Əsası Gədəbəyin Novbulağından olan süfrə suyuna əhalinin tələbatı var
Azərbaycan bazarında mineral sularla bağlı məsələlər öz aktuallığını saxlayır. Bu sırada “Olaylar” agentliyi “Slavyanka kəndi” adlı suyun saxta çıxdığı barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, Iqtisadi Inkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Masazır qəsəbəsi, Şirvani-100 ünvanında yerləşən “Ulduz-55″ MMC-yə məxsus istehsalat müəssisəsində aparılan yoxlama zamanı həmin suların reseptura olmadan istehsal edildiyi müəyyənləşib. Həmçinin məhsulun etiketində suyun mənbəyi ”Gədəbəy rayonu, Slavyanka kəndi” göstərildiyi halda, onun həmin mənbədən olmadığı, məhsulların isə laborator müayinədən keçirilmədən satıldığı bildirilib.
Bundan başqa, müəssisənin anbarındakı hazır məhsullardan götürülən laborator müayinədə “Gədəbəy Tur” əmtəə nişanlı mineral süfrə sularının tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar, koliformlar aşkarlanıb. Nəticədə istehsala yararsız hesab edilən 894 litr mineral süfrə suları Dövlət Xidməti əməkdaşlarının iştirakıyla qanunvericiliyə müvafiq formada məhv edilib.
“Slavyanka” ilə bağlı bir vaxtlar yaşanan olay hazırda yenə də gündəmə gəlib. Qeyd edək ki, vaxtilə laborator müayinədən sonra istehsalı və satışı qadağan edilən və sonradan yenidən bazara dönən bu mineral su hazırda süfrələrdə doğrudan da bir nömrəli süfrə suyu sayılır. Sıravi vətəndaşların istifadə etməsindən əlavə, hətta rəsmi tədbirlərdə, dövlət səviyyəsində düzənlənən toplantılarda da nazirlərin stolunun üstündə “Slavyanka” görünür. Hamının istifadə etməsinə, özünü bazarda tanıtmasına baxmayaraq, “Slavyanka”nın zaman-zaman nədən hədəfə gəlməsi bizimçün də maraqlıdır.
Bu yöndə apardığımız araşdırma müəyyən məlumatlar əldə etməyimizlə nəticələndi. Etibarlı mənbənin söylədiyinə görə, Bakıda yerləşən sexlər üçün su əvvəllər maşınlarda Gədəbəyin Slavyanka kəndindən gətirilib. Gün ərzində, bəzən də günaşırı 17-20 tonluq su maşınlar Gədəbəydən paytaxta gəlib. Maşınlar Slavyanka kəndindəki Novbulaqdan suyu 5 saat ərzində çəkib. Bundan sonra isə su Bakıya gətirilərək “nerjavik”dən olan çənlərə boşaldılıb. Sexlərdə isə konteynerdə butulkalara doldurularaq qazlı və qazsız şəkildə satışa verilib.
Hazırda isə Gədəbəydə müvafiq təyinatlı zavod tikildiyindən sözügedən bulağın suyu kəmər vasitəsilə zavoda gedir. Orda isə qablaşdırılandan sonra Bakıya göndərilir və müəssisələrdən satışa verilir. Mənbə “Slavyanka-1″in bir vaxtlar ”Slavyanka-2″ və 3 adında da bazara çıxarıldığını xatırladıb. Bu mineral suyun doğrudan da Gədəbəyin həmin kəndindəki bulaqdan gətirildiyini diqqətə çatdıran həmsöhbətimiz onun nədən hədəfə gəldiyinə təəccübünü gizlətmədi. “Bağırsaq çöpləri”nin tapılmasına gəlincə, bu, zaman-zaman kiminsə bazarını bağlamaq və sonradan işi yoluna qoymaq üsullarından biridir ki, dəfələrlə uğurla sınaqdan çıxıb.
Sosial şöbə