərgin düşənlərin sözlərinə görə, onlara çatacaq mənzilləri başqalarına satıblar: “Bizim mənzillərimiz başqalarına satılıb. Əgər satılmasaydı, hər kəsə normal yerdə ev verərdilər. Zirzəmi və binanın damı yalnız məcburi köçkünlər üçün nəzərdə tutulub? Biz bir dəfə evimizdən olmuşuq, niyə ikinci dəfə haqqımızı əlimizdən alırlar?”.
Söhbət etdiyimiz binanın sakinləri bildirirlər ki, “Qaçqınkom”un sədri Əli Həsənova dəfələrlə müraciət etsələr də heç bir nəticəsi olmayıb: “Hər yerə şikayət etmişik. Ancaq baxan yoxdur. Səsimizi ölkə başçısına çatdırmırlar. Bizə verilən binalarda yaşayış mümkün deyil. Normal şərait yaradılmayıb ki, ora köçək”.
Məcburi köçkünlər onu da qeyd etdilər ki, bu günlərdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yeni tikilən binalara baxış keçirib: “Məlum olub ki, həmin binalara qaz verilməyəcək. Çünki bir otaqlı evin arasını hörüb iki otaqlı adıyla camaata verirlər. Əksər mənzillərdə mətbəx deyilən şey yoxdur. Bir azdan qış gələcək. Qazsız yerdə necə yaşayaq. Hamının evində körpə uşağı var. Uşaqlar donmayacaq?”.
Onlarla heç kim maraqlanmır
Məcburi köçkünlər indiki yaşadıqları mənzillərindən məmnun deyillər: “Buradakı vəziyyətimiz də acınacaqlıdır. Ancaq buna baxmayaraq oradakı şəraitdən daha yaxşıdır. Ən azı qazımız, işığımız var. Qışda soyuqdan donmuruq. Şəhərin mərkəzidir. Hər yerə gedə bilirik. Otaqlarımız böyük olmasa da, indi tikilən binalardan qat-qat böyükdür”.
Sakin Zabella Vəliyeva deyir ki, indiki şəraitdə onlar təzə tikilən binalara gedə bilməzlər: “Nəvəm xəstədir. Tez-tez ”sudurqa”sı tutur. Bu halda mən ailəmlə zirzəmidə necə yaşayım? Gəlib bizimlə maraqlansınlar, görsünlər hansı vəziyyətdə yaşayırıq”.
Başqa bir sakin Pəri Əlvandova bu yaxınlarda əməliyyatdan çıxıb: “Boğazımda şiş vardı, onu kəsdirdim. Indi gəlib deyirlər ki, bizim mənzil zirzəmidə olacaq. Bu vəziyyətdə zirzəmidə necə yaşayım? Havasızlıqdan adam boğulur. Normal bir mənzil versinlər, köçək”.
Sakinlər bildirirlər ki, yaşadıqları 20 illik məcburi köçkünlük həyatı zamanı onlarla maraqlanan olmayıb: “20 ildir bu cür mənzillərdə yaşayırıq. Bizə Heydər Əliyevin vaxtında kəsilən müavinətdən başqa çörək pulu verən yoxdur. O pulun yarısı da işığa, qaza gedir. Nə bayramlarda, nə də başqa bir tədbirlərdə bizi sayan var. Allahın ümidinə qalmışıq. Torpaqlarımız işğal olunanda 5 yaşı olanların indi 25 yaşı var. Əksəriyyəti də işsizdir. Normal iş olsaydı, bizə kömək olsaydı, özümüz ev alardıq. Daha bu cəhənnəmdə yaşamazdıq”.
Göydələnin yanındakı tualet…
Son günlərə qədər binada 100-dən çox ailə yaşayıb. Indi isə yarıdan çoxu köçüb. Demək olar ki, hamısı da Mehdiabad qəsəbəsindəki yeni tikililərə. “Burada elə ailə var ki, 6-7 üzvü var, eləsi də var ki, 4 nəfərdən ibarətdir. Ümumulikdə 500-dən artıq insan bu binada yaşayıb. Hazırda 40 ailə məskunlaşıb. Bir qismi zirzəmi və binanın damında yaşamağa razı olub səssiz getdi, bir qismi dava-dalaşla özünə yaxşı mərtəbələrdə ev aldı, bir qismi isə tanışlıqla, pulla rahat mənzil seçə bildi. Pulu, tanışı olmayanlar köhnə mənzilində qalıb. Məqsədimiz də bizə çatacaq mənzillərin ədalətli bölünməsini tələb etməkdir. Əks halda indiki evlərimizdən çıxan deyilik” – bunu da sakinlər deyir.
Biz sakinlərlə söhbət edən zaman əraziyə Nərimanov Rayon Icra Hakimiyyətinin nümayəndələri də gəldi. Onlar bir-bir mənzillərə baxış keçirib, vətəndaşlarla söhbət edirdi. Icra hakimiyyətinin Qaçqınlar və məçburi köçkünlərlə iş şöbəsinin müdiri Məmmədhüseyn Dadaşov sakinlərin iradlarını qəbul etmədi. Onun sözlərinə görə, mənzillər püşkatma yoluyla paylanılır: “Ikinci, üçüncü, dördüncü, beşinci mərtəbələrdə də sakinlərə mənzillər paylanılır. Kimin bəxtinə nə düşdü”.
“Püşkatma zamanı xəstə olanlar, əməliyyatdan yenicə çıxanlara zirzəmi düşüb, onlar necə yaşayacaqlar” sualına şöbə müdiri: “Bizə müraciət edəcək, onun probleminə baxıb, həll edəcəyik”- cavabını verdi.
Məcburi köçkünlərin yaşadıqları mənzil gözəl görünüşlü olmasa da, şəhərin mərkəzində yerləşir. Istər-istəməz belə bir sual meydana çıxır: “Məcburi köçkünlər köçürüləndən sonra indiki binanın yerində nə tikiləcək?”.
Sən demə, məcburi köçkünlərin burada köçürülməsində Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun əli var. Belə ki, onların yaşadığı binanın arxasında 18 mərtəbəli göydələn tikilib. Bu göz oxşayan bina generala məxsusdur. Yayılan söz-söhbətə görə, Bəylər Əyyubov tikdirdiyi binaya baxış keçirərkən məcburi köçkünlərin yaşadığı yataqxanadan xoşhal olmayıb və binanın qısa zamanda yerlə-yeksan edilməsi əmrini verib. Hətta, deyilənlərə görə, öz göydələniylə müqayisədə 100 köçkünün yaşadığı binanı tualetə bənzədib…
***
Sakinlərdən ayrılırıq. Onlar bilirlər ki, zor gücünə də olsa köçürüləcəklər. Köçməyə də etiraz etmirlər, di gəl ki, normal mənzillə təmin olunmaq istəyirlər. Ona görə iki ayaqlarını bir başmağa dirəyiblər…
Ramin DEKO