Qərb ölkələri Suriya diktatorunu qəbul etməsi üçün Kremlə təzyiqləri artırıb
Suriyada vəziyyətin gərginləşməsi və beynəlxalq birliyin artan təpkisi Bəşər Əsədin seçim imkanlarını daraldıb. Artıq hakimiyyətdən getməsi an məsələsi olan Əsədin hansı ölkəyə sığınacağıyla bağlı iddialar yayılmağa başlayıb.
Əsəd rejiminə açıq dəstəyini davam etdirən Rusiyada bəzi media qurumları Suriya diktatorunun Moskvaya pənah gətirəcəyini yazırlar. Yerli mətbuatın yazdığına görə, Qərb diplomatları Rusiyaya Bəşər Əsədə siyasi sığınacaq verməsi üçün təzyiqlər edir.
Ötən həftə Cenevrədə keçirilən toplantıda Suriyada milli keçid hökumətinin qurulması məsələsində Qərblə razılaşan Rusiyanın hələ ki, Bəşər Əsədə sığınacaq verməmək üçün dirəşdiyi söylənilir. Adının açıqlanmasını istəməyən rusiyalı diplomat “Kommersant” qəzetinə bildirib ki, Qərb ölkələri, xüsusilə də ABŞ Suriya diktatoruna siyasi sığınacaq verilməsi üçün Rusiyanı razı salmağa çalışır.
Suriya rejiminə dəstək vermədiklərini və Qərb ilə bu mövzuda fərqli baxışlarının olmadığına toxunan toxunan Kremlə yaxın mənbə “Biz Əsədi müdafiə etmirik. Suriya rəhbəri zaman udmağa çalışır. Hakimiyyətdə qalma şansı çox aşağıdır. Onun iqtidarı əlində saxlaması ehtimalı 10 faizdir. Biz Suriya müxalifətinə də qarşı deyilik. Biz yalnız Suriyaya xarici müdaxiləyə qarşıyıq”- deyib.